')

Bu gün:


FutbolPress.Az | Bülənt Qorxmazın günahı nə?

Bülənt Qorxmazın günahı nə?


oxunma sayı: 1231 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

"Birlik kuboku"nun başına MDB və Baltikyanı ölkələr boyda daş düşsün! Bir qəpiklik yarış deyil, ancaq Azərbaycan futboluna ziyan verməklə məşğuldu. Ölkəmizdə futbola "pul yağışı" başlayandan sonra "Neftçi" həmin turnircikdə qalib oldu, ancaq həmin il ölkə çempionatında heç nə eliyə bilmədi. "Xəzər Lənkəran" da o cür. Yenə "Neftçi"nin "Pünik"ə qalib gəlməsindən təsəlli tapmaq olur...
Həmin kubokcığaz iki dəfə Azərbaycana gətirilib, ikisində də "pulla alındığı" yazıldı (İnanmaya da bilərsiz). Bu il də "Bakı". Gülə-gülə getdi, amma qırğın-qiyamətlə qayıtdı. Onda niyə getmişdi? Sadəcə... sual xoşuma gəldi.
Fikir verin, Moskvaya gedən jurnalistlərimiz qayıtdıqdan sonra nə illah eliyirlər, bu sirri aça bilmirlər. Komandanın oyununu canlı izləməyinə baxmayaraq, heç biri baş aça bilmir ki, niyə belə oldu. Yazılar yazıblar, hərəsi müxtəlif cür. Sol cinahdan sağa ötürmə gecikirdi, sağdan geriyə dönmək müşkülə çevrilmişdi, müdafiədə çatışmazlıq var idi, hücumçular bəxtsizliklə üzləşmişdilər, eyni şey dayaq yarımmüdafiəçisinin də başına gəlmişmiş, rəqib komandalar ciddi hazırlaşmışdı, havalar həddindən çox soyuq idi, hakimi də yaddan çıxarmayaq... Yox e, yox! Bəs nə? Axtarışlar gedir. Amma bu zəhrimarı tapa bilmirlər ki, niyə "Bakı" heç qrupdan çıxa bilmədi...
Axı belə olmamalıydı. Klubun prezidenti Hafiz Məmmədov hər şeyi çempionluğa hesablamışdı. Moskva bazarlarında ölkəmizi halallıqla təmsil edən azərbaycanlılar əvvəlcədən final oyununa bilet sifarişi üçün növbəyə dayanmışdılar. Bakıda, hava limanında igidləri təmtəraqla, zurna-qavalla qarşılamaq üçün lazımi işlər görülürdü. O kuboku "yumaq" üçün rəhbərlik bütün futbol camaatımızı başına cəm eləməyi niyyət eləmişdi (Bəlkə də, niyyət eləmək düşmür bu kluba. Bu da maraqlı fikirdi). Bundan sonra gələcək arzulara əlavə və dəyişikliklər ediləcəkdi...
Lənət şeytana! Kim elədi, kim qıydı buna?! Niyə "Bakı" Moskvadan qanıqara gəldi?! Cəhənnəm odunda bişirmək lazımdı o adamı...
Bülənt Qorxmaz! Aha, deməli, o imiş günahkar! Nəhayət ki, orda "Bakı"nın oyunlarına şahidlik edən jurnalistlərimiz müqəssiri tapdılar.
İndi deyin görüm, neyləyib Bülənt Qorxmaz? Yox da, bilməliyik ki, problem nədədi. Əgər hər dəfə, Qorxmaz məşqçi kimi bacarıqsızdı deyəndə, "Savadsız danışma, o adam əla futbolçu olub"- cavabları eşidəcəyiksə, onda əvvəlcədən "Bakı"nı Allaha tapşırıb, başqa klublar haqda yazaq. Amma bilirik ki, bu ölkədə futbolu bilənlər də var, Bülənt Qorxmazın futbolçu karyerasının düz 5 il əvvəl bitdiyini xatırlayanlar da. Görəsən, futbolu bilənlər də düşünür ki, baş məşqçidi təqsirkar? Növbəti maraqlı sual...
Qorxmazın problemlərini deyib, PROBLEMLƏRİ kölgədə qoymaq mənlik deyil. Natiq Muxtarlı düz deyir, komandanın belə arzolunmaz vəziyyətə düşməsində birbaşa rəhbərlik təqsirkardı. Hafiz Məmmədov 450-500 min verdiyi məşqçidən nə gözləyər- əlbəttə, mümkün qədər lider olmaq. Elə isə niyə Qorxmaz "Bakı"ya yeni gələndə o deyirdi ki, biz gələcəyə hesablanmış işlər görmək istəyirik? Hələ bir az sonra bu fikrini dəyişib, "Komandamız bu il çempionat və ya kubok yarışında qalib olmağı məqsəd qoyub"-deməyinə nə ad vermək olar? Belə çıxır ki, Məmmədovun fikir intizamsızlığı komandanı bu vəziyyətə salıb. Məntiq itib, yoxdu, tapılmır.
Biz Qorxmazın "Bakı"ya uşaq futbolunu inkişaf etdirmək üçün gətirildiyinə inanacaq qədər sadəlövh deyilik. Azərbaycanda uşaq futboluyla məşğul ola biləcək və kiçik bir məvacibə işləyəcək vəli qasımovlar istədiyin qədər var. Qorxmazı bura çağıran adam heç 2-3 ilə komanda qurmaq xülyasıyla yaşayana da oxşamır. Onun "Bakı"ya çağırılmağında prestij qoxusu gəlir: Hamı "Bakı" haqqında danışacaq, yazacaq. Bu səs-küyü yuxarılar da eşidəcək, beləliklə, əla! Amma Azərbaycanda işləməyindən ayyarım keçməmişdi ki, Büləntdən müsahibə alanda hiss olundu ki, arkadaşımız buralara və bizlərə avam kimi baxır. Baxmayaraq ki, tez-tez azərbaycanlıları can-dildən sevdiyini, "Hafka"nı isə rəhbərlik nümunəsi deyib dururdu.
Əslində ara-məzhəb itib sanki, gah Qorxmaz suçlanır, gah porblemin mənbəyi Məmmədovda göstərilir. Amma məntiq göstərir ki, arkadaşımız əndrəbadi məşqçi də ola bilər və bu onun təbii hüququdu, problem rəhbərlikdədi ki, onu israrla iş başına gətirir, tənqidi fikirlərə də əhəmiyyət vermir, iş-işdən keçəndə, iki əlini başına aparıb, taledən şikayətlənir, qismətdən nigarançılıq edir.
Sonrakı peşimançılıq adamı xeyli xərcə salar. İndi qalıblar iki top arasında, ikisi də havası boşaldılmış top: heç olmasa bir təpik vurub, hirsi topdan çıxmaq olardı... Deməyin ki, mətbuat qərəzlidi. Vaxtında deyilmişdi....

Yazarın bütün yazıları

oxunma sayı: 1231 | Paylaş:




?>