Azərbaycan Premyer Liqasının VI turunun “Araz-Naxçıvan” – “Kəpəz” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirin…
– Gərgin oyun oldu. Oyundan qabaq da uşaqlara konsentarsiya haqda danışmışdıq. Rəqibin necə oynadığını bilirdik. Qol epizodları verməsək də, üstünlük rəqibdə idi. Bizim də qol epizodlarımız oldu. Rəqibi təzyiqdə saxlaya bildik. Bunu daha da çoxaltmaq lazımdır. Gələcək oyunlarda daha da istədiyimiz “Kəpəz” görəcəyik.
– “Kəpəz”də baş məşqçi kimi ilk oyununuz sabiq komandanız “Araz-Naxçıvan”a qarşı idi. Bu oyuna hazırlıq baxımından necə təsir etdi?
– “Araz-Naxçıvan”da işləməyim barədə fikirləşmirdim. Komandamı oyundan-oyuna daha da yaxşılaşdırmağı fikirləşirik. Düşündüyümüz, istədiyimiz oyun tərzini, futbolu sərgiləmək istəyirik.
– Sizə qədər komandada kapitan sarğısını daşımış Vurğun Hüseynovun gedişi nə ilə bağlı idi?
– Onunla qısa dialoqumuz oldu. Məşqlərin birində zədələndi və qərarını verdi. İllərdir ki, Azərbaycan futboluna xidmət edir, əməyi var. Bugünkü situasiyanı görüb, mövsümün gedişində bizə uğurlar arzuladı. Futbolda, amma başqa sahədə çalışmaq istədi. Biz də ona təşəkkür etdik. Meydançada oynaya biləcək hər futbolçu bizim üçün qənimətdir.
– Premyer Liqanın xalsız yeganə komandasız. İndiki vəziyyətdə xallar qazanmaq üçün hansı planlar var?
– Bu gün gördünüz ki, ikinci hissənin sonlarına yaxın meydanın mərkəzində boşluqlar var idi. Bunu dəyişmək üçün gedişlər etməliydik. Amma Valdemar Almeydanın cəzası var idi. Ona görə dəyişiklik edə bilmədik. İnanıram ki, yeni futbolçular qatacağıq “Kəpəz”ə. Artıq Pana gəlib, Dioqonun gəlişi də gözlənilir. O da müdafiədə və orta xəttdə kömək edəcək.
– Rəhbərlik sizə neçə oyun möhlət verib? Sırf neçə oyun xal qazanmasanız, narazılıqlar baş verə bilər?
– Bu, rəhbərliyə yönələcək sualdır. Amma bu gün işə başlamışıq. Bu barədə danışığımız olmayıb. Ancaq inanıram ki, tezliklə xal və ya xallar qazanacağıq.