Azərbaycanda futbolun inkişafı məqsədilə son illərdə müəyyən addımlar atılmaqdadır. Aşağı yaş qrupları üzrə yarışların keçirilməsi, klubların akademiyalarının komandalarının beynəlxalq turnirlərə yollanması, bölgələrdə futbolun kütləviləşməsi üçün işləri görülməsi bu istiqamətlərdəndir.
Mütəxəssislərin rəyinə görə, futbolun inkişafının əsas istiqamətləri uşaqlara diqqət və futbol arealının genişləndirilməsidir. Tarix boyu ölkəmizdə adlı-sanlı futbolçular demək olar, rayonlardan – Gəncədən, Tovuzdan, Mingəçevirdən çıxıb. İndi son illərdə bölgələrdə futbolda ciddi canlanma müşahidə edilir.
Azərbaycan Premyer Liqasında 2, I Liqada 5, II Liqada isə 10 bölgə komandası mübarizə aparır. Çempionatlarda idman prinsiplərinin qorunması yarışların rəqabət səviyyəsini artırıb.
II Liqada 5 turdan sonra maksimum nəticə göstərən “Şahdağ Qusar” liderdir. Qusarı təmsil edən iki komandadan biri olan kollektiv (digəri “Qusar”) hər oyunu qələbə ilə başa vurub. Rəqiblərin qapısına 14 qol vuran qusarlılar 2-də buraxıb.
·
Bu mövsümdən II Liqada mübarizə aparan Quba təmsilçisi “Hypers Guba” da uğurlu çıxışı ilə diqqət çəkir. Yeni yaranmasına baxmayaraq, ötən mövsüm Region Liqasında ikinci olan və II Liqaya vəsiqə uğrunda mübarizədən qalib ayrılaraq çempionata qoşulan kollektiv 5 turdan sonra 12 xalla 3-cü pillədə qərarlaşıb.
Çempionatı maraqlı edən amillərdən biri isə vaxtilə Premyer Liqada top qovan, Azərbaycan yığmalarının şərəfini qorumuş Cavid İmamverdiyev, Rahid Əmirquliyev, Nurlan Novruzov, Sabir Allahquliyev kimi oyunçuların burada klublarda oynamasıdır. Təcrübə və keyfiyyətin birləşdiyi məqamda uğurlu nəticələr də sıralanır.
Bu mövsümün diqqət çəkən komandalarından biri də “Göygöl”dür. Bir neçə il böyük futboldan uzaq düşmüş Göygölün komandası ötən ildən II Liqada yarışır. “Göygöl” bu mövsüm çempionatda 5 turdan sonra 7 xal toplayıb və 7-ci pillədədir. “Göygöl” II Liqada təcrübəli futbolçuların olmadığı tək-tük komandalardandır. Buna baxmayaraq, komandanın bu nəticəsi də qənaətbəxş hesab etmək olar. Klubun rəhbəri Surxay Məmmədzadə çempionat haqda təəssüratlarını bölüşdü:
“Çempionat bu il daha maraqlıdır. Komandaların keyfiyyəti artıb. Klubların heyətlərində təcrübəli oyunçular, legionerlər var. İndi hələ 5 tur keçib və yarışla bağlı daha dolğun şey demək olmur. Müəyyən inkişaf strategiyamız var və bunun üzərində çalışırıq. Komandanın nəticələri daha yaxşı olandan sonra artıq bölgədə də futbola maraq, kütləviləşmə artacaq”.
Bölgələrdə çempionat oyunlarına azarkeş marağı da artmaqdadır. Bu, ölkə futbolunun kütləviləşməsinə gətirib çıxaracaq. Xüsusilə, böyük ənənəsi olmayan bölgələrin yenidən peşəkar futbolda təmsil edilməsi müsbət amillərdəndir.
II Liqada mübarizə aparan “Saatlı Araz” klubunun prezidenti Ədalət Abdullayev də çempionatların təşkilinin bölgələrdə futbola faydasının olduğunu qeyd etdi:
“Saatlı rayonu ötən ildən ilk dəfə peşəkar futbolda təmsil olundu. Bu, bölgədə futbolun kütləviləşməsinə böyük fayda verdi. Saatlıda bu idman növü çox sevilir. Sadəcə indi təəssüf ki, imkanlarımız məhduddur və kifayət qədər uğurlu marketinq işi qura bilmirik. İstəyimiz futbola marağı daha artırmaqdır. Ötən il U-15 komandamız var idi. Bunun faydasını gördük və hazırda burdan iki futbolçu əsas komandaya cəlb etmişik. Amma bu il maliyyə imkanlarımız aşağı olduğu üçün U-15-i liqaya çıxara bilmədik. Bunlara baxmayaraq, futbol sevilən və kütləvi idman növüdür. Əhalinin 70 faizi komandaya azarkeşlik edir”.
Korrespondentlərin fikirlərinə əsasən, qeyd etmək olar ki, futbol bölgələrdə kifayət qədər sevilir və maraq var. Azərbaycan idman ölkəsidir və buna qədər futbolda dünya və Avropa arenasında ciddi nailiyyətlər edilməməsinə baxmayaraq, cüdo, güləş, karatedə kifayət qədər uğurlu idmançılar var. Fərdi idman növlərində qazanılan yüksək nəticələrin komanda növlərinə yayılması üçün də əsas kütləviləşmə və diqqətin artırılmasıdır.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.