Azərbaycanda futbolun bölgələrə siraəti kütləvilik və inkişaf baxımından vacibdir. Son dönəmlərdə aşağı liqalarda iştirak edən bölgə təmsilçilərinin sayının artması müsbət məqamlardandır. İmişlidə, Qaxda, Qubada, Lerikdə, Zaqatalada komandaların yaradılması, regionların peşəkar liqalarda təmsil olunması canlanmaya səbəb olur. Premyer Liqada öndə gedən klublar da seleksiya işlərini bölgələrdə davam etdirir, regionlarda olan uşaqları sıralarına cəlb etməklə inkişafa töhfələrini verir.
Bir neçə il öncə Qəbələdə akademiyada görülən düzgün işlər nəticəsində məhz bu bölgədən çıxan neçə-neçə gənc uşaq indi Premyer Liqa klublarında top qovur, milli komanda səviyyəsinə qədər yüksəliblər. Hazırda maliyyə sıxıntıları səbəbindən bir az durğunluq dövrü keçirən akademiyada problemlərə baxmayaraq, yenə üzə çıxan oyunçular az deyil.
Azərbaycan futbolunda durğunluq dövrünü yaşayan bölgələrdən birincisi isə Gəncədir. Tarix boyu komandaları yüksək liqalarda mübarizə aparmış, ölkə çempionatlarına rəng qatan gəncəlilər indi geridə qalmaqdadır. Əsas komanda Premyer Liqada neçə ildir, ancaq elitada qalmaq savaşı verir. Qarşıda duran əsas maneə isə maliyyədir. Heyətin istənilən səviyyədə qurulmaması digər komandalardan geri qalmağa səbəb olur.
“Kəpəz”in əsas komandası son mövsümü də doğma evi Gəncədən uzaqda keçirdi. Buna səbəb III MDB oyunları üçün Gəncə şəhər stadionunda yenidənqurma işlərinin başlanmasıdır. Bu ilin sonuna kimi layihənin tamamlanması gözlənilir. Komanda Premyer Liqada layiqli mübarizə aparıb, yerini qorusa, növbəti ildən oyunlar Gəncədə keçirilə bilər.
Klubun maliyyə problemləri akademiyaya da təsirsiz ötüşməyib. Martın 1-də Gəncədə yeni akademiyanın açılışı oldu və klubun sərəncamına verildi. Akademiya problemi həll edilsə də, çatışmazlıqlar davam etməkdədir.
“Kəpəz”in akademiyasının rəhbəri Cabir İbrahimov “FutbolPress”ə açıqlamasında maliyyə problemlərinin çətinlik yaratdığını bildirdi:
“Gözəl və müasir akademiya inşa edilib, istifadəyə verilib. Sadəcə yenilik, fərqli fəaliyyət və inkişaf üçün müəyyən maliyyə olmalıdır. Bu da hələ ki yoxdur. Ümid edirik ki, bu problem qısa zamanda həll edilər və diqqətdən kənarda qalmarıq”.
İbrahimov Gəncədə potensiallı uşaqların çox olduğunu qeyd etdi. O, maliyyə məsələlərinin həll olunması ilə yeni istedadların üzə çıxacağını, Azərbaycan futbolunda Gəncə ənənəsinin davam edəcəyini söylədi:
“Kəpəz” köklü klubdur. Adımıza layiq işlər ortaya qoymaq üçün dəstək lazımdır. Maliyyə məsələsi həll olunsa, büdcəyə uyğun addımlar atarıq. Potensiallı uşaqlarımız var, istəyimiz onları üzə çıxarmaq və Azərbaycanda “Kəpəz” ənənəsini davam etdirməkdir”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.