2 tura xal qazanamayanlar – Azərbaycan da siyahıdadır

UEFA Millətlər Liqasında II turun oyunları başa çatıb. Azərbaycan yığması iki matçda da məğlub olaraq, xalsız qalıb. Fernandu Santuşun yetirmələri Bakıda İsveçə 1:3, səfərdə Slovakiyaya isə 0:2 hesabıyla uduzub.

Azərbaycan C Liqasının 1-ci qrupunda xalsızdır və 3-cü pillədə qərarlaşıb. Xalsız olan Estoniya seçməsi isə qol vura bilmədiyi üçün sonuncu sıranı tutub.

C Liqasında 4 qrup üzrə xalı olmayan komandalar bunlardır: Azərbaycan, Estoniya, Litva, Lüksemburq.

Ümumiyyətlə, 4 liqa, 4 qrup üzrə xalı olmayan komandalarsa bunlardır:

A Liqası: Şotlandiya, İsrail, İsveçrə

B Liqası: Ukrayna, Finlandiya, Monteneqro

C Liqası: Azərbaycan, Estoniya, Litva, Lüksemburq

D Liqası: Andorra.

Qonşumuz Gürcüstan yığması isə hər iki oyunda qələbə qazanıb və 6 xalla B Liqasının 1-ci qrupunun lideridir. Gürcülər evlərində Çexiyanı 4:1, səfərdə isə Albaniyanı məğlub edib – 1:0. Ermənistan isə 3 xalla C Liqasının 4-cü qrupunda 2-ci sıradadır. Ermənilər Latviyanı 4:1 hesabıyla məğlub edib, Şimali Makedoniyaya isə 0:2 hesabıyla uduzub.

Millətlər Liqasının növbəti görüşləri oktyabrda keçiriləcək. Azərbaycan millisi oktyabrın 11-də Estoniyanın qonağı olacaq, 14-də isə Bakıda Slovakiya ilə üz-üzə gələcək.

Kamil Əhməd