“4-cü hakimlər əsəblərimizlə oynayırlar” – Ayxan Abbasov

Azərbaycan Premyer Liqasının VIII turunun “Şamaxı” – “Turan Tovuz” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Maraqlı və gərgin oyun oldu. Belə keçəcəyini gözləyirdik. Çünki rəqib də xal itirmək istəmirdi, biz də evdə uduzmaq niyyətində deyildik. Fərdi səhvlərdən qol buraxandan sonra komandada panika oldu. Bundan sonra üstünlüyü ələ aldıq. Hər rəqibə qarşı oynamağı bacarmalı, çəkinməməliyik. Əlbəttə, qol buraxmaq futbolçulara pis təsir edir. Məncə, meydanda bunu az hiss etdiririk. Növbəti oyuna baxacağıq. Çempionat gərgin keçir. İnşallah, qarşıdakı oyunlara hazırlaşacağıq.

– İkinci hissədə komandada nə baş verdi? Geridən gəlib, oyunu çevirdiniz…
– Demək olar, əvvəldən hazırlaşdığımız rəqibin hücumundan qol buraxdıq. Bundan sonra futbolçular tələsməyə başladı. Sanki oyunun sonuna az qalmış kimi oynayırdılar. Lakin ilk hissənin son 10-15 dəqiqəsində yaxşı oynadıq. Futboldur, yeni komandayıq. Oyunun sonunda da səhv ötürmədən sonra rəqib üzərimizə gəlməyə başladı. Ümumiyyətlə, ikinci hissədə komanda yaxşı təsir bağışladı.

– Hədəf elitada qalmaqdır?
– Bəli.

– Sabiq klublarınız – “Zirə” və “Sumqayıt”a qalib gəlmisiniz. Bu gün də “Turan Tovuz”u məğlub etməyə yaxın idiniz. Prinsipiallıq var?
– Mənim üçün rəqibin fərqi yoxdur. Nə xüsusilik, nə prinsipiallıq var. Hər oyunda qələbə qazanmaq istəyirəm. Bu gün “Turan Tovuz”dakı oyunçuların 90 faizi ilə 2 il işləmişik, rəhbərliklə də yaxşı münasibətimiz var. Ötən mövsüm vacib oyunda “Sumqayıt”a uduzmuşduq. Bəlkə, qələbə olsaydı, avrokuboklarda olardıq.

– Əvvəlki klublarınızda avrokubok hədəfi qoyduğunuz üçün sizinlə yollar ayrılmışdı. “Şamaxı”da hədəfi avrokubok qoysanız, yenə eyni şey olmaz?
– Xeyr, “Şamaxı”da razılaşma zatən bir illikdir. Rəhbərliklə ilk gündən bilirdik ki, çətin olacaq, ancaq inanırdıq. Mübariz komandanı yaradıb, Premyer Liqada qalmaqdır. Bunu bacarsaq, oturub danışacağıq.

– Hakimlik haqda nə düşünürsünüz?
– Tural Qurbanov zəif hakimlik etdi. Çempionatda gənc hakimlər arasında ən perspektivlisidir. Ancaq gərək hakimlər də oyunlarını təhlil etsinlər. Yersiz dayanmalar, vərəqələr olur. Yeni qayda çıxıb, 4-cü hakimləri bizim yanımızda oynadırlar. Yeni sədr gəlsin, sevinək deyirik, amma fərqli qaydalar gəlir. Utanmadan, qorxmadan deyirəm. Meydançada baş verənləri təhlil etmək lazımdır. Bu gün 4-cü hakimlər əsəblərimizlə oynayırlar. İtaliya, İspaniya çempionatlarına baxsınlar, görsünlər, orda nələr edirlər. Xəbərdarlıq etmək lazımdır. Referilər də bilir ki, indi yeni sədr ən çox baş məşqçilərin xətti tapdalamasına baxır. Sanki problemlərimiz elə budur…

Şahin Cəfərov