Şahruddin Məhəmmədəliyevin “Qarabağ”a qayıdışı şahmat gedişi hesab edilməsə də, vəziyyəti şahmat termini ilə ifadə etmək tam uyğun olar – seytnot. Yəni düşünmək üçün vaxt çatışmazlığı…
Amin Ramazanov ağır zədələnəndən sonra yeni kiper transfer Buntiç üçün əvəzləyici tapmağa ya vaxt az idi, ya da bu vəziyyətdən çıxmaq üçün düşünməyə macal. “Atlılar” düşərgəyə doğma Şahruddini çağırdı.
Azarkeşlərdə ona birmənalı münasibət yoxdur. Odur ki, bu xəbərə pozitiv yanaşmayanlar da kifayət qədərdir. Anlamaq olur, azarkeş zehniyyəti…
Ancaq diqqət yetirilməli əsas detal budur ki, Şahruddin əvəzləyici qismində qayıdıb. Bundan da vacib məqam isə o, yerli futbolçu statusunda dəvət oluna biləcək qapıçılar arasında şübhəsiz ki, ən təcrübəli isimdir.
Bu durumda klubu anlamaq olur.
Şahruddin son klubu “Adana Demirspor”dan maliyyə məsələlərinə görə ayrılıb.
Qolkiper ötən mövsümün əvvəlində 900 min avro qarşılığında “Qarabağ”dan Adana klubuna keçmişdi. O, Türkiyə təmsilçisində 25 oyunda 40 qol buraxıb.