Ölkə kuboku oyunlarının tarixi bilindi

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunun keçiriləcəyi tarixlər bəlli olub.

Futbolpress.az xəbər verir ki, qadın və kişi voleybolçular arasında ölkə kuboku 25 oktyabr-4 noyabr tarixlərində baş tutacaq. Yarışda 6 qadın (“Abşeron”, “Azərreyl”, “Murov Az Terminal”, UNEC, “Milli Aviasiya Akademiyası”, “Gəncə”) və 6 kişi (“Neftçi”, “Azərreyl”, “Murov Az Terminal”, MOİK, “Gənclər”, “Xilasedici”) komandası iştirak edəcək.

Komandalar hərəsində 3 klub olmaqla iki qrupda və bir dövrədə mübarizə aparacaqlar. Oyunlar dairəvi sistemlə keçiriləcək. Qruplarda ilk iki yeri tutacaq kollektivlər pley-offa vəsiqə qazanacaqlar. Daha sonra yarımfinal və final uğrunda qarşılaşmalar baş tutacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları paytaxtla yanaşı, Sumqayıt və Gəncə şəhərləri, Xaçmaz rayonunda da təşkil olunacaq. Yarımfinal və final qarşılaşmaları isə Bakıda GİN-in Voleybol Mərkəzində təşkil ediləcək.

Qadınlar:

A qrupu: “Gəncə”, UNEC, “Azərreyl”
B qrupu: “Abşeron”, “Milli Aviasiya Akademiyası”, “Murov Az Terminal”

Kişilər:

A qrupu: “Gənclər”, “Azərreyl”, “Neftçi”
B qrupu: “Xilasedici”, MOİK, “Murov Az Terminal”