"PEŞƏKARLAR" (VII FƏSİL)
Paylaş:
Dumanın o tərəfindəki məşhurluq.. Bəziləri belə hesab edirdilər ki, Qallaxerin faciəsi onun spirtli içkiyə meylinin nəticəsidir. Deyirdilər ki, axı o kasıb ailədən çıxmışdı, təhsili yox idi, yalnız ayaqları ilə "fikirləşirdi", azğın həyat sürürdü, amansız zamanın onu futboldan ayıracağı dar gün üçün pul yığmağı bacarmırdı. Amma onu tanıyanlar isə başqa fikirdə idilər. Onlar bilirdilər ki, ehtiyac hiss etməsinlər deyə Qallaxer həmişə valideynlərinə pul yollayırdı. Və bu adamlar haqlı sual verirdilər: bu cür oyunçuları müdafiə etmək üçün futbol sisteminin özü niyə heç nə eləmir? 60 ildən artıq klublar sahibkarların çaldığı havanı oynayıblar. Indi onların əksəriyyəti yaranmış vəziyyətin öhdəsindən gəlməyi bacarmırlar. Best kitabında yazır ki, bir alkoqolikə özü haqqında danışanda belə cavab alıb: "Təkcə istedad azdır, üstəlik xarakter də lazımdır". Frenk Teylor - "Peşəkarlar" (1985)
Əvvəlki sistemdə hər oyunçu başqalarının nə qədər aldığını bilirdi, çünki kollektiv intizama riayət etmək üçün hamıya eyni maaş verilirdi. Indi isə "ulduzlar" istənilən məbləği tələb edə bilərlər. Çünki arxayındılar ki, əgər tələbləri ödənilməsə, istənilən vaxt başqa kluba keçmək barədə danışıqlar apara bilərlər.
Oyunçuların maddi marağını ödəmək üçün klublar hər cür hiyləyə əl atırdılar. Bəziləri qazanılmış hər xala görə oyunçulara artıq pul verirdilər. Başqaları məhsuldarlğa görə haqq ödəyirdilər. Ölkə çempionatında və ya Kubok yarışlarındakı qələbəyə görə böyük mükafatlar verilirdi. Gəlir gətirən Avropa çempionatlarında və turnirlərdə iştiraka görə pul verilirdi. Stadiona gələn artıq tamaşaçıya görə əlavə pul verən klublar vardı. Belə ki, 20 min tamaşaçı olardısa hər oyunçu əlavə 20 funt alırdı, 40 min tamaşaçı olanda bu rəqəm ikiqat artırdı. Bu cür üsullar və ya onların kombinasiyaları xaosa gətib çıxartdı. Klubların sahibkarları tezliklə belə bir nəticəyə gəldilər ki, onlar artıq oyunçuların tələblərini asanlıqla yerinə yetirmək iqtidarında deyildilər.
Bir çox təcrübəli inzibatçılar başa düşdülər ki, gəlirlərin artmasının yeganə real üsulu - oyunun özünün yaxşılaşmasıdır.
Əgər oyunçular yüksək dərəcəli futbol nümayiş etdirirlərsə, onda matça baxmağa can atan idman həvəskarlarının sayı artacaq və oyunçuların maliyyə tələblərini ödəmək mümkün olacaq. Belə olduqda ilk qolun nə vaxt vurulacağını tapa biləcək tamaşaçılar üçün pullu mükafat nəzərdə tutulan biletlərin satılması kimi bicliklərə əl atmaq lazım gəlməyəcək.
Yeni fikirlər yeni nəticələrə gətirirdi. İndi artıq "ulduzlarla" danışıqlar aparan xüsusi agentlər işə girişdilər (peşəkar boksda, tennisdə və qolfda olduğu kimi). Belə təcrübənin dərhal dayandırılmasını tələb eləyən futbol liqasının rəhbərliyi bu danışıqlara müdaxilə elədi. Lakin agentlərə oyunçuların mənafeyini təmsil etməyi icazə verməmək mümkün deyildi. Mövcud vəziyyət əsl futbol həvəskarlarının artan narahatçılığına səbəb oldu.
Bu sistemin məhv etdiyi ilk görkəmli oyunçulardan biri "Mançester Yunayted" komandasının sol kənar hücumçusu və Şimali İrlandiya yığma komandasının üzvü Corc Best idi.
Şübhə yoxdur ki, Corc dahi futbolçu idi. Hələ yeniyetmə ikən o, Böyük Britaniyanın futbol kumiri oldu. Tanışlarla, agentlərlə və ucuz reklam həvəskarları ilə birlikdə addımbaaddım Bestin ardınca gəzən oğlan və qızlar daim onun evini dövrəyə alırdılar. Corc futboldan, televiziya reklamından, radiodan o qədər çox pul qazanırdı ki, çoxları fəhlə ailəsindən çıxmış sadə oğlanın, Böyük Britaniyada gələcəyin ilk milyonçu-futbolçusu olacağını inamla söyləyirdilər.
Proqnozlar son dərəcə nikbin idi, lakin... əfsus!
1983-cü ildə Corc Best artıq bilmirdi başını necə dolandırsın. Arvadı uşağı da üstünə tullayıb onu tərk elədi. Yalnız ötən günlərin xatirəsi qalırdı: məhəbbət macəraları, "Mançester Yunayted" klubundakı parlaq karyera - o da Best cəmisi 28 yaşında ikən yarımçıq qaldı.
Xyu Qallaxerin tarixçəsi kimi Bestin tarixçəsi məhv olmuş istedad haqqında qəmli povestdir. Bu, hər şeyə nail ola biləcəyini düşünən, əslində isə öz karyerasını içki düşgünləri xəstəxanasında başa vuran idmançı barədə hekayətdir.
Corc Best 1946-cı il mayın 22-də anadan olub. Artıq yeniyetməlik illərində o futbola elə vurulur ki, hətta buna görə məktəbi atır. Bu onun ilk ciddi səhvi idi.
Bir çox illər sonra Corc ABŞ-da oynayan zaman amerikalı jurnalistlər ondan soruşmuşdular ki, futbolu bu cür yaxşı oynamağı harda öyrənib! Onlar belə hesab edirdilər ki, bu cür yüksək ustalığa, topu idarə etməkdə ağlasığmaz qabiliyyətə Best yalnız zəngin təcrübəli və qayğıkeş məşqçilərin rəhbərliyi altında, idman məktəbində nail ola bilərdi. Corc ilk vaxtlar nə cavab verəcəyini bilmir və yalnız qəhqəhə çəkirdi.
"Mən Belfastın küçələrində balaca tennis topu ilə futbol oynaya-oynaya texnikaya yiyələnmişəm. Bizim futbol meydançamız yox idi. Bizdə yalnız bir şey vardı - futbola məhəbbət, amma mən düşünürəm ki, əgər uşaq küçənin nahamar asfaltı üzərində tennis topunu idarə edə bilirdisə, yaxşı futbol meydanında böyük topun öhdəsindən gəlmək onun üçün asan olmalıdır" - deyəndə amerikalılar ona inanmadılar.
Hələ yeniyetmə çağlarında Corc tezliklə bütün dünyanı fəth edəcəyinə şübhə eləmirdi. O yaxşı oxuyurdu və sevimli babasının təkidi ilə klassik məktəbə daxil oldu. Bu məktəbdə futbol oynanılmadığını bildikdə məyus oldu.
Britaniya məktəblərində idman məcburi fəndir. Bəzi məktəblərdə həm futbol, həm də reqbi ilə, digərlərində isə ya yalnız futbol, yaxud da yalnız reqbi oynayırdılar. O da reqbi oynamağa məcbur oldu. Gözəl koordinasiyaya və meydanı görmək qabiliyyətinə malik Corc reqbidə əla oyunçu olsa da, oyun onun xoşuna gəlmirdi.
Sonralar o deyirdi: "Fəhlə oyunu sayılan futbola varlığı ilə bağlı olan fəhlə ailələrindən çıxmış şagirdlərə, məktəb direktorlarının və idman təlimatçılarının orta sinfin nümayəndələrinin oyunu hesab edilən reqbini zorla oynatması məgər ədalətlidirmi?
Best dərsləri buraxmağa başladı. Ovqatları pozulmuş valideynlər direktordan xahiş edirlər ki, Corcu məktəbdən qovmasın, ancaq Corc dediyindən dönmür. Axırda valideynləri güzəştə gedirlər. Corc ona orta təhsil verəcək və bununla da gələcəkdə peşə seçmək üçün imkan yarada biləcək məktəbi tərk edir. Bunun əvəzinə Best müasir orta məktəbə daxil olur. (Təhsil səviyyəsi klassik məktəbə nisbətən aşağı olan təcrübəyə meylli dövlət məktəbi).
Lakin o təhsil barədə heç narahat da olmurdu. Təzə məktəbdə Corc futbol oynayır və özünü xoşbəxt hesab edirdi: "Klassik məktəbdə günlərim belə başa çatdı. Təhsilimi davam etdirmək üçün mən ora qayıda bilərdim. Xeyli dərs buraxdığıma görə bir sinif aşağı. Amma mən dostlarımın oxuduğu və futbol oynadığı adi orta məktəbə daxil oldum. Mən məktəb komandasında, dərslər arasındakı fasilələrdə, gənclərin klubunda oynayırdım... hətta sinifdə də oynadığım vaxt olurdu."
O zamanlar Corc öz balaca boyuna və çəlimsiz bədəninə görə sıxılan təvazökar, qapalı bir uşaqdı.
"Gimnastika komandasında çıxış edəcəyimi biləndə bir neçə gecə yatmadım. Qorxurdum ki, daha boy-buxunlu və iri əələli uşaqlarla müqayisədənecə balaca və zəif olduğumu görəndə qızlar mənə güləcəklər.
Öz dostlarını və qızları Best yalnız bir şeylə heyran qoya bilərdi - futbolla. Artıq çoxdan şalvar geyinən həmyaşıdlarımın yanında mən özümü qısa tumanlı uşq kimi hiss edirdim. Amma futbol meydançasına çıxan kimi bütün həyəcanlarımı unutdum. Burada mənim öz aləmim vardı - topu alırdım, oyuna rəhbərlik edirdim, uzaq məsafəyə dəqiq ötürmə ilə müdafiəni yarırdım, qollar vururdum. Təsəvvürümdə özümü di Stefanoya, Puşkaşa və Finniyə bənzədirdim".
Gənc Bestin ustalığı diqqəti cəlb elədi, amma boyu və cılız bədən quruluşu məşqçiləri çaşdırırdı. Bu səbəbə görə İrlandiyanın "Qlentorn" klubuondan imtina elədi. Ancaq bu klubda ikinci məşqçi Bad Makfarleyn idi. Onun "Oğlancığazlar məmləkəti" adlı xüsusi balaca klubu vardı.
Makfarleyn uşaqları və futbolu sevirdi. O öz uşaqlarını, yoxsulların uşaqlarını tez-tez dəniz sahilinə aparırdı. Səhərlər onlar idman edir, qum üzərində qaçır, bir-birinə kömək edir, özləri üçün səhər yeməyi hazırlayır, qabları yuyurdular, günortalar isə sahil qumları üzərində futbol oynayırdılar. Makfarleyn Basti də öz yanına götürmüşdü. Istirahət günlərinin birində bestin oynadığı 15 yaşlı oğlanların komandası 17 yaşlıların komandasına qalib gəldi, Best özü isə iki qol vurdu. "Mançester Yunayted" komanmdasının agenti Bob Bişopun onun oyununu izlədiyini o zaman Best bilmirdi.
Oyundan sonra Bişop komandanın baş meneceri Matt Basbiyə teleqram göndərdi: "Deyəsən mə sənin üçün dahi tapmışam". Cavab beləydi: "Onu Mançesterə yolla".
... Anası onu çağıranda Corc həmişəki kimi küçədə futbol oynayırdı:
- Bura gəl, Corc səni bir cənab görmək istəyir.
Onu sevimli məşğuliyyətindən ayırdıqlarına görə dilxor olduğunu gizlətməyən Best evə girdi. Evdə o, qarşısına bir fincan çay qoyulmuş tanımadığı kişi gördü. Anasının sevinc yağan sifətindən Best başa düşdü ki, nəsə qeyri-adi bir hadisə baş verib. Ordan-burdan söhbət açandan sonra naməlum adam mətləbə keçdi.
- "Mançester yunayted"də oynamaq istəyirsənmi?
Bestin dili tutuldu. Boyu balaca olduğundan onu "Qlentoran"a qəbul eləməmişdilər, indi isə dünyanın ən məşhur klublarından birinə dəvət edirdilər. Səadətdən Bestin başı gicəlləndi və söhbətin axırını gözləmədən çölə qaçıb çağırdı: - Mən "Mançester Yunayted"də oynayacağam!
Mançesterə gələndə onun cəmisi 15 yaşı vardı və təəccüblü deyildir ki, elə həmin saat da evləri üçün darıxdığını hiss elədi. Böyük şəhər onu qorxuya saldı və Best Belfasta qaçdı. Atası onu danlamadı, əksinə, Basbiyə zəng elədi və onlar ikilikdə Corcu inandırdılar ki, qayıtmaq lazımdır. Basbi artıq başa düşmüşdü ki, Bob Bişop haqlı imiş: o həqiqətən "dahi" tapıhb. Corc qayıtdı. O, həyatda hələ də utancaq olaraq qalırdı, meydanda isə heç kəsdən çəkinmədən inamlı və kamil oyun nümayiş etdirir, həm cəsarətlə hücuma keçir, həm də özündən qat-qat yaşlı və daha təcrübəli oyunçuları aldadırdı. O, nadir, çox incə texnikaya malik idi. Və Basbi bunu dərk edərək, öz məşqçilərinə göstəriş verdi: "Bestin oyun üslubunu dəyişməyə qətiyyən cəhd göstərməyin. Qoy onun istedadı heç bir müdaxilə olmadan inkişaf etsin".
İki il sonra, 1963-cü ilin aprelində Best "Mançester Yunayted"lə müqavil bağladı, sentyabrda isə ilk oyununa buraxıldı. Növbəti oyunda Corc yüksək liqada özünün ilk qolunu vurdu (o zaman onun cəmisi 17 yaşı vardı) və daimi heyətin oyunçusu oldu. Qarşıdan gələn günlər cəzbedici idi, heyrət doğuracaq müvəffəqiyyət vəd edirdi. İlk bir neçə il... elə bellə də oldu. Sonra o birdən dərk etdi ki, qadınların xoşuna gəlir. Best uzun saç və saqqal buraxdı, belə ki, Avropa çempionlarının kuboku uğrunda "Benfika" ilə matçda "Mançester Yunayted" rəqib meydanında portuqaliyalıları 5:1 hesabı ilə darmadağın edərkən, Corcun əla oyununa görə Portuqaliyanın futbol həvəskarları Corcu "El bitl" (böcək) adlandırdılar. Məşhurlaşmaqda olan futbol ulduzu, 1966-cı ildə Yuqoslaviyanın "Servena Zvezda" komandası ilə oyunda dizindən ciddi zədə aldığı zaman ilk uğursuzluqla qarşılaşdı.
Xoşbəxtlikdən cərrahiyyə əməliyyatı müvəffəqiyyətlə keçdi və növbəti mövsümdə Best "Mançester Yunayted"in heyətində 42 oyun keçirib 10 qol vurdu. Həmin il "Mançester Yunayted" ilk dəfə çempionatın qalibi oldu. 1967-68-ci illərin növbəti mövsümündə isə o daha yaxşı çıxış edərək 41 matçda 28 qol vurdu və üstəlik Avropa çempionlarının Kuboku uğrunda turnirdə komandanın qələbəsini təmin etdi. O, Kubok uğrunda keçirdiyi doqquz oyunda üç qol vurdu. Bu, Corc Bestin ulduz ili idi. O, güclülər dəstəsində və Avropa çempionlarının Kuboku uğrunda matçlarda keçirdiyi 50 oyunda 31 qol vurmuşdu ki, bu da kənar hücumçusu üçün heyrətamiz dərəcədə çox idi.
Mən Avropa çempionlarının kuboku uğrunda final oyununda təkbaşına reyd edərək əla qol vurmuş Besti təbrik etmək üçün banketə gəlmişdim. Best gülümsünüb dedi: "Burda mənlik nə var ki, bu bütün komandanın zəhmətidir". Best bir əli ilə gözəl sarışın qızın qolundan tutmuşdu, o biri əlində şampan qədəhi vardı. Var gücünü oyuna sərf edən komandanın kapitanı Bobbi Çarlton banketə gəlməmişdi. Çarlton yataqda istirahət edirdi, Best-rəqs salonunda. Xarakter etibarilə onlar tam bir-birinin əksi idilər. Çarlton öz peşəkar futbolçu karyerasının başağrısız tamamladı, Best isə klubun müdiriyyəti ilə sonsuz çəkişmələrə və məhkəmə dava-dalaşına düçar oldu.
1968-ci ilin yanvarında o, avtomobil qəzasına uğradı, iyulda daha bir bədbəxt hadisə baş verdi, həmin ilin oktyabrında isə onu dava-dalaş üstündə ilk dəfə meydandan qovdular. 1969-cu ildə Best kişi geyimləri satılan kiçik mağaza açdı. Artıq hamıya aydın idi ki, utancaq irland balası azğınlaşıb qadın və içki düşgününə çevrilmişdir.
1970-ci ilin yanvarında topu hakimin əlindən vurub saldığı üçün onu cəzalandırıb dörd həftəliyə oyunlardan kənarlaşdırdılar.və elə o saatdaca onu həftədə 1000 funt məvaciblə kabareyə dəvət elədilər. Əyləncələr məngənəsi Corc Besti artıq öz ağuşuna çəkirdi.. corc cəza müddətini çəkib meydana qayıtdı və futbol assosiasiyasının Kuboku uğrundakı ilk oyunda 6 qol vurdu!
Martda onu baş nazir Harold Uilson qəbul elədi, bir neçə həftə sonra isə hakimin üzünə tüpürdüyünə və üstünə palçıq atdığına görə yenidən meydandan qovuldu.
Futbol qaydalarını pozduqdan, meydanda kobudluq etməkdən başqa digər qanun pozğunluqlarına da yol verdi... Sürəti artırdığına və küçə hərəkəti qaydalarının pozduğuna görə onun polislə xoşagəlməz toqquşmaları oldu.
1971-ci ildə oyun qaydalarını ciddi surətdə pozduğuna görə Best rekord məbləğdə - 250 funt cərimə olundu və altı həftəliyə cəzalandırıldı. Məşqlərə gəlmədiyinə görə bir neçə gündən sonra cəza müddətini bir həftə də artırdılar. Lakin meydandakı kobudluq və idman rejiminin pozulması davam etməkdəydi.
Həmin ilin mayında Best futbolu tərk etdiyini bildirdi, lakin iyunda qərarını dəyişdi və yenidən "Mançester Yunayted"də oynamağa razılıq verdi.
1974-cü ildə komandanın heyətində sonuncu oyununu oynadı. 17 yaşlı yeniyetmənin bu klubda oynamağa başladığı vaxtdan on bir il keçmişdi. Onun nalayiq hərəkətləri artıq hamını boğaza yığmışdı. Ömrünün bu puç illərini xatırlayan Best yazırdı ki, qısa müddətdə səsli-küylü əhlikeflər məskəninə çevrilən münasib yeməkxana tapmışdı: "Bu yer mənim ikinci evim oldu. Mən orada çox gecələmişdim. Qızarmış gözlərlə ayılanda ciddi məşq barədə heç düşünmək iqtidarında deyildim".
Bəli, əyalətdən gəlib böyük idmanın gözqamaşdırıcı, pullu aləminə düşən cavan oğlan dözə bilmədi və şirnikib yolunu azdı.
"Bir dəfə mən, - Best xatırlayır, - mərcə girib araq dolu bütün butulkanı içdim..."
Qızğın həyat əbədi davam edə bilməz.
"Mançester Yunayted" artıq əvvəlki müvəffəqiyyətlə irəliləmirdi. Bobbi Çarlton futbolla vidalaşmağa hazırlaşırdı, Dennis Lounun yaşı öz işini görürdü və nəhayət, Matt Basbi də menecer vəzifəsindən getmişdi. Müdrik Basbi Besti nəzarət altında saxlaya bilirdi, yeni menecerlərin isə buna gücü çatmırdı. Best qəlbən xeyirxah adam idi, amma o, başıyla yox, ürəyi ilə yaşayırdı.
O zaman Bestə elə gəlirdi ki, ingilis lordu həyatı sürür. Bütün cavan, subay futbolçular kimi o, ilk illər Mançesterdə, sahibə Fulleuey xalanın sadə evində yaşayırdı. Mərhəmətli qadın bir çox gənc futbolçulara analarını vəzə edirdi və Best onun yanında özünü lap evdə olduğu kimi hiss edirdi. Lakin sonra əlinə çoxlu pul gəldi və Best qərara aldı ki, öz şöhrətinə müvafiq ev qurmalıdır.
Təzə evdə hər şey vardı: müasir mətbəx, məsafədən idarə olunan televizoprlar, yalnız ocaq, ailə yox idi.
Bu, "Bitlz" ansamblınıbın hökmranlıq etdiyi pop-qruplar dövrü idi, idmanda isə öz başına pərəstişkarlar dəstəsi yığan bu cür kumir, bədbəxtlikdən Corc Best oldu. Cah-cəlallı ev Best üçün qaranlıq və dərin girdaba çevrildi. Məhz buradakı kef məclisləri "Mançester Yunayted"in o zamankı meneceri Frenk Ferreli məcbur etdi ki, Besti Fulleuey xalanın evinə qaytarsın. Best razılaşdı, amma bunun da xeyri olmadı. O içməyə davam etdi və tezliklə alkoqolik oldu. Maraqlıdır ki, müəyyən müddət Bestlə birlikdə Fulleuey xalanın evində yaşamış onun ən yaxın dostu məşhur futbolçu Peddi Krirand Corcun heç bir şeydə günahı olmadığını, onun öz ürəyitəmizliyinin qurbanı olduğunu indiyədək israr edir. İçki düşkünü olan Best, şöhrəti üçün borclu olduğu adamların əksəriyyətini unutdu. O, valideynləri ilə əlaqəni itirdi və öz borclarının, problemlərinin içində çaşıb qalaraq olara köməyini kəsdi. Bütün bunlar yaman acınacaqlı qurtardı. Bestin anası oğlunun müvəffəqiyyətləri ilə fəxr edir və təbiidir ki, camaat arasında onu bacardığı qədər müdafiə eləyirdi. Besti müdafiə eləmək isə asan iş deyildi. Ziyafətlərin birində Bestin anasına naməlum qadın yaxınlaşıb soruşmuşdu: "Siz Corc Bestin anasısınız?" Təsdiqedici cavab alan qadın qəzəblə qışqırmışdır: "Sizin oğlunuz - İrlandiyaya ləkədir!"
Corc Best bu haqda heç nə bilmirdi. O onu da bilmirdi ki, atası başqa fəhlələrlə tətil edəndə evdə pulları yox idi. O, anasının spirtli içkiyə meylli olduğundan da xəbərsiz idi. Arvad eynən oğlu kimi nə etdiyini başa düşmürdü.
Karyerası süqut edəndə Bekkenbauer və Pele kimi Best də sədaətini ABŞ-da axtarır. Və 1978-ci ilin oktyabrında anasının ürək tutmasından vəfat etdiyi xəbərini alır. Atası işdə imiş və evdə heç kəs olmayıb.
Gec də olsa vicdanı ona əzab verməyə başlayır. Anasının ölümü Best üçün ağır zərbə olur. Axı anasının ölümündən cəmisi bir neçə həftə əvvəl o Avropada idi və ata-anasını görməyə heç vaxt da tapmamışdı... Amma gec idi. Xalasının kədər dolu sözlərini Best bu günədək xatırlayır: "Corc, əgər sən tez-tez evdə olsaydın, bu hadisə baş verməzdi..." Elə özü kimi anası da Bestin öyüb keçən şöhrətinin və dövlətinin qurbanı oldu.
Sual olunur: kimdir müqəssir? Nə üçün istedadlı gənc futbolçulara xeyli "müftə" pul almaq imkanı verən sistem, onların tərbiyəsi, yaxud müdafiəsi üçün heç nə nəzərdə tutmur.
Bu barədə Best özü görün nə deyir: "Klubların müdiriyyəti gənclərin tərbiyəsi ilə heç olmasa azacıq məşğul olmalı və gələcəkdə onları nə gözlədiyini xəbərdar etməlidir. Cavan futbolçu elə fikirləşir ki, hər şeyi bilir, əslində isə o heç nə bilmir. Maliyyə məsələlərinə gəldikdə isə futbolçuların əksəriyyəti ya hesabdan zəifdir, ya da bu haqda ciddi düşünmək üçün həddindən artıq tənbəldir. Onlara elə gəlir ki, firavanlıqları əbədidir. Onların hamısı bu kimi işlərdə püxtələşmiş fırıldaqçıların tez ələ gələn ovuna çevrilirlər. Belə bir hərifin gənc futbolçuya yaxınlaşıb bu sözləri deməsi kifayətdi: "Mən sənin işlərinlə məşğul olaram. Gələcəkdə futbolla vidalaşanda əməlli-başlı qazanc əldə eləmək üçün sənin pullarını necə yerbəyer eləməyin əlverişli olduğunu mən bilirəm." Daha bir neçə şirnikləşdirici vədlər verilir və cavan adam razılaşıb heç bir şey anlamadığı kağızlara qol çəkir. Nəticədə pulun çox hissəsini möhtəkilər alır, futbolçu isə tamamilə onların toruna düşür. Məsələni dərk etməyə başlayanda isə gec olur. Sənə yalnız ucuz meyxanalarda öz karyeranın parıltısı və zahiri bərbəzəyi barədə xatirələrə dalaraq keçmiş günlərlə yaşamaq qalır."
Bestə haqq qazandırmaq lazımdır. Kitabında o özü haqqında açıq və amansızcasına danışır. əyyaşlıq Bestin təkcə istedadını məhv etməmiş, həm də xarakterini korlamışdı. 70-ci illərin əvvəllərində klubların əksəriyyətinin oyun üslubu kəskin dəyişmidi. O zaman güclü oyunçular çoxlu pul alırdılar və onlar üçün oyunda ən başlıcası nəticə idi.
Belə ki, oyunun əhəmiyyəti yox idi, nəyin bahasına olursa olsun qol vurmağa çalışırdılar.
Və budur, oyunundan tamaşaçıların böyük ləzzət aldığı Best, doğma komandası daha çox dağıdıcı oyuna meyl eləyib müdafiəyə çəkiləndə, təsadüf nəticəsində qol vuracağına kor-koranə ümid bəsləyərək bütün görüş ərzində meydanın mərkəzində dayanmağa adət elədi. Təbiidir ki, bu vəziyyətdə Best rəqib komandanın müdafiəçiləri üçün əsas hədəf oldu. Təkcə 1970-ci il mövsümündə onu meydandan döörd dəfə qovmuşdular.
Jurnalistlər onun haqqında, özünün çılğın irland temperamentini cilovlaya bilməyən xuliqan kimi yazmağa başladılar.
Ancaq bu, heç də belə deyildi. Axı, rəqib müdafiəçilər Besti "sındırmaq" üçün nə oyunlardan çıxmırdılar ki?!
"Adətən ikinci hissəyə mənim artıq nə gücüm çatırdı, nə də hövsələm. Ayağıma o qədər təöik ilişdirirdilər ki, dözümümə özüm də təəccüblənirdim. Elə anlar olurdu ki, məni boğaza yığırdılar və daha dözə bilməyib partlayırdım. Qan sızan topuqlarıma hakimin baxması kifayət idi ki, işin nə yerdə olduğunu başa düşsün. əsl xuliqanlar təpiyi gilicə vurur və həmişə də cəzadan məharətlə can qurtarırdılar"
Bir dəfə Bobbi Çarlton Besti belə xarakterizə etmişdi: "Corc Best dahi futbolçudur. Amma onun bədbəxtliyi marafnda iştirak edən sprinter olmasıdır".
Çarlton nəyi nəzərdə tuturdu? Böyük futbolun zirvəsində qalmaq üçün şəxsi intizam özünü hər şeydən məhrum etmə dərəcəsinə qədər çatmalıdır. Özünə heç bir üzgörənlik göstərməməli, yüksək fiziki hazırlığı saxlamağı bacarmalı və bu sistemi olduğu kimi qəbul etməyi öyrənməlisən.
Bütün bunlar Bestdə çatışmırdı. Ama neyləyəsən ki, o nə birinci idi, nə də axırıncı...
Amerikada o, xeyli matçda oynadı, lakin axır ki, spirtli içkilər öz işini gördü. Arvadı onu atdı. Düzdür o, sonra qayıtdı və 1981-ci ilin fevralında Bestlərin oğlu oldu. Oğlunun dünyaya gəlməsi Corca yaxşı təsir göstərdi: alkoqolizmdən yaxa qurtarmaq üçün o, könüllü müalicəyə getdi.
Bəli, bədbəxtlikdən Bestdə heç vaxt xarakter çatışmayıb. Bobbi Çarlton, Tom Finni, Sten Mettyüz və başqalarının yaxşı dərk elədiyi şeyləri o başa düşmürdü.
Amma hər halda meydana çoxlu suallar çıxır: "Bu niyə baş verdi?" "Bundan yaxa qurtarmaq olardımı?" Corc Bestin yüksəlişi və tənəzzülü mənim gözlərim qarşısında olmuşdu. Bunu görmək-təntənəli konsertlərdən sonra ucuz meyxanalarda caz melodiyaları çalaraq öz karyerasını başa vuran dahi pianoçunun tənəzzülünü görmək kimi məşəqqətli idi.
Məncə, Best istehlakçı cəmiyyətin qurbanı oldu. Kasıb ailədən çıxmış istedadlı futbolçu özü də gözləmədən dövlətli oldu. Onun cibinə tükənmək bilməyən pullar axırdı. Pul onun üçün öz dəyərini itirdi, çünki bunları qazanmağa o, zəhmət sərf eləmirdi. Populyar, cazibədar, həm də subay olan bu cavan özü istehlak cəmiyyətinin tez satılan əmtəəsinə çevrildi. Etibarsız firavanlığınnın onun idman ustalığında və şöhrətində uyuduğunu Best ya unutmuşdu, ya da dərk eləmirdi. Bunların hər ikisini itirən kimi Bestə olan maraq da öldü. Indi o kimə lazımdır? Indi, mən bu sətirləri yazan zaman Best məhkəmə məsələləri ilə məşğuldur - o, vergi agentliyinə bir neçə min funt borcludur. Bestin yaşı artıq 40-ı keçib. 30 yaşında milyonçu olmağı arzulayan gənc görünür, tezliklə müflisləşəcək.
Adama elə gəlir ki, məşhur peşəkar idmançı olmaq nə yaxşı şeymiş. Xoşuna gələn işi görmək və bundan ötrü xeyli pul almaq nə yaxşıymış. Ancaq Corc Best öz şəxsi səhvləri nticəsində acı həqiqəti dərk elədi: peşəkarın həyatı heç də göründüyü qədər sadə deyilmiş.
Materialdan istifadə olursa, "FutbolPress"ə istinad mütləqdi.
Təkrar redaktə: Elçin Cəlilov
(I Fəsil)
(II Fəsil)
(III Fəsil)
(IV Fəsil)
(V fəsil)
(VI Fəsil)
(VII Fəsil, I Hissəsi)
| Paylaş: