')

Bu gün:


FutbolPress.Az | "PEŞƏKARLAR" (VIII FƏSİL)

"PEŞƏKARLAR" (VIII FƏSİL)


oxunma sayı: 1622 Paylaş:

Futbol hərracında alver sisteminin abırsızlığı

(VIII Fəsil)

(Fotoda Corc İstxem)


* Girov qoyulan gələcək
* Futbola yox, pula olan ehtiras
* İdman yox, sirk
* Bir daha peşəkar futbolçuların taleyi haqda
* Futbol hərracında alver sisteminin abırsızlığı
* Gələcəyi olmayan həyat
* İstxemin işi

İndi bir çox klublar var qüvvəylə özlərini peşəkarlığın pozğunluqlarından qorunmağa çalışırlar. Oyunçulara özbaşınalıqla maaş verildiyi köhnə sistem dövründə liqanın klublarında 300 peşəkar oynayırdı. İndi onlar təxminən 1500 nəfərdi: bəzilərinə xeyli yüksək maaş verilir, digərləri isə işsizlikdən əzab çəkir.
Futbol liqasındakı 92 klubdan 76-sı banklara, yaxud icarədarlara borcludu. Onlardan yalnız 10-u gəlir əldə edir. "Arsenal", "Liverpul", "Mançester Yunayted", "İpsviç" kimi qabaqcıl klubların əksəriyyəti oyunçulara pul vermək üçün Avropa çempionlarının Kuboku, Kuboklar Kuboku, UEFA Kuboku uğrunda yarışlarda iştirak etməlidi. Oyunçuların orta hesabla cəmisi 23 mindən 28 minədək tamaşaçı toplanan "Nottingem Forest" komandası klubların öz gələcəklərini girov qoymasının parlaq nümunəsidi. Bununla belə bu komanda Trevor Frensisi almaq üçün 1 milyon funt vermib və qapıçı Piter Şiltona həftədə min funt əmək haqqı ödəyir.

Hazırda İngiltərədə tez-tez belə bir sual verilir: oyunçuların komandadan komandaya keçməsinə görə yalnız altı iri klub yüksək maaş və böyük məbləğ ödəməyə qadirdisə və tamaşaçıların böyük əksəriyyətini hələlik onlar cəlb eləyirlərsə, futbol oyununa son qoymağın vaxtı deyilmi? Bunlar "Liverpul", "Arsenal", "Mançester Yunayted", "Mançester Siti" tipli klublardı.
Qeyd etmək lazımdı ki, "çürümə" prosesinin bütün əlamətləri göz qabağındadı. Və ola vilsin ki, futbol oyununun yarandığı keçmiş zamanlarda olduğu kimi ingilis futbolunda yenə də cəmisi bir neçə komanda hakim mövqe tutacaq. Fərq yalnız onda olacaq ki, stadionlardakı həvəskarların sayı televiziya tamaşaçılarının hesabına azalacaq. Pula olan ehtiras ingilis komandalarının oyun keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarıb. Oyunçular əgər klub səviyyəsində yaxşı oyun nümayiş etdirirlərsə, yığma komandada olduqca solğun görünürlər. Burada təəccüblü heç nə yoxdu. Ölkə çempionatlarında komandalar oyunu elə qururlar ki, öz meydanlarında qələbə çalsınlar, rəqib meydanlarında isə müdafiə variantında çıxış etsinlər. Oyunçular peşəkarcasına soyuqqanlı və etinasızdılar. Onlar deyirlər: "Bizim işimiz tamaşaçıları əyləndirmək yox, görüşü, yaxud çempionatı udmaqdı. Biz - peşəkarlarıq".

Qeyd edildiyi kimi, hər bir klub - məhdud pul ödəmə qabiliyyəti olan kompaniyadı. Oyunçulara pulu ingilis hökuməti deyil, məhz o verir və indiyədək onları öz şəxsi mülkiyyəti hesab edir. Və oyunçular bilirlər ki, ölkə çempionatında, Kubok yarışlarında, Avropa miqyaslı turnirlərdə komandalarının müvəffəqiyyəti - onların çörəyidi, qələbəsi isə - həm də yağı, balıdı. Məhz buna görə də İngiltərə yığma komandasının məşqçiləri 1980-81-ci illər mövsümündə "İspviç" və "Liverpul"un oyunçularını cəlb eləməmişdilər, çünki hər iki klubun başı Avropa turnirlərinə qarışmışdı.
1862-ci ildə dünyada ilk futbol assosiasiyasını yaradan o cənabların öz xələfləri barədə nə düşünə biləcəklərini öyrənmək istərdik. Onlar güman edirdilər ki, idman yaradırlar, amma... sirk alındı.

Boyunduruqdan yaxa qurtarmaq üçün oyunçuları mübarizəyə qalxmağa vadar edən qəzəb toxumu İkinci dünya müharibəsindən sonra səpilmişdi.
Frenk Svift, Co Merser, Sten Kullis, Reyç Karter, Tommi Louton, Tom Finni, Sten Mettyüz və başqaları kimi məşhur oyunçular müharibə iştirakçıları olmuşdular. Məsələn, Finni tankçı olmuş, Liviyada və İtaliyada döyüşmüşdü. Müharibədən sonra bu futbolçuların yaşı 25-dən 32-yə qədər idi və onlar artıq klub sahiblərinin muti qulu ola bilməzdilər. Onlar alqı-satqı əşyası olmaq istəmir, öz gələcəklərini özləri həll etməyi arzulayırdılar.
Məhz müharibədən sonra futbol xüsusilə cəlbedici tamaşaya çevrildi. O, yeganə ucuz əyləncə növü idi və oyuna maraq elə böyük idi ki, görüşdə tamaşaçıların sayı 50-60, bəzən hətta 70 minə çatırdı. 1946-cı ilin mart ayında Kubok uğrunda final matçında Sten Mettyüzün oyununa baxmaq həvəsi elə nəhayətsiz idi ki, kütləvi qarışıqlıqda 38 adam həlak oldu. Bu faciədən sonra təhlükəsizlik məqsədilə polis hər bir stadion üçün müəyyən tamaşaçı həddi təyin elədi.
1945-ci ildən 1960-cı ilə qədər olan dövrdə liqanın çərçivəsi daxilində keçirilən oyunlara hər il orta hesabla 20 milyon adam baxıb.
Futbolçular dərhal başa düşdülər ki, onların oyunu böyük mənfəət gətirir. Lakin təəssüf ki, bu pullar nə stadionların təkmilləşdirilməsinə, nə oyunçuların əmək haqqının artırılmasına sərf olunurdu. Futbolçuların başqa kluba keçməsi sistemi, komandaların oyunçuya görə astronomik məbləğlər ödəməsinə gətirib çıxartdı. İdman həvəskarlarının əksəriyyəti pulların bu cür israf olunmasının (elə indi də israf olunur) səbəbini anlaya bilmirdilər. İki kəlimə ilə buna belə cavab vermək olar: bizdə mövcud olan vergi sisteminə müvafiq olaraq stadionun və meydanın təkmilləşdirilməsi daha yüksək gəlir vergisinə aparıb çıxarır, oyunçuların alınmasına sərf olunan pulların üzərinə isə vergi qoyulmur.

Ancaq müharibədən 15 il ötəndən sonra oyunçuların vəziyyəti yaxşılaşmadı. Təzə oyunçu müqavilə bağlayanda müqaviləyə çəkdiyi qola görə 10 funt alırdı, sonra isə onun maaşı ölkədəki əmək haqqının səviyyəsi ilə müəyyənləşdi. Əgər o, "futbol ulduzu" olurdusa və başqa komandaya keçməsi üçün klub deyək ki, 20 min funt alırdısa, bu pullardan oyunçunun özünə heç nə düşmürdü.
Yığma komandada uzun illər Mettyüzün oyundaşı olmuş Reyç Karter bir dəfə mənə dedi: "Hərdən mənə elə gəlir ki, bizlərdən yaşı 35-ə çatan hər bir futbolçunu meydandan kənar edib əziyyətsiz öldürmək daha yaxşı olardı. Futbol - oyundu, amma futbolçu peşəsi, görünür, yeganə şeydi ki, yaş artdıqca ustalıq azalıb zəifləşir. 35 yaşında baramaqları sözə baxmayan və çala bilmədiyi üçün dinləyicilərinə sevinc gətirməyən, yəni öz istedadını nümayiş etdirə bilməyən dahi pianoçunu təsəvvürünüzə gətirin. Peşəkar futbolçular da məhz belə bir faciəni yaşayırlar. Adətən onlar 18 yaşında klub komandalarında oynamağa başlayırlar. Daha qabiliyyətli oyunçular 20 yaşında beynəlxalq görüşlərdə iştirak edirlər. İyirmi səkkiz yaşında onlar artıq bütün suallara cavab verməyi bacaran təcrübəli ustalar sayılırlar. Əgər hər şey öz qaydasında olarsa, onda idman formasını 32-33 yaşlarına qədər mühafizə etmək olar. Bundan sonra üzüaşağı yuvarlanırsan. İldən-ilə hiss edirsən ki, ən gözəl çağların geridədi və onları geri qaytarmaq mümükün deyil. Futbol daim sənin cəhdlərinin zirvəsi olub, bundan siə tam ümidsizlik baş qaldırır, axı istər məşqçi ol, istərsə də menecer, daha nə eləyirsən elə, artıq bu işi heç vaxt ən yüksək səviyyədə futbol oynadığın illərdəki kimi yaxşı, səmərəli yerinə yetirə bilməyəcəksən".

Karterib sözləri peyğəmbərliklə demişdi. Öz karyerasını başa vurandan sonra o, "Xill Siti" komandasının oynayan meneceri oldu və məşhur Con Çarlzın yetişməsinə xeyli köməyi dəydi. Bununla belə Karter heç cürə başa düşə bilmirdi ki, niyə oyunçular topa onun özü kimi nəzarət edə bilmirlər, driblinq və ötürmələrə yiyələnməkdə, yaradıcı futbol oynamaqda çətinlik çəkirlər. Böyük idmançı istedadına malik olmasına baxmayaraq, o, menecer kimi müvəffəqiyyət qazanmadı və bu aləmi tərk edib özü üçün tütün dükanı aldı.

İdman karyerasını tamamlayandan sonra həyatlarını necə quracaqları fikri bir sıra məşhur futbolçular üçün "Fiks ideyasına"çevrilib. Gələcək həyatla görüşə qabaqcadan özlərini hazırlamağa bəzilərinin sağlam düşüncəsi çatırdı. Belə "xoşbəxtlərdən" biri "Preston Nort End" klubunun sol kənar hücumçusu yerində 30 qol vurmuş və Bobbi Çarlton peyda olana qədər İngiltərə yığma komandasında 76 oyun keçirərək ən məhsuldar futbolçusu olmuş Tom Finni idi. Finni 17 yaşında ikən klub ona müqaviləyə qol çəkməyi təklif edəndə atası demişdi: "Bundan heç nə çıxmayacaq. Uşağın peşəsi olmalıdı, çünki yalnız o, gələcəyə zəmanət verə bilər". Finni su kəməri çilingəri oldu və yalnız bundan sonra peşəkar futbolçu müqaviləsinə qol çəkdi. Onun peşəkar futbolçu olan qardaşı Co da elektrik sənətinə yiyələndi. Qardaşlar özlərinin idman karyeraları ərzində işlərini elə qurdular ki, bolluq və firavanlıqla yaşamaq imkanları olsun.
Yığma kopmandanın heyətində 105 oyun keçirmiş onun keçmiş kapitanı Billi Rayt televiziyada prodüser işləyir, futbolçu Cimmi Xill Bi-Bi-Si-nin tanınmış şərhçisi olur. İngilis futbolunun təşkilindəki bir sıra yeniliklərin həyata keçirilməsində mahiyyət etibarilə Xillin zəhməti böyükdü.
Xill güclü oyunçu olub. Amma onu məşhur edən ictimai fəallığı idi. Anadangəlmə natiq olan bu adam həmkarlar ittifaqının fəal xadimi olub. Keçmiş sədr Cim Qutrini vəzifədən götürəndə, idmançıların hüquqları uğrunda tanınmış mübarizəçi hesab edilən Xill, futbolçuların həmkarlar ittifaqının sədri təyin olundu.
Oyunçuların klubdan kluba keçməsi ilə bağlı olan sui-istifadə və fırıldaqçılıq hallarının sayı artmışdı. Mərkəz hücumçularından biri olan Toni Xeytli klubdan kluba keçərkən keçidi üçün klubun ödədiyi məbləğdən öz payı kimi 90 min funt pul almışdı.
Bu cür cinayətlərin qarşısını almaqdan ötrü belə qərara alındı ki, başqa klublara keçməyə özləri xahiş edən oyunçulara qəpik də verilməsin, onu satan kluba isə ümumi məbləğin yalnız 5 faizi ödənilsin. Bu ölçü az şeyi dəyişdi. Əvvəla ona görə ki, fırıldaqların çoxusu "məxfi" yolla edilirdi, ikincisi isə sistemdən istifadə edib xeyli gəlir götürən futbolçularla müqayisədə öz klublarına sadiq qalan oyunçular (məsələn, yalnız "Preston Nort End"də oynayan Tom Finni və 17 yaşından "Mançester Yunayted" komandasında oynayan və heç vaxt onu tərk etməyən Bobbi Çarlton) heç nə almırdılar.

Böyük ümidlər vəd edən mərkəz hücumçusu Klayv Allen milyon funta - öz ustalığını hələ sübut etməli olacaq oyunçuya görə ağlagəlməz dərəcədə yüksək məbləğə - bir klubdan digərinə keçiriləndə bu sistemin həyasızlığı xüsusilə aydın oldu. Keçid 1979-cu ildə baş verdi. Allen bir müddət "Arsenal"da oynadı, 1980-81-ci illər idman mövsümü ərəfəsində isə "Kristal Palas" klubunun yığma komandada bir neçə oyun keçirmiş yeni müdafiəçisi Senson "Arsenal"a yamanca gərək oldu. Yeganə yol oyunçuların dəyişdirilməsi idi. Və budur, Klayv Allen liqa birinciliyində "Arsenal"ın heyətində bir oyun da keçirməmiş təzədən milyon funta başqa kluba ötürüldü. Bir neçə həftənin ərzində iki keçid üçün Allen nə az, nə də çox - 100 min funt aldı!
Alleni heç nəyə görə mühakimə etmək olmaz. Məsələ bundadı ki, klub milyon funt məbləği nadir hallarda nağd verir. Adətən pullar, müəyyən müqaviləyə görə möhlətlə ödənilir. Klubların istədiyi ağlasığmaz qonorar şişirtmələrinə son qoymaq üçün futbol liqası rəhbərliyinin bir çox üzvləri dərhal ödənilməni tələb etdilər.
Futbolçuların klubdan kluba keçidi üçün yeni haqq ödəmə sistemi hüquqi nöqteyi-nəzərdən bəlkə də məna kəsb edir, lakin indi daha çox adam bu nəticəyə gəlir ki, beynəlxalq görüşlərdə İngiltərə yığma komandasının zəif çıxışının və tamaşaçılarda oyuna marağın azalmasının əsas səbəbi məhz bu sistem olub.
Xill inandırıcı şəkildə sübut edirdi ki, futbolçular öz klubları ilə səyahət etmək imkanı əldə etsələr də, böyük populyarlıq qazansalar da, müqavilələrin altına imza atan kimi öz azadlıqlarından məhrum olurlar. Onlar icazəsiz klubu tərk edə bilməzdilər, digər komandaya keçəndə isə klub bu əməliyyat üçün aldığı puldan oyunçuya heç nə vermirdi.
Xill, futbolçular üçün gələcəyin olmadığını söyləyirdi. "Nyukasl Yunayted"in oyunçusu Corc İstxem "Arsenal"a keçmək qərarına gələndə bu problemlər bütün aydınlığı ilə üzə çıxdı. Bu, Mennyonun işinin eyni idi, ancaq bu dəfə həmkarlar ittifaqının və bir milyonçunun maliyyə himayəsindən istifadə edən çoxbilmiş İstxem Ali məhkəməyə müraciət edərək sübuta yetirdi ki, insanı ömürlük iş yerinə bağlayan müqavilələr qeyri-qanunidi.
Buna cavab olaraq futbol liqası bildirdi ki, klublar futbolçulara liqanın qaydalarına, şərtlərinə və dəqiq maaş cədvəlinə müvafiq iş verir. Rəhbərlik bildirdi ki, futbol klubları gəlir əldə etmir və futbolçular müqaviləyə könüllü qol çəkirlər. Əgər oyunçulara öz arzuları ilə klubları dəyişmək hüququ verilsə, onda hərc-mərclik yaranar. Klublar gənc oyunçuları toplayır, məşq etdirir, "ulduzlar" hazırlayırlar. Bütün bunlar onları itirmək üçün edilmir.
İstxemin vəkilləri təsdiq etdilər ki, klub özü ondan üzülüşmək istəməyənədək oyunçunu ömürlük komandaya bağlayan müqavilə, faktiki olaraq futbolçunu qula çevirdiyinə görə qeyri-qanunidi.
Camaat maraqla prosesin gedişini izləyirdi. Peşəkar futbolda oyunçunun ömrü qısa olduğundan camaatın rəğbəti futbolçunun tərəfində idi və adamlar başa düşürdülər ki, öz hüquqları uğrunda futbolu tərk etməyə məcbur olacaqları illərdə normal həyat qurmaq uğrunda mübarizə aparmaq üçün futbolçulara imkan vermək lazımdı.
Öz növbəsində futbol liqasının sahibləri sübut edirdilər ki, onların müqavilələr sistemi oyunçuların mənafeyi naminə tərtib olunub. Onlar buyururdular ki, oyunçular qul deyillər, heç kəs onları müqaviləyə qol çəkməyə məcbur etmir, öz həyat yollarını seçməkdə onlar azaddılar, amma futbolda komanda ruhu zəruridir və buna görə də, guya, liqa bütün futbolçuların bərabər hüquqlu olmalarını və eyni maaşı almalarını təkid edir.
Bədnam alqı-satqı sisteminə gəldikdə isə liqanın müdiriyyətindən olan rəsmi şəxslər bildirirdilər ki, əksər futbolçular ilk müqaviləni 17 yaşında bağladığından onların hazırlanmasına və öyrədilməsinə klublar çoxlu pul sərf etməli olurlar.

Onlar bu minvalla hesab eləyirdilər ki, qoyulmuş vəsaitə görə klubların kompensasiya tələb etmək ixtiyarı var, başqa kluba keçmək üçün alınan pul isə bu cür kompensasiyaya xidmət edir.
Ali məhkəmədə müqavilə sisteminin müdafiəsi üçün böyük məbləğdə pul sərf olunmasına baxmayaraq, futbol liqası prosesi uduzdu və dərhal ingilis futbolunda aləm qarışdı. Yarım əsrdən çox idi ki, bütün peşəkar klublar dəqiq maaş sistemi əsasında qurulmuşdu. Bu yandan isə qəflətən oyunçuların "açıq bazarı" yarandı. Klublar özlərinin bəzi mənafelərini qurban verməyə məcbur olsalar da, alqı-satqı sistemi qorunub saxlanıldı. Başqa cür ola da bilməzdi. İdmana dağıdıcı təsir göstərən bu sistemi saxlamaqdan ötrü klub sahibləri və idman işbazları hər şeyə hazır idilər.

Frenk Teylor - "Peşəkarlar" (1985)
Materialdan istifadə olunsa, "FutbolPress"ə istinad mütləqdi.
Təkrar redaktə: Elçin Cəlilov

(I Fəsil)
(II Fəsil)
(III Fəsil)
(IV Fəsil)
(V Fəsil)
(VI Fəsil)
(VII Fəsil, I hissə)
(VII Fəsil)


oxunma sayı: 1622 | Paylaş:




?>