Azərbaycan Premyer Liqasında III tur başa çatıb.
Üç matçın keçirildiyi turda “Neftçi”, “Kəpəz” və “Səbail” xalsız qalıb. “Turan Tovuz”, “Sabah” və “Sumqayıt” isə aktivinə üç xal yazdırıb.
Kəpəz – Turan Tovuz 0:3
“Kəpəz” mövsümdə üçüncü oyununu da məğlubiyyətlə başa vurdu. Adil Şükürovun rəhbərlik etdiyi kollektiv çempionatda yeganə xalsız komandadır. “Sarı-göylər”in nəticələri biryana, sərgilədikləri oyun da ümid vermir. Heyətdə kifayət qədər yeni ounçular var və uyğunlaşma problemi davam etməkdədir. Gedişat yaxşı görünmür, xüsusilə, baş məşqçi Şükürov üçün…
Sumqayıt – Səbail 2:1
“Sumqayıt” mövsümdə ikinci qələbəsini qazandı. “Kimyaçılar” azarkeşləri önündə son dəqiqələrdə vurduğu qollarla üç xalı aktivinə yazdırdı. “Kimyaçılar”ın nəticəsi yaxşı olsa da, oyun baxımından ötənilki komandaya bənzəmir. Yeni transferlər hələ uyğunlaşmayıb, hazırlıq səviyyələri ürəkaçan deyil. Samir Abasovun kollektivinin vaxta ehtiyacı var və xüsusilə, hücumçu problemi qabarıq şəkildə özünü göstərir.
“Səbail” isə qələbəyə həsrət qalıb. Şahin Diniyevin komandası əzmkarlığı ilə seçilir. Xüsusilə, orta xətt oyunçuları daha aktiv təsir bağışlayır. “Sumqayıt”la görüşdə qol epizodları sayında daha üstün olan “dənizçilər” realizasiya problemi yaşamaqdadır. Ötən mövsüm komandanın bombardiri olan Aleksandr Ramalinqomun yeri doldurulmayıb. Hücumçu problemi aşkardır və bu məsələ həll edilməzsə, qol yollarındakı problemlər daha uzun çəkəcək…
Neftçi – Sabah 0:2
Mövsümə uğursuz start verən “Neftçi”də itkilər davam edir. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv üç turdur, qələbəyə həsrət qalıb. Nəticə bir tərəfə, komandanın ifasında məzmunlu oyun da yoxdur. Gedişat yaxşı görünmür. Mövsümə iddialı başlamaq istəyən komandanın aktivində cəmi iki xal var. Turnir cədvəlində 7-ci pillədə yer ala “Neftçi” lider “Turan Tovuz”dan 5 xal geridir, ehtiyatda bir oyunu olan “Qarabağ” və “Zirə” qələbə qazansa, bu fərq 7-ə yüksələcək. Bu isə öz növbəsində çempionluq arzusunun daha bir mövsüm ertələnməsi mənasına gələcək. Azından bu “Neftçi”nin çempionluq biryana, avrokuboklar üçün oynamağı çətin görünür.
“Sabah” isə mövsümdə ilk qələbəsini qazandı. Konfrans Liqasında İrlandiyanın “Sent Patriks” komandası ilə duellərdən məğlub ayrılan “futuristlər” “Neftçi” qarşısında daha yaxşı göründü. Görünür, baş məşqçi Krunoslav Renduliç “ağ-qaralar”ı yaxşı təhlil etmişdi. Qollar standart vəziyyətdən və əks-hücumdan vuruldu. “Sabah”ın daha bir neçə imkanı olsa da, bəzi epizodlarda qapıçı Rza Cəfərov inamlı oynadı. Hər bir halda, qazanılan qələbə “Sabah”a çətin keçilən periodda hava-su kimi vacib idi.
Şahin Cəfərov