')

Bu gün:


FutbolPress.Az | Saqqallılar

Saqqallılar


oxunma sayı: 4108 Paylaş:

FutbolPress
gunaytac@gmail.com

Bütün dünyadan fərqli olaraq Azərbaycanda müasirlik deyəndə əyninə yırtıq cins geyinib, ağzında saqqız marçıldada-marçıladada metroda, marşrutda qıza begemotfason baxmaq, ələ imkan düşdükcə özünü Enrike İqlesiyasa oxşatmaq başa düşülür. "Gold" və "zerkalni" mobil telefon nömrələrinə yüzlərlə manat xərcləyən, ancaq 5-10 manat verib kitab almağı məhlə uşaqlarının "mamauşağı" damğasından hürükərək yadına belə salmaq istəməyən Azərbaycan gəncindən bundan artığını gözləmək, "ay əm sorri", sadəcə, mümkün deyil.
Bütün dünya "facebook" sosial şəbəkəsini işgüzar və faydalı ünsiyyət vasitəsi kimi istifadə edir, azərbaycanlılar isə buranı tanışlıq, sevişmək, kərkinmək, irişmək, büzüşmək məkanına çevirib. Dünən "facebook"da bir daha şahidi oldum ki, bizim camaat qeyrət-namusa görə bir-birini rahatca şaqqalayıb, "qiryət" üstündə ömrünün qalan hissəsini "yatmağa" canla-başla hazırdı.
Adını bilməsəz də olar, bir dostum öz profilində belə bir status yazmışdı: "Mentalitet nədir?". Dəhşət! Statusa yazılan şərhləri görən normal adam bədəvilərə şükür qılardı!
Rəqsanəsifətin biri yazıb: "Mentalitet odur ki, oğlanlar qızlara sataşmasın, milli-mənəvi dəyərlərimizə hamı hörmətlə yanaşsın, vətənpərvər olsun". Vəssalam, bundan sonra bir vaqon Beyləqan istehsalı, Xırdalan istismarı olan "qeyrət-namus" "sekyuritisi" həmin bu rəqsanəsifətə müvafiq istiqamətlərdən girişməyə başladı. Bu haləti görcək onların arasından yekə bir "ponyatka" çəlləyi sinəsini qabağa verib ağır söhbətə girişdi: Papaq! Pah... kişinin oğlu fikirləşdi ki, rəqsanəsifət bu ağır kəlmədən sonra könlünü ona verəcək, bununla da bütün mentalitet problemləri həll olunacaq. Amma zurnadan "zırt" səsi çıxdı.
Hadisələrin davamı mənə ümumilli, Nobel mükafatı üzrə "Avrovijn" köşə müsabiqəsinin gənc və perspektivli yazarlar nominasiyasının təşkilat komitəsindən narazı qalan Nail Nurəddinoğlunun baş fitçalan (ifadəni kimdənsə eşitmişəm) Xaqani Məmmədova bəstələdiyi "HƏDƏ" yazısını xatırlatdı. Bir bu şərhlərə baxıb, bir də yazıda Xaqani əminin biabır olduğu yerləri xatırlayıb özümçün gülümsünürdüm. Birdən "atəşkəs"növbəti dəfə pozuldu. Söhbətə daha yekə- "opşakovi çəllək" qondu. O, söhbətə belə başladı: "Hər bir xalqın mentalitetini qorumaq həmin xalqın kişilərinin öhdəsinə düşür. Papaqdan danışan qardaşımız bilsin ki, papaqlarımız Novruz bayramında qapılarda sülənir. Belə papaqdan namus-qeyrət çıxmaz! Biz papaqdan yox, kişilərimizin saqqalından tanınmasını xatırlayaq. Hələ ta qədimdən...." (Ardını yazmamağım məsləhətdi).
Mövzunu göydə axtarmaqla deyil ki, facebook-a boylan, özü gəlib klaviaturana qonacaq... Raz ki söhbət saqqaldan düşdü, niyə də mən Azərbaycan futbolunda saqqallı fitbolistlərdən yazmayım. Uşaqlardan eşitmişəm ki, məsələn, Rəşad Sadıqov vahabi olduğu üçün saqqal saxlayır.
İmanımı yandıra bilmərəm, özü bilər. Ona qalsa, Vaqif Cavadov saqqal(abənzər) saxlasa da, onu Hollandiyaya apardılar. Yəqin saqqallı uşaqlara Avropada ehtiyac var da. Ona görə də məsləhətdi ki, belənçik futbolçularımıza "mız" qoymayaq, bəlkə saqqallarıyla xalqımızın üzünü ağ elədilər...
Ancaq saqqal məsələsində daha yekə və strateji futbol məmurlarımız var. Məsələn, Ramin Musayev. Söhbət həm də saqqaldan da uca və ali- bığdan gedir. Musayevi Azərbaycan futboluna bəxş edənə 1001 rəhmət diləyib əlavə edim ki, sudyalıq haqda bütün kitabları əzbər bilən Babək Quliyev düz iş görmür. Adam bütün iş-gücünü atıb həftənin cüt günləri bayaq adını çəkdiyim Nurəddinoğlunun www.ultrasport.az saytında çıxış edir, Musayevə nə gün verir, nə də işıq... Demokratiya yaxşı şeydi, amma deyəsən, bu Nurəddinoğlunu bu qədər bığlı kişi susdurmağı bacarmadı. Eybi yox, mənim bu yazımdan sonra, ağzına "skoç" yapışdıracaq, saytını da öz əlləriylə "hack" edəcək. Bu belə.
Ramin Musayevlə iş bitmir e, futbol təsərrüfatımızın ən gözəl, ekstravaqant və eleqant (heç dəxli olmasa belə...) keçmiş sudyası, indiki vitse-prezidenti, gələcək baş təqaüdçüsü Tahir Süleymanovun bığı ona xüsusi imic qazandırıb, sifətində məxsusi xarizma yaradıb.
Bunları bildik. Baxmayaraq ki, yazını müasirlik və mentalitet məsələsiylə başladım, amma saqqal-bığ kimi ümumazərbaycan dəyəri olan yerdə, Rövnəq müəllim-cənabları Abdullayevdən bəhs etməməyi futbolumuza xəyanət, lap yeri gəlsə, öz yaradıcılığıma ləkə sayardım. Nə deyirəm ki, Bəhs edək də...
Aha...
Belə...
Bu qədər!
Beləliklə, bəhs etdik.
İndi keçək "bu yazını niyə yazmısan" sualının cavabına. Camaat! Siz bilirsiz, bizdə futbolun gələcəyi necə olacaq? Mən bu suala belə cavab verirəm: Nə vaxt ki Çarlz Darvinin "Təkamülü", yəni insanın meymundan əmələ gəlməsi təsdiqləndi, deməli, Azərbaycanda da futbol olacaq. Hələlik isə futboldan sadəcə, danışmaq olar...

P.S. Cavab çox qəliz oldusa, daha asan variantlarınızı utanmadan, çəkinmədən bildirə bilərsiz.

Yazarın bütün yazıları

oxunma sayı: 4108 | Paylaş:





?>