“Qarabağ” hər kəsin ürəyində yer tapıb”

Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” finalından sonra (2:1) “atlılar”ın prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, funksioner əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– “Qarabağ”ın 6-cı “qızıl dubl”u oldu. Hamını təbrik edirəm. Son dərəcə gərgin matç keçdi. Düşünürdüm ki, oyun əlavə vaxta gedəcək. Rəşad Sadıqov yaxşı komanda qurub, məharəti ortadadır. Çox sevincliyəm. İnşallah, Avropa yolumuzda bu oyun bizə əlavə motivasiya verəcək. Daha məsuliyyətli olub, avrokuboklarda yaxşı çıxış etməyə çalışacağıq.

– “Real”ın çempionluğundan sonra komandanın ÇL-də II təsnifatdan başlamasına səbəb oldu. Bunun müsbət təsiri olacaq?

– Əlbətt, II təsnifatdan başlamağın faydaları olacaq. “Qarabağ” hər kəsin ürəyində yer tapıb. Qurban Qurbanov və oyunçular məsuliyyətə girib, yaxşı nəticələr üçün çalışacaqlar. Hər kəsi sevindirə biləcəyimizə inanırıq.

– “Qarabağ” yeni formatda mərhələ adlaya biləcək?

– Avropada asan oyun yoxdur. Əsas odur, motivasiyamız yüksək olsun. Daxilimizdəki savaşçı ruh bizi istədiyimiz yerlərə aparacaq.

Məlik Məlikov