RAUL ABŞ-a GEDİR?
Paylaş:
"Marca" Sadiq kapitanın mövsümün sonunda "Real"dan ayrılacağını xəbər verib 1994-cü ildən peşəkar futbol həyatını Madrid "Real"ına həsr edən, "Kral klubunun" məşhur prezidenti Ramon Kalderonun, "Mən "Real"ı sataram, Raulu satmaram"- deyə, qiymətsiz dəyərləndirdiyi Raul Qonzales indi sevimli komandasından ayrılırmı? Bu haqda İspaniyanın nüfuzlu "Marca" qəzeti xəbər yayıb. Qeyri-rəsmi informasiyaya görə, Raul mövsümün sonunda ABŞ-ın "Red Bulls" klubuna keçəcək: "Cari mövsümdə komandada əsas heyətə az düşdüyünə görə, Raulun növbəti mövsümü ABŞ-da keçirəcəyi inandırıcı görünür. Nyu-Yorkun "Red Bulls" klubunun sadiq kapitanla maraqlandığı deyilir". Qəzet Raulun okeanın o tərəfinə gedəcəyi təqdirdə "Real"dakından çox qazanmayacağını yazıb. Bununla futbolçunun komandasını maddi qazanca görə deyil, daha çox oynamaq istəyiylə dəyişmək niyyətində olduğuna eyham vurulub. Raulun meneceri Qines Karvaxal qəzetə açıqlamasında futbolçunun hər hansısa transfer təklifinin dəyərləndirməsi yalnız "Real"la müqaviləsinin bitməsindən sonra mümkün olacağını deyib. Menecer həmçinin bildirib ki, Raula ABŞ-dan başqa Qətər və İngiltərədən də təklif var. 32 yaşlı futbolçunun klubla müqavilə müddəti 2011-ci ilin iyun ayına qədər olsa da, klubun direktoru Xorxe Valdano əgər hər hansı təklif gələrsə heç bir problem olmayacağını bildirib: "Yalnız Raul bunu haqq edir. O, klubumuza 15 ilini həsr edib, ən böyük uğurlarımızın əsas pay sahibidi. Onun özü qərar verəcək gələcək karyerası haqda. Biz bu qərarı yalnız dəstəkləyəcəyik. Raulun klubumuzdan nə vaxt ayrılacağından aslı olmayaraq, buna görə, möhtəşəm bir vida mərasimi təşkil olunacaq". Xəbərdə "Red Bulls"un Tyerri Anri və Paolo Maldinini də almaq istədiyi vurğulanıb.
| Paylaş: