Azərbaycan Premyer Liqasının XIV turunun “Turan Tovuz” – “Sabah” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Əvvəlcə onu demək istəyirəm ki, biz bura qələbə üçün gəlmişdik. Əfsuslar olsun ki, buna nail olmadıq. Ancaq futbolçularımı təbrik edirəm. Oyunun sonlarında isə qələbə qolunu vurmağa çox yaxın olsaq da bunu edə bilmədik. İkinci hissə başlar-başlamaz qol buraxmağımız işimizi çətinə saldı. Əslində, belə vəziyyətdən çıxmaq asan deyil. Lakin futbolçularım göstərdilər ki, mental cəhətdən daha yaxşıdırlar. Bilirdik ki, bu matç bizim üçün çətin olacaq. Çünki, “Turan Tovuz” fiziki baxımdan çox yaxşı komandadır. İlk yarıda da ikili mübarizələrin bir çoxunda uduzduq.
– Komanda ardıcıl 7 turdur ki, qələbə qazana bilmir. Buna görə də ilk “üçlük”dən çox uzaqlaşırsız. Bu sizdə ciddi narahatlıq yaradır?
– Əlbəttə, bu bizi çox narahat edir. Səhv etmirəmsə, ilk “üçlük”lə aramızda 8 xal fərq var. Bu rəqəm kimi üçün az, kimi üçün də çox görünə bilər. Məsələyə necə yanaşmağınızdan asılıdır. Əslində, bu, özüm üçün də bir çağırışdır. Niyə də xal fərqini azaltmayaq? Qalibiyyət seriyası yaxaladıqdan sonra bu fərqi qapada bilərik. Bizim bu fərqi aradan qaldırmaq üçün isə kifayət qədər keyfiyyətli heyətimiz var. Əlimizdən gələni edəcəyik.
– Heyət və şəraitinə görə “Sabah” çempionatdakı ən ideal klublardan biridir. Amma klub sonuncu qələbəsini sentyabrda qazanıb. Komanda “qara zolağ”a düşüb yoxsa hələ enişdədir? Həmçinin komandanı bu enişdən qurtarmaq üçün nə düşünürsüz?
– Öncə qeyd edim ki, indi enişdə deyilik. Çünki layiq olduğumuz xallardan çox azını toplamışıq. Bunu oyun və performansımızla göstəririk. Lakin bu faktdır ki, lazımi xalları yığa bilmirik. Başqa nə isə deyə bilməyəcəm…
– Elə şanssızlığınızla bağlı nə isə düşünürsüz? Bundan öncəki matçlarda penalti qaçırılması, qol epizodlarını dəyərləndirə bilməmək və s…
– Oyunun taleyini həll etmək üçün bu mövsüm hər oyunda çoxlu fürsətlərimiz oldu. Geriyə baxanda, “Qarabağ”la oyunda 3 qol epizodumuz oldu amma yararlana bilmədik. Həmçinin “Neftçi”ylə oyunda penaltini qaçırtdıq. Futbolda belə hallar baş verə bilər. “Kəpəz”lə oyunda fürsətimiz oldu ki, hesabı 3:1 edək. Amma son saniyələrdə qol buraxdıq. Çoxlu fürsətlərdən yararlana bilməməyimiz bir faktdır.
– Həmişə qeyd edirsiz ki, bu futbolda baş verə bilən şeylərdir…
– Nə deyə bilərəm? Cesse penaltini vura bilməyəndən sonra nə edərdim? Cesse zəhmət olmasa penaltini vurardınmı?
– Təkcə penalti deyil axı…
– Bizlər insanıq. Bu futboldur. “Mançester Siti” də ardıcıl 5 oyundur ki, qalib gələ bilmir.
– Əvvəlki mətbuat konfranslarının birində demişdiz ki, itirdiyimiz xallarla bağlı bir kino çəkmək olar. Həmin kinoda baş rol kim olar?
– Özümüzü elə baş rola qoyardıq. Bu matç xaric, əgər statistikaya baxsaq, 12 real qol şansımız olub ki, biz cəmi 6-nı vurmuşuq. Rəqib sadəcə 4 qol fürsəti yaradıb və biz 8 qol buraxmışıq.
Kamal Səfər