')

Bu gün:


FutbolPress.Az | "BAKI" ARZUSUNA ÇATA BİLMƏDİ

"BAKI" ARZUSUNA ÇATA BİLMƏDİ


oxunma sayı: 690 Paylaş:

Bülənt Qorxmazın "Bakı" üçün faydalı ola bilməyəcəyi bir daha göründü

"Birlik kuboku"nun nüfuzsuz bir yarış olmasını artıq bütün turnir iştirakçıları çoxdan anlayıb. Və bundan sonra yarışda zəif ölkələrin klubları uğurlara seviniblər, həmçinin Azərbaycan təmsilçiləri.

Builki yarış ümumiyyətlə, süquta uğrayacaqdı. Çünki bir neçə ölkə iştirakdan imtina etmişdi. Lakin son anda digər yollarla bəzi ölkələrə anladıldı ki, Moskvada keçirilən hər hansı yarışı boykot etmək və ya bundan imtina etmək üçün özündən "amerika kəşf eləməlisən"...

Son çempionumuz "Bakı" bir dəfə imtina etdi, sonra fikrini dəyişdi, kubokda əsas heyətlə iştirak etmək qərarına gəldi. Mütəxəssislər isə deyirdi ki, "Bakı" bundan fayadalana bilməyəcək. Həm də komandada Bülənt Qorxmaz müəmması hələ də davam etməkdəydi ki, adıçəkilən turnirin klub üçün aqibəti bu müəmmanı bir qədər açıqladı.

Pis-yaxşı, "Bakı" turnirə yollandı və hətta rəhbərlik bildirdi ki, bunu qış fasiləsində hazırlığın bir hissəsi kimi qəbul edirlər. Məsələnin bu tərəfi hələ araşdırılacaq, amma görünən o oldu ki, Bülənt Qorxmazın "Bakı" üçün faydalı ola bilməyəcəyi özünü büruzə verdi. Komanda "Birlik kuboku"nda pis oynadı.

İlk oyunda "Vaxş" üzərində qələbəyə baxmayaraq sistemsiz oyun açıq sezilirdi. Komanda müdafiə və yarımmüdafiə arasındakı sintezi hələ də bərpa edə bilməyib. İkinci oyunda- Finlandiya təmsilçisiylə qarşılaşma "Bakı"nın çatışmazlıqlarını bir az da ətraflı göstərdi: Oyun sistemi ya zəifdi, ya da yoxdu. Taktiki gedişlər isə ümumiyyətlə, müşahidə olunmurdu.

Bu günkü oyun isə Bülənt Qorxmazın sadəcə, "Bakı"ya uyğunlaşa bilmədiyini göstərdi. "Aktobe" heç də heyətinə görə komandamızdan güclü sayıla bilməzdi. Xüsusən, Qazaxıstan təmsilçisinin qış fasiləsində güclü legionerlərini itirdiyini nəzərə alsaq, onda məğlubiyyətə arqument tapmaq bir az da müşkül olur. Bəs niyə "Bakı" bu vəziyyətdədi?

Klubun baş meneceri Zeynal Məmmədov yarımfinala çıxmağı, prezident Hafiz Məmmədov isə çempionluğu uğur sayacağını demişdi. Ancaq komanda məhz zəif çıxışla qrup mərhələsindəcə, mübarizədən kənar qaldı. Əgər həm Hafiz bəyin, həm də Zeynal bəyin sevdiyi Bülənt Qorxmaz belə zəif nəticəyə komandanın turnirə əhəmiyyət verməməsi və ya heyəti qorumaq kimi bəhanələrlə bəraət qazandırsa, haqsız sayılacaq. Görünən o idi ki, "Bakı" bacardığı qədər oynadı. Heyəti qorumaq tapşırığı olsaydı, Saşa Yunisoğlu zədələnib bir neçə müddətlik sıradan çıxmazdı. Necə deyərlər, yarım ilə yaxın bir müddətdə Bülənt Qorxmaz komandanı qabağa aparmaq bir yana, geriləməsinin qarşısını ala bilmir...

Turnir bitdi. "Bakı"nın qazancı olmadığı mütləqdi, amma itirdikləri nədi: qarşıda müzakirə olunmalı mövzu budu.


oxunma sayı: 690 | Paylaş:




?>