')

Bu gün:


FutbolPress.Az | İSLAHAT APARMAQ İNDİ LİPPERTİN YADINA DÜŞÜB... (Müsahibə)

İSLAHAT APARMAQ İNDİ LİPPERTİN YADINA DÜŞÜB... (Müsahibə)


oxunma sayı: 887 Paylaş:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Antalyada təlim-məşq toplanışındadı. Kçeirilən 3 yoxlama oyununda yığmanın zəif olduğu bird aha təsdiqini tapıb. Şotlandiyanın "Reyncers" komandasına və bu gün "Dnepr"in əvəzedici heyətinə uduzan Lippertin rəhbərlik etdiyi heyət yalnız "Şaxtyor"un əvəzediciləriylə heç-heçə edə bildi- 2:2. Təbii ki, nəticə və komandanın durumu qənaətbəxş sayıla bilməz.

- Artıq 10 günə yaxındır ki, komanda təlim-məşq toplanışındadır. Hazırlıq necə gedir?
- Təşkilatçılıq yüksək səviyyədədir. Güclü rəqiblərlə yoldaşlıq görüşləri təşkil edildi. Ümumi götürsək, burada yaradılan şəraitdən razıyam. Yalnız havanın bir qədər yaxşı olmaması işimizə mənfi mənada təsir göstərir.
- Keçirilən yoxlama oyunları ilə bağlı fikirlərinizi bilmək istərdik. Komanda istədiyiniz oyunu nümayiş etdirə bildimi?
- "Reyncers"ə uduzmağımızın əsas səbəbi futbolçuların fiziki hazırlığının istənilən səviyyədə olmaması idi. İlk hissədə yaxşı oynasaq da, fasilədən sonra uşaqlarda yorğunluq hiss olundu. Həm də futbolçularımız tələsirdilər, səbirsiz oyun nümayiş etdirdilər. Meydanda yorulmaları mövqelərində boşluqlar buraxmalarına səbəb oldu. Rəqib də bundan maksimum istifadə edib qələbə qazandı. Birinci oyunla müqayisədə, "Şaxtyor"la qarşılaşmada uşaqlar bir qədər özlərinə gəlmişdilər. Səbirli və təmkinli oyun nümayiş etdirdilər. Tələskənliyə yol vermədilər. Fiziki gücləri də 90 dəqiqəni tamamlamağa yetdi. İki top fərqi ilə geridə olmağımıza baxmayaraq, hesabı bərabərləşdirə bildik. Bunu xüsusi vurğulamaq istəyirəm ki, uşaqlar ruhdan düşmədilər, sonacan mübarizə apardılar və zəhmətlərinin qarşılığını 2 qolla gördülər. Oynadığımız rəqiblər arasında "Reyncers" daha yaxşı komanda idi. Kollektiv futbola üstünlük verirdilər. Bugünkü oyuna gəlincə, qarşılaşma çətin hava şəraitində, güclü küləyin müşayiəti ilə keçdi. Amma havanın pis olması futbolçularımızın yaxşı oynamamasına bəraət qazandıran səbəb deyil. Oyunumuz alınmadı. Futbolçularımızın zəif oyunu komandada ciddi dəyişikliklər aparmalı olduğumuzla bağlı qənaətimizi daha da gücləndirdi. Hazırkı heyətdən 8-10 nəfər komandanı tərk edəcək.
- Yığmadan konkret hansı futbolçuların gedəcəyi müəyyənləşdirilibmi?
- Bəli. Amma indi ad çəkmək istəmirəm.
- Bu barədə futbolçularla söhbətiniz olubmu?
- Bəli, hamısının xəbəri var, bu barədə onlarla söhbət etmişik. U-21-ə dəvət etməyi düşündüyümüz uşaqlar yalnız oyun təcrübəsinə görə buradakı futbolçulardan geri qalırlar. Onların beynəlxalq oyun təcrübəsi çoxalsa, qısa vaxt ərzində daha səviyyəli futbolçu olacaqlar. Artıq Avropa çempionatının seçmə mərhələsində heç bir şansımız qalmayıb. Növbəti oyunlarda U-19-un 5-6 üzvünü U-21-ə cəlb etmək fikrimiz var.
- U-19-dan söz düşmüşkən, komandanın Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdəki çıxışını necə qiymətləndirirsiniz?
- Biz Avropanın ən yaxşı 10-15 komandasından deyilik, ancaq onlara yaxınlaşmaq istəyən ölkələr arasındayıq. Etiraf edim ki, U-19-da sabit heyət olsa da, onları əvəzləyə biləcək uşaqlar yoxdur. Yəni əsas heyətin hər hansı bir üzvü zədələnsə, problem yaranır. Turnirdəki nəticəmizə gəlincə, 5-ci yer mənim üçün kifayət qədər yaxşı nəticədir. Çünki bizdən daha yaxşı nəticə göstərən komandalara nəzər yetirsəniz, futbol sahəsində daha yüksək nəticələrə malik olan ölkələrin yığmaları olduğunu görərsiniz.
- Avropa çempionatının elit raundunda U-19-un rəqiblərindən biri Türkiyə millisidir. Yığma komandamız Qranatkin turnirində Türkiyə millisinə 1:2 hesabı ilə məğlub oldu. Rəqibin oyununu necə dəyərləndirirsiniz?
- Türkiyə komandası haqda heç nə deyə bilmərəm. Çünki onlar elit-raundda Sankt-Peterburqdakı heyətlə mübarizə aparmayacaq. Komandaya 1991-ci il təvəllüdlü futbolçular da dəvət olunacaq. Belə ölkələrdə hər yaş qrupunun öz komandası var. Bizim komandamızın üzvlərinin əksəriyyəti 1992-ci il təvəllüdlü futbolçulardır. Elit-raundda məhz həmin futboloçuların xidmətlərindən istifadə edəcəyik.

Mənbə: affa.az


oxunma sayı: 887 | Paylaş:




?>