Azərbaycan Premyer Liqasının XXXIV turunun “Qəbələ” – “Sabah” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:
– Əvvəlcə, rəqibi təbrik edirəm. Bizdən yaxşı oynadılar. İlk hissədə pis çıxış etdik, oyunçular arasında əlaqə yox idi. İkinci toplara yaxşı reaksiya verməli, topu götürə bilməliyik. Birinci hissənin əvvəlində rəqibi təzyiq altına saldıq. Bura üç xal üçün gəlmişdik, əfsuslar olsun, çox səhvlər etdik və cəzasını çəkdik. İkinci hissəyə də yaxşı başladıq, ancaq qırmızı vərəqədən sonra 10 nəfərlə oynamaq asan olmadı.
– Komanda ardıcıl dörd qələbədən sonra autsayderə uduzdunuz. Komandanın rahatlığa düşdüyü, psixoloji olaraq oyuna hazır olmadığını düşünmürsünüz?
– Bununla razı deyiləm. Həftəboyu uşaqlara xəbərdarlıq edirdim ki, “Qəbələ” yaxşı komandadır. Əllərinə düşən fürsətləri istifadə edə bilmədikləri üçün sonuncudurlar. Rəqibə yaxşı təzyiq edə bilirdik. Amma əfsuslar olsun, böyük səhvlər etdik və uduzduq. Həyat davam edir, ardıcıl dörd oyun qazanmışdıq. Qarşıdakı oyunlara yaxşı hazırlaşmalıyıq.
– David Volkovun yanvarda “Zirə”yə keçmək variantı var idi. Güman ki, yayda bu keçid baş tuta bilər. “Zirə” də sizin avrokuboklar yolunda əsas rəqiblərinizdəndir…
– İyuna kimi müqaviləsi var və 15-20 gün sonra nə olacağını deyə bilmərəm. Komandanı azlıqda qoymaqla böyük səhv etdi.
– Onu cəzalandıracaqsınız?
– Özü özünü cəzalandırdı. Qarşıdakı oyunları buraxacaq.
– Bu məğlubiyyətdən sonra psixoloji durumu toparlamaq olacaq? Qarşıda əsas rəqiblərlə oyunlar var.
– Bəzən udur, bəzən uduzursan. Böyük psixoloji problem olmayacaq. Eyni səviyyədə olan komandaya uduzmuşuq. Bu, futboldur. 4 oyun qələbə qazananda da “Real” deyildik. Məğlubiyyətlər qaçılmazdır. İkinci liqa səviyyəsində komandaya uduzmamışıq. Hədəfimiz var və buna çatmaq üçün çalışmalıyıq.
– Hədəfi olmayan komandalar avrokuboklara oynayanlara problem yaradır, xal qazanır. Necə düşünürsünüz, bu komandalar digər rəqibləri stimullaşdırırmı?
– Dünyanın hər yerində belə şeylər olur. Hansısa komandaya deyə bilmərəm ki, rəqibimizi stimullaşdırmayın.
– “Qəbələ”nin şəraiti haqda nə düşünürsünüz?
– Çox təəccübləndim. Kifayət qədər yaxşı səviyyədə bazaları var. Azərbaycanda ən yaxşı infrastruktura malik komandadırlar.
– Ayaz Quliyevin kapitanlıq sarğısı daşıması nə ilə bağlıdır?
– Mənim seçimim idi. Ayaz da, Cesse Sekidika da buna layiqdir. Tellurun layiq olmadığını demirəm, ancaq bugünkü qərarım belə oldu.
Şahin Cəfərov