')

Bu gün:


FutbolPress.Az | Al.. tayını

Al.. tayını


oxunma sayı: 1492 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

Dünyanın ən səfeh əhvalatları Azərbaycanda baş verir. Məsələn, xalqımızın yaralı yeri "Qarabağ"ın Vaqif Cavadov üçün təşkil etdiyi keşməkeşli yolasalma mərasimindən xəbəriniz var. Ancaq futbolçu hələ də burdadı və Bakıda sülənir (Yalnız dünən eşitdik ki, gedib).

Altay Əliyevə icazə versən, bunun özündə də bir inkişaf əlaməti tapar. Fərqi yoxdu, Vaqif getdi, getməyib, gedəcək, gedə bilmədi... bununla Azərbaycan idmanına, oradan da futboluna ümumilli liderimizin oğlunun dəstəyinin zəri tökülmür.

Sən hələlik Altaya qulaq as, mən bir-iki kəlmə də salım söhbətin içinə. Bu televiziya aparıcılarından heç olmaz. Elə bil hamısı bir tabaqda yoğrulub, eyni təndirdə bişirilib. Efirdə salamlaşma, xəbər mətnini tamaşaçı üçün monitordan oxuma üsulu, əl-qol jestləri, təbəssüm, ciddilik, lap ciddilik və yenidən boşalma, sonda da sağollaşma- hamısında eyni cür qurulub. İstisna hal var. Deməsəm, səmimiyyətimi, ciddiyətimi inkir-minkir didişdirər. Fərqliliklər müəllifi sayılan Altay yenə də öndədi.

Kim nəfəs dərmədən təminən 40-50-60 və s. saniyə cingiltili samit notu üzərində, efirdə futbol göstərilməsinə baxmayaraq hətta ölkəmizdə stolüstü tennisin inkişafına sərgilənən dövlət qayğısından da bəhs edə bilər? Bunun adı ustalıqdı! Qolun adı.. eee, onun adı Altaydı..!

Bitib-tükənmək bilməyən Altay mövzusunu davam etdirərək deyim ki, jurnalistikada belə bir şey olmasa da, məsləhətdi ki, dərsliklərə salınsın. Gələcəyin idman şərhçisi hələ təhsil alarkən bilməlidi ki, meydanda nə baş verirsə, bunun ona heç bir isti-soyuğu yoxdu, ya lal olub oturmalıdı yerində, ya da Azərbaycan komandası məğlub olanda belə Altay kimi, inkişafdan, demokratik seçkilərdən, azad hakimlikdən, şəffaf ot örtüyündən, uşaq futbolundakı köklü dəyişiklikdən və s. danışmalıdı. Xahiş edirəm, diqqətli olun, çərənnəmək sözüylə danışmaq sözü tamam başqa-başqa şeylərdi...

Şirin xatirələr heç vaxt unudulmur. O baxımdan internet deyəndə ağlına ilk gələn porno videolar olan qırmızısifət boz baş vətənpərvər gənclərin yaxşı xatirindədi: təxminən 3-4 il əvvəl Qazax kinematoqrafiyasının istehsalı olan "Öldüm, ana!!!" filmi yaxın və uzaq xaricdə belə ajiotaj yaratmışdı. Zarafat deyil, Azərbaycanda incəsənətə göstərilən qayğı da zırıltı bir işdi. Xüsusən, kinomuzun deformasiyaya uğradığı bir dövrdə belə nəcib işlə məşğul olmaq adamdan "priçoska" tələb edir. ...Bu məqamda hiss edirəm ki, qardaşımız öz yerində rahat deyil, çalışır ki, kinematoqrafiya, futbol və stolüstü tennis, imkan varsa, ağırlıqqaldırmanı da bir ssenaridə calaşdırıb, yeni İNKİŞAF nəğməsi yazsın. Lakin ordan rejissor qulaqcıqda bu sözləri deyir: "Tez elə, nə durubsan, Braziliya, tfu, lənət şeytana, Azərbaycan Avropa çempionatında möhtəşəm çıxışına davam eləyir. Get mikrofona, reportaja az qalıb. Stolun üstündəki kağızı da unutma. Ordakı yazılanları cümləbəcümlə səsləndir!". Və qardaşımız deyiləni edir: "Budur, futzal üzrə Azərbaycan yığması tarix yazır! (Tarixi yazıq-yazıq eləmişik- E.C.) Avropa çempionatında....... Ümumilli futzal yığmamız üçün hamımız ayaq üstə dua edək, sonra diz çökək yalvaraq ki, ay Allah noolar, yazığın gəlsin bizə, futzalçılarımızı çempion elə, bütün Avropa da bilsin ki, Azərbaycan futzalın vətənidi, bunu bilməsələr, onlara bu həqiqəti sübut edə bilməsək, biz yer üzündən itib-batarıq, məhv olarıq. Prezidentimiz futzala qayğı göstərir, bizim komandada 8 nəfər braziliyalı oynayır, amma nə olsun, elə braziliyalılar da belə götürsək, türkdən əmələ gəlib, onlar da türk oğlu türkdü, elə bütün dünya türkdən türəyib. Noolar ay Allah, eşit mənim səsimi, artıq məndə boğaz qalmadı, cırıldı boğazım...!"

P.S. Altay Əliyevin özünün də tez-tez işlətdiyi bir söz var: kritik qurtarış. Bir az ciddi yanaşsan, ümumiyyətlə, Azərbaycan efir məkanında idman şərhçilərinin və ya aparıcılarının əksəriyyətinin "kritik qurtarışa" ehtiyacı var. Peşəkarlığın tapdalandığı bir şəraitdə hərəsi özünü as sayır, amma vəziyyətləri çox bərbad durumdadı.

P.P.S. Bircə inkişafdan pafoslu danışmağı və az əvvəl qeyd olunduğu kimi, "cingiltili samit notu" üzərində liberası olmasa, elə Altaya min şükür...

Yazarın bütün yazıları

oxunma sayı: 1492 | Paylaş:




?>