AFFA İK-nin son iclasında qəbul olunan qərarlar geniş müzakirə edilməkdədir. Yaxşı haldır, çoxluq münasibət bildirir, fikir aktivliyi yaranır.
Görünən odur ki, futbolumuzda nə qədər tənəzzül yaşansa da, soyuq aylarda əksər stadionlar, tribunalar boş qalsa da, insanlar bu sahədən soyumayıb…
Azarkeş amilini təsadüfi qabartmadıq. Aşağıda buna aydınlıq gətirməyə çalışacağıq.
Qərarlardan ən məqbulu, növbəti mövsümdən Premyer Liqada komanda sayının 12-ə çatdırılmasıdır. Futbol ictimaiyyətinin çoxdan gözlədiyi qərar idi. Daha əhəmiyyətli olması ondan ibarətdir ki, əlavə iki komanda hansısa sponsor sayəsində olmayacaq, dövlət dotasiyası hesabına artım baş verəcək. Bunu nəzərə aldıqda, İK-nin verdiyi qərarın səlahiyyətli dövlət qurumları ilə razılaşdırıldığı sezilir. Çünki burada söhbət böyük maliyyədən gedir. Buna qol qoyanlara alqış düşür.
12 komandalı çempionatın hansı formatda keçiriləcəyi də qızğın debatlara yol açıb. Hələ liqanı kim tərk edəcək, hansı komandalar yuxarı qalxacaq, idman prinsipləri pozulacaq, imtiyazlar olacaq və s. kimi suallar dolaşır.
Niyə bu qədər suallar ortaya çıxır? Çünki çıxarılan qərar nəcib və düzgün addım olsa da, ötən yazımızda qeyd etdiyimiz kimi, bəzi qərarlarda natamamlıq var. Bu məsələlər ictimaiyyətin müzakirəsinə çıxarılmalıdır. İşi bilənlər prosesə cəlb edilməli və yanlışlığa yol verilməməlidir.
Niyə bu qənaətə gəlirik?
Dolaşan fikirlərdə “altılıq” sistemi baltalanır. Nəyə əsasən? Axı 12 komandalı çempionatda pley-offlarsız keçinmək mümkünsüzdür və ya çempionatın özü natamam yarışa çevrilə bilər. Düzdü, arqumentlər gətirilir, vaxtilə 12 komandalıq formatda “altılıq” sistemi Azərbaycan futbolunda tətbiq edilib.
Çoxu bunu uğursuz sayır. İkinci “altılığın” formal xarakter almasını, liqanı heç bir komandanın tərk etməməsini göz önünə gətirdikdə, hansı maraqdan, mübarizədən söhbət gedə bilərdi. Problem formatda, sistemdə deyildi, problem futbol sistemini əcaib idarə edənlərdə idi.
Futbolpress.az olaraq 12 komandalı çempionatların bir neçəsini nəzərdən keçirdik. Axtarışlarımızı davam etdirərkən, məlum oldu ki, nəinki 12, 16 komandalı çempionatlarda belə 2 dövrəli mərhələdən sonra müxtəlif formatda pley-off oyunları keçirilir.
Buraya Belçika, Serbiya kimi ölkələr daxildir. UEFA əmsallar cədvəlində 8-ci yerdə qərarlaşan belçikalıların tətbiq etdiyi format azarkeşlərin stadionlara cəlb edilməsində faydalıdır, bundan başqa komandalara əlavə şans verərək idman prinsiplərinin qorunması baxımından üstündür. Mövsüm boyu daha çox oyun keçirən Avropanın “5-lik ölkələri” klubları ilə nisbətən ayaqlaşmaları və nəhayət biznes maraqlarının təmin edilməsi baxımından komandalar iki yox, tutduqları yerlərə görə daha çox qruplara bölünür və bu üst sıralarda rəqabəti və oyunlara marağı pik həddə çatdırır. UEFA klub reytinqində ölkə olaraq ilk “20-liy”i hədəflədiyimiz strategiyaya nəzərən ən uyğun versiyalardan biri sayıla bilər.
Futbol təsərrüfatı Azərbaycana daha yaxın görünən, bu bövsüm avrokuboklara “iyirmilik”də başlayan Serbiyada da 16 komanda 2 dövrədən sonra 2 “səkkizliyə” bölünür və mükafatlar, vəsiqələr uğrunda mübarizəni davam etdirirlər.
Qayıdaq növbəti mövsümdən tətbiq ediləcək 12 komandalıq sistemə.
Azərbaycan futbolu çox vaxt Almaniya, İngiltərə, İspaniya kimi futbol ölkələri ilə müqayisə edilir. İstək, iddia yaxşı şeydir, reallıq isə başqa… Biz heç özümüzü yuxarıda nümunə göstərilən, ərazi, əhali sayında uyğunluq olan Belçika futbolu ilə müqayisə edə bilmərik. Şərtlər, imkanlar müqayisəolunmazdır.
Nümunə üçün 3 ölkəni nəzərinizə çatdıraq:
Macarıstan
UEFA klub reytinqində 24-cü yerdə qərarlaşan Macarıstan elitasında 12 komanda 3 dövrəli sistemlə mübarizə aparır. İdman prinsipləri qorunur, yuxarı yerlər uğrunda mübarizə öz yerində, aşağı liqada da səviyyə uyğunluğu olduğuna görə, son 2 pillədə qərarlaşmamaq üçün savaş gedir. Macarıstanda gənc futbolçuların yetişməsinə, oynadılmasına xüsusi önəm verilir, komandalara əlavə bonuslar ödənilir.
Danimarka
Danimarka Super Liqasında 2016/17 mövsümündən başlayaraq çempionata dair ciddi araşdırmalar, analizlər aparıldıqdan sonra ciddi islahatlar oldu. İlk olaraq 14 komanda 2 dövrədən sonra 3 qrupa bölünürdü: ilk “altılıq”, 7-10 yerlər (bir komandanın avrokuboka vəsiqə uğrunda oynaması şərtilə), 10-14 yerlər isə liqada qalmaq uğrunda mübarizə aparır.
2020/21 mövsümündən Danimarkada 12 komandalıq formata qayıdılıb və ilk dövrədən sonra “altılıq” sistemi tətbiq edilir. Bu sistem güclü komandaların bir-biri ilə qarşılaşması sayını, rəqabəti, səviyyəni artırır və azarkeşlərin tribunalara axışını, marağını təmin edir.
Futbol infrastrukturu yerində olan Danimarka futbola kompleks yanaşmağı ilə seçilir. Bunun sayəsində yerli futbolçular da yetişir, güclü, sabit milli komandaları mövcuddur, daha güclü çempionatlara futbolçu satışını təmin edirlər, UEFA klub reytinqində də artıq ilk “15-lik”də möhkəmlənməyə çalışırlar.
Avstriya
Avstriya Bundesliqası da 12 komandalı sistem tətbiq edir. 2 dövrədən sonra toplanmış xallara əsasən güclülər və zəiflər arasında “altılıq”lar formalaşır. “Altılıq” oyunlarına başlamadan öncə qazanılan xallar yarıbayarı azaldılır (tək rəqəm olarsa, aşağı hədd götürülür, məs. 25 – 12 xal olur).
UEFA klub əmsallar cədvəlində inanılmaz sıçrayışa nail olan avstriyalılar, hazırda 13-cü pillədədirlər və bu da artıq ÇL-də 2 komanda ilə təmsil olunmaq deməkdir. İlk “altılığ”ın 4 komandası tutduqları yerə uyğun, avrokuboklara birbaşa vəsiqəni təmin edirlər. İkinci “altılıq”da 1-2-ci yerləri tutanlar öz aralarında əlavə pley-off görüşündən sonra, ilk “altılığ”ın 5-cisi ilə aralarında avrokuboklara son, 5-ci vəsiqənin sahibini müəyyənləşdirirlər. Liqanı tərk etməyə namizədlər arasında da ölüm-qalım mübarizəsi gedir.
Qeyd olunan və uğur qazanan ölkələrin hamısında komandaların böyük əksəriyyəti paytaxtı deyil, bölgələri təmsil edir və coğrafiya üzrə balans qorunur. Yəni, ölkələr üzrə, bütün regionlar çempionatlarda iştirak edir.
Cəmiyyət arasında reallığa söykənməyən və böyük futbol ölkələri ilə müqayisələr yanlışlığa, hətta analizlərdə onsuz da dibdə olan Azərbaycan futbolunu uçuruma aparmağa sövq edər.
Maarifləndirməyə, ekranlarda bu mövzularda xaotik yox, faktlara söykənən debatlara ehtiyac duyulur. Ölkədə iki idman kanalı var. Bu boşluq aradan qaldırılmalı, xüsusi və davamlı verilişlər efirə getməlidir. Bu işlərdə idman mediası da aktivləşməlidir.
Biz Azərbaycana nisbətən uyğun ölkələri seçib nümunə göstərdik. 3-5 minlik stadionlardan tutmuş, 30-50 minlik arenalara qədər – əsas məqsəd futbolun ölkə üzrə balanslı yayılmasıdır.
UEFA klub reytinqində ilk 15-də möhkəm yerini tutan Avstriyada ortalama azarkeş sayı maksimum 6-7-8 mindir…
Və qayıdaq 15 il əvvələ…
Azərbaycanda da “altılıq” sistemi tətbiq olunurdu. Klublarının Avropa qruplarına yolu elə o sistemin tətbiqindən başladı. İkinci “altılıq” qüsurlu idisə, yuxarıda qərarlaşan komandalar hər tur azarkeşlərə mübariz oyunları ilə sevincli anlar yaşadırdılar. Yenidən göz önünə gətirək: hər tur “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Qəbələ”, “Bakı”, “İnter” öz aralarında oynayırdılar. Hər biri çempionluğa, minimum avrokuboklar uğrunda döyüşə çıxırdılar. Dinamika, indikindən daha əhatəli coğrafiya… Hər oyuna 5-10-15 min azarkeş sayı adi, sıradan rəqəmlər idi. Bu rəqabətin sayəsində “Neftçi”, “Qarabağ”, “Qəbələ” ardıcıl olaraq avrokuboklarda qrup mərhələsinə yüksəldi.
Bütün bunlar hələ AFFA-da futbol idarəçiliyi sistemsizliyinin olduğu illərdə baş verib. Təssəvür edin, bölgə klubları qayıtsa, çoxluq təşkil etsə, 12 komandalıq sistemə daha həssas, yerli şəraiti düşünərək, digər ölkələri də analiz edərək ən optimal format seçilərsə, hansı uğurlar qazanıla bilər.
Həmçinin, yaddan çıxarmayaq, əvvəlki qrup uğurları 6+5, 7+4 limiti ilə qazanılıb. Gələn mövsümdən bu da olmayacaq. Deməli, klublarımız üçün daha böyük imkanlar açılmış olacaq. Görək necə dəyərləndiriləcək…
Kamil Əhməd