')

Bu gün:


FutbolPress.Az | "YƏQİN MEYDANA ÇIXARAM DA YAXINLARDA..."

"YƏQİN MEYDANA ÇIXARAM DA YAXINLARDA..."


oxunma sayı: 1541 Paylaş:

Vaqif Cavadovla alınan-alınmayan müsahibə

"Azərbaycanda futbol olmayacaq" kəlməsini son vaxtlar lap tez-tez eşidirəm. Bu barədə hər kəsin öz bildiyi və bilmədiyi şeylər var. Əsas odur ki, insan bildiyini deyəndə, həm özü arxayın, rahat olur, həm də dediyi bir fayda verir.
Bəzən radikal mövqe tutan KİV-ə sərt reaksiya göstərilir. Hər şeyi "qara" görməkdə suçlayırlar. Amma məncə, jurnalist "Bu yaxşıdı" deməməlidi, "Bu, daha yaxşı necə ola bilər" fikrini ifadə etməli, həqiqəti bu firkin üzərində bildirməlidi. Nə yaxşıdı, nə pisdi- buna hər bir fərd öz mövqeyini qeyd-şərtsiz bildirir. Jurnalist mövqe bildirib, fərdin mövqeyinə təsir etməməlidi.
Bu mənada bir çox hadisələrə yanaşmamız çoxlarının rahat həyat tərzinə vəlvələ salır. Amma unutmayaq ki, digərlərinin rahatlığını pozub, öz rahatlığını düşünmək canlılar arasında ən çox insana yaraşmır. Bizim də peşə etikamız buyurur ki, insanlara bu həqiqəti bildirək, vətəndaş olmağı ehtiva edək.
Vaqif Cavadov Hollandiyaya gedəndə buna sevinməyən bir kəsə rast gəlmədim. Təbii prosesdi. İstədiyimiz qədər sevinə bilərik. İrəliyə atılan addım istənilən halda təqdirəlayiqdi. Amma arada fasilə olarkən, işin o biri tərəfini unutmamaq gərək. Cavadov Hollandiyaya gedənədək hansı mənasız həngamələr quruldu, hay-həşir salındı. Yaxşı bunu da normal qəbul edək. Bəs Vaqif "Tvente"də nə edə biləcək? Qoy Azərbaycan KİV-i Vaqifə gül dəstəsi bağışlanılan anı, qarlı havada məşq etdiyi məqamdan və digər mozaik fotoları dərc etməklə işi bitmiş saysın, biz maralanaq görək, real iş nə yerdədi.

- Salam Vaqif, bir-iki suala cavab verməyə vaxtın var?
- Hansı saytdı?
- Fərqi varmı?
- Hə. Var.
- Futbolpress.az saytıdı.
- Sən orda işləyirsən?
- Bəli.
- İnanmıram.
- Quran haqqı, orda işləyirəm.
- Sualını ver.
- Niyə sənə elə gəldi ki, mən yalan danışıram?
- İnandım da. ...Nə sual idi?
- Sualım belədi. Enshededə darıxırsan buralar üçün?
- Bir az darıxıram. Bu da normal bir şeydi. Həmişə darıxacam.
- Hələ heyətə düşməmisən. Problem nədədi?
- Təlim-məşq toplanışında olmamışam. Komanda ilə bir yerdə məşq eləməmişəm. Buna görə.
- Səbəb elə budu?
- Başqa nə olmalı idi ki..?
- Baş məşqçi nə deyir bu barədə?
- İnşallah, buyaxınlarda oynayacağam.
- Bunu baş məşqçi deyir?
- Yəqin meydana çıxacağam da, yaxınlarda...
- Amma sən hələ Bakıda olanda demişdin ki, tezliklə əsas heyətdə oynayacağam.
- Nə vaxt?! Mən elə sözü harda demişəm? Harda yazıblar?
- Niyə belə reaksiya verdin? İnanmırsan buna, əmin deyilsən bacaracağına? Cinayət törətməmisən ki bu sözü deməklə...
- Mən elə deməmişəm.
- Yazılanları sənə göstərməyə imkan olmasa da, "Qarabağ" rəhbərliyinin sənin üçün təşkil etdiyi toplantıda dediyin sözlər xatırladıram. Demişdin ki, mən "Tvente"də sübut edəcəm ki, əsas heyətdə oynamalıyam.
- Mən nə vaxt elə söz demişəm?!
- Deməmisən?
- Sən futbolu bilsən, elə deməzsən. Qardaşım, belə şeydən xoşum gəlmir. Düz yazın, ayıbdı, elə şeylər yazmayın. Mən deməmişəm...
- Məncə, deyib-deməməyində bir faciə yoxdu, amma çox şişirdirsən. Sual acığına gəldi yəqin. Futbolu bilib-bilməməyimin buna nə dəxli?
- Sən deyirsən ki, niyə oynamırsan... Bu başqa söhbətdi axı. Mən də deyirəm ki, hələ formamı bərpa eləməliyəm, ondan sonra oynayaram, inşallah.
- Aha. Bu qədər asan bir şey. Burda cavab verməyə çətin nə var ki. Formanı bərpa eləmədiyin üçün hələlik əsas heyətdə deyilsən. Bunu bayaqdan deyə bilərdin. Amma cavabı indi verirsən. Nədənsə, müsahibənin əvvəlindən əsəbisən.
- Mən əsəbi deyiləm.
- Mən də deyirəm ki, sən futbolçusan, mən jurnalist. Sualıma ya cavab ver, ya da vermə. Məncə, futbolu bilib-bilməməyim barədə qərar verməyin sənin indiyədək normal jurnalistlə az ünsiyyətdə olduğunu göstərir. Futbolu peşəkar bilirsən?
- Qardaşım, "razborka" eləyirik?
- Yox. Mən növbəti sualımı verdim.
- ...Sən necə düşünürsən?
- Yaxşı. Artıq sənin əvəzinə mən cavablar verim: düşünürəm ki, peşəkarsan. Amma maraqlıdı, niyə formanı bərpa eləmədən getmisən komandanın düşərgəsinə? Onda belə çıxır ki, burda formada idin, amma orda həmin forma bəs eləmir...
- Qardaşım, o başqa şeydi, mən nəyə görə oynamıram, bu isə başqa...
- Bunu bayaq dedin.
- Onda get yaz ki, Vaqif ulduz "xəstəliyinə" tutulub, belə istəyir, belə də deyir...
- Bizdə göstəriş qəbul olunmur. Göstəriş verilən jurnalistlər də var, buyur onların yanına. Bizim işimiz odur ki, Azərbaycana sənin haqda öz dilindən dediklərini çatdıraq. Sənin hər anını izləyənlər, maraqlananlar var.
- Mən də deyirəm ki, çalışıram. Yaxın vaxtlarda əsas heyətə düşməyə çalışacağam.
- Bunu indi dedin... Komandaya uyğunlaşma hansı vəziyyətdədi?
- Yaxşıdı. Normal gedir.

P.S. Oxuculardan üzr istəyib, müsahibəyə kiçik şərh vermək istəyirəm. Mən də sizin kimi, düşünürəm ki, niyə belə sərt alındı? Səbəb çox ola bilər, amma ən realı, sizə maraqlıdısa, bildirim ki, Vaqif Cavadov haqda ötən həftə saytımızda verilən iki müxtəlif köşə yazısıdı. Vaqif və digər futbolçular, məşqçilər, klub rəhbərləri, federasiya rəsmiləri və s. futbol mənsubları mətbuatı bu cür dəyərlənirməkdə yanlış etdiklərinin fərqinə varmalıdılar. Haqqında yazılan tənqidə, satiraya, araşdırmaya istədiyin tərzdə münasibət bildirmək mənəvi cəhətdən müzakirə olunmasa da, ən azı bunun normal, hüquqi və digər formalarını bilmək vacibdi. Bu gün istənilən futbol adamı və s. jurnalistlə istədiyi tonda və tərzdə danışacaqsa, suala (guya) cavab verməkdən yayınacaqsa, onda heç vaxtını o jurnalistə sərf eləməsə daha ağıllı iş görmüş olar. Amma unutmayın ki, peşəsinin məsuliyyətini dərk edənlərlə kustar üsullarla danışmaq ağır "fəsadlara" səbəb ola bilər. Bu mənada bir daha diqqətli olmağa, mədəniyyət, etika və qanunu, haqqı tələb elədiyimiz yerdə ilk növbədə, özümüzün bunlara əməl etməyimizin vacib olduğunu dərk etməliyik.
Bizim hamımız üçün bu ölkənin uğuru qürur mənbəyidi, baş ucalığıdı. Amma peşə fəaliyyəti səndən bitərəf olub, insanlara doğrunu göstərməyi tələb edirsə, bunu etməlisən. Biz Vaqif Cavadova layiq olduğu yerə çatmağı arzulayırıq. Və inanırıq ki, hansısa yazıya görə kin-küdurət saxlamağı ona bu nailiyyətləri əldə etməkdə maneçilik törətməyəcək. Biz sadəcə, açıb göstəririk. Qiyməti isə Siz verirsiz...


oxunma sayı: 1541 | Paylaş:




?>