“Demək istəyirlər ki, biz də Premyer Liqada oynamağa layiqik”

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.

Millinin keçmiş məşqçisi Arif Əsədov “FutbolPress“ə açıqlamasında matçları dəyərləndirdi:

“Kubokda maraqlı oyunlar oldu. Xüsusilə, Premyer Liqa klublarının bir-biriləri ilə duelləri. “Turan Tovuz” – “Sabah” oyunu (2:2) erkən final kimi idi. Gərgin mübarizə şəraitində keçən oyun oldu. Dinamik gedişləri ilə göz oxşayırdı. Hər iki komanda qələbəyə layiq idi. Sonda “Sabah”ın qələbəsi bir daha göstərdi ki, heyətin genişliyi necə vacibdir. “Turan Tovuz”da isə kasad heyət var. Marandiçinin zədəsi də çox üzücü oldu.

“Zirə” – “Şamaxı” oyununda (3:1) iki fərqli hissə oldu. “Zirə” birinci hissədə qollar vurmaqla böyük üstünlük qurmuşdu. Lakin “Şamaxı” ikinci hissədə bir qol vurandan sonra oyun daha canlandı. Ancaq meydan sahiblərinin üçüncü qolu oyunu bitirdi. “Zirə” yoluna davam edir, “Şamaxı” isə mübarizəsini Premyer Liqada qalmağa yönəltməlidir”.

Mütəxəssis “Qarabağ” və “Neftçi”nin I Liqa klubları ilə duellərə ciddi yanaşdığını bildirdi. O, eyni zamanda aşağı liqada mübarizə aparan oyunçuların çox istəkli olduğunu əlavə etdi:

“Qəbələ” – “Qarabağ” oyunu (0:2) maraqlı alındı. Hamı qonaqları favorit kimi görürdü. “Qarabağ” həm də oyuna əsas heyətlə çıxmışdı və düşünülürdü ki, çox qol vurulacaq. “Qəbələ” rəqibdən çəkinmədi və açıq futbola üstünlük verdilər. Aşağı liqa klubları böyük komandalarla oyunda yaxşı futbola can atırlar.

“Qaradağ-Lökbatan” və “Səbail” (0:2) öz çempionatlarında autsayderdir. “Dənizçilər”də rotasiyalar var idi. İkinci hissədə vurulan qollar oyunun taleyini həll etdi. Birinci yarıda hər iki komanda bərabər oynasa da, “Səbail” daha çox şans yaradan idi.

“Kəpəz” – “İmişli” oyunu (1:0) da çox maraqlı alındı. “İmişli”nin Premyer Liqa iddiası var və buna görə onların oyunu maraqla gözlənilirdi. Komanda strukturlu oyunla “Kəpəz”dən çəkinmədiyini göstərdi. Digər I Liqa komandası MOİK də “Sumqayıt”a qarşı istəkli oynadı. Futbolçular istəyir ki, belə oyunlarda özlərini göstərsinlər. Demək istəyirlər ki, biz də Premyer Liqada oynamağa layiqik. Maraqlı mübarizə olsa da, “Sumqayıt” sonda təcrübəsi və keyfiyyəti hesabına qələbə qazandı (3:1)”.

Vaxtilə “Neftçi”də də işləyən Əsədov “ağ-qaralar”ın “Difai”ni darmadağın (6:0) etməsinə də toxundu:

“Neftçi” “Difai” ilə oyunun aşkar favoriti idi. Samir Abasov az oynayan oyunçulara şans verdi. Lakin hiss olunurdu ki, “Difai”yə ciddi yanaşırlar. Hesab böyük olsa da, “Difai” də pis çıxış etmədi. Düşünürəm ki, “Neftçi” bu oyundan nələrsə götürə biləcək. Vurulan qollar komandaya və oyunçulara inam gətirəcək”.

Şahin Cəfərov