')

Bu gün:


FutbolPress.Az | "PEŞƏKARLAR " (VI FƏSİL)

"PEŞƏKARLAR" (VI FƏSİL)


oxunma sayı: 1598 Paylaş:

Futbolda "sinfilik". Menecerlərin nüfuzunun artması
                            (VI Fəsil)

* Menecerlər sistemi, futbol liqasının böyüməsi
* Futbolda "sinfilik"
* Çapmen və onun kələkləri
* Oyunun ilk konsepsiyaları
* Menecerlərin nüfuzunun artması
* Matt Basbi və Uolter Uinterbottom
* Məşqçilər institutu

Futbolun inkişafının ilk çağlarında heç kəs onu peşə hesab etmirdi. Hətta onu dəbə salanlar da futbola ləzzətli əyləncədən başqa bir şey kimi baxa bilmirdilər. Və 1885-ci ildə onlar futbolçulara bir neçə şillinq haqq verməyə razılaşanda, bunun nələrə gətirib çıxaracağını da güman etmirdilər. Nəticəsi haqda heç kəs fikirləşməmişdi, bir də başqa çıxış yolu da yox idi. Sahibkarlar oyunlara və məşqlərə başı qarışam fəhlələrə tam əmək haqqı verməyə razı deyildilər. Ona görə öz həyatlarını təmin etmək üçün zavodlarda, fabriklərdə, şaxtalarda işləyib pul qazanan futbolçulara bu bir neçə şillinq cüzi kompensasiya idi. İdmançıya verilən bu cür ilk əmək haqqı peşəkarlığa doğru atılan ilk cəsarətsiz addım idi.

İctimai əsaslarla futbolla məşğul olan futbol assosiasiyasının üzvləri inadla peşəkarlığın hər hansı bir formasına qarşı, hər cür "kompensasiyaya" qarşı çıxırdılar. Onlar özləri sözün əsl mənasında həvəskar idilər və assosiasiyadakı işə sərf etdikləri vaxta görə bir pens də almırdılar. Ancaq axı klubların direktorları da vardı. Peşələri etibarilə tacir və biznesmen olan bu adamlar futbolu peşəkar idman növünə çevirmək üçün əllərindən gələni edirdilər. İş vaxtının itirilməsinə görə vermək cəmi-cümlətanı bir neçə şillinq kompensasiyadan ötrü atılan ilk və zahirən kiçicik bir addım - nəticə etibarilə qədim həvəskar klublarını qəbrə sürüklədi.
Klub sahibkarları itaətlərində peşəkar futbolçuların olduğunu dərk edən kimi menecerlər peyda oldular. Komandanı kimsə idarə etməli idi... Bir müddət keçdi və menecerlər bildirdilər ki, onlara məşqçilər lazımdır. Menecerləri heç kəs hazırlamırdı. Bir qayda olaraq onları adətən, futbolu gözəl bilən, oyunun texnikasından və taktikasından baş açan, lakin lazımi təhsili olmadığına görə balans hesabını oxumağı bacarmayan və öz klubunun hərtərəfli maliyyə proqramının hazırlanmasında naşı olan keçmiş oyunçuların arasından seçirdilər. Pulun hakimi-mütləq olduğu yerdə müəyyən, özünəməxsus imperiyanın yaranması labüddür. Bacarıqlı menecerlər dərhal dərk etdilər ki, onların nüfuzu və mövqeyi özlərinin idarə etdiklər adamlardan asılıdır. Tamaşaçıların oyuna artan marağı da bunu tələb edirdi. 1920-ci ildən 1939-cu ilədək olan dövrdə "Arsenal", "Aston Villa", "Everton" və başqa bu kimi komandaların iştirakı ilə keçirilən görüşlər 70 minə qədər tamaşaçı toplayanda bu maraq xüsusilə artdı.

Qabaqcıl klubların heyəti böyüyüb 40 nəfəri ötdü. Bunlar əsas heyətin, "A" qrupunun oyunçuları və peşəkarların sırasına keçməyə hazırlaşan yeniyetmələr idilər.
Menecer, direktorlar şurası ilə oyunçular arasında əlaqə yaradan vasitəçi oldu. Onun rəhbərliyi altında həm də 10 nəfərə yaxın "skaut" (məşqçi) işləyirdi. Onların vəzifəsinə "axtarış" üçün ayrılmış rayonlarda bütün oyunlara baxmaq daxil idi. Billi Rayt, Bobbi Çarlton, Corc Best və ümumiyyətlə demək olar ki, bütün məşhur peşəkarlar bu yolla "kəşf olunmuşdular". Belə "skaut"un qazancı işinin nəticəsindən asılı idi. Onların əksəriyyəti məktəblərdə bədən tərbiyəsi təlimatçısı işləyirdi, klublar isə onlara icraçı kimi iş buyuranda yol xərclərini ödəyir və "qiymətli tapıntıya" görə qonorar verirdilər. Bundan başqa klubda dəftərxana və maliyyə işlərini görmək üçün katib də, mühasib də lazımdır. Bu minvalla az müddətdən sonra menecer4lərin sistemi dərin köklər saldı. Futbol insanların qəlbinə hakim kəsildi və bu hal bütün İngiltərədə peşəkar futbolu yaymağa imkan yaratdı. Oyuna olan maraq liqanın rəhbərliyini komandaların sayına yenidən baxmağa vadar etdi. Əvvəlki on iki komanda azlıq etdiyi üçün güclülər qrupundan aşağı bölməyə və əksinə. aşağı bölmədən güclülər qrupuna keçmək sistemi tətbiq olunmaqla liqada iki qrup yaratmaq qərarı alındı. Ancaq bu da kifayət eləmədi. 1920-ci ildə bəlkə də ən cəsarətli addım atıldı - iki zonaya bölünmək şərti ilə (şimal və cənub) üçüncü qrup yaradıldı. Beləliklə, 12 komandadan ibarət futbol liqasının yarandığından 32 il keçəndən sonra İngiltərədə 3 mindən artıq peşəkarı birləşdirən 88 klub meydana gəldi.
Təcrübənin olmaması menecerlərin, inzibatçıların işinə və təbiidir ki, futbolçuların oyununa öz təsirini göstərirdi. Planlaşdırma ilə oyun, yaxud məşqlərin sistemlərinin araşdırılması ilə heç kəs məşğul olmurdu. İndi futbolçuların malik olduğu imkanlar o vaxt heç kəsin yuxusuna da girməzdi. Əksər ingilis məktəblərində futbol məcburi fənn sayılırdı. Oğlan uşaqları bu oyunu həvəslə, ehtirasla və böyük məhəbbətlə oynayırdılar. Onlarda təbiətən qabiliyyətli olanlar bədən tərbiyəsi təlimatçılarının nəzər diqqətini cəlb edir və məktəb komandasında oynamağa başlayırdılar. Məktəbin yığma komandasında özlərini yaxşı göstərənlər şəhərin yığma komandasına cəlb olunurdular. Sonra qraflığın yığma komandası gəlirdi və ilaxır. Məktəblər liqanın klublarına oyunçular verirdilər. Onlar orada ən yaxşı oyunçuların təcrübəsindən qidalanıb öz ustalıqlarını təkmilləşdirirdilər.
O vaxtlar driblinq futbolun əsası sayılırdı. Oyunçunu aldatmaq bacarığı, topla irəli - rəqibin qapısına doğru hərəkət etmək bacarığı hər şeydən yüksək qiymətləndirilirdi. Şotland futbolçuları isə, əksinə, kollektiv oyunu qiymətləndirirdilər. Kollektiv oyuna, topun qısa məsafələrə dəqiq ötürülməsi meylini də ingilislərə onlar aşılamağa başlamışdılar. Şotland və ingilis üslublarının uzlaşması, uzun və qısa ötürmələrə əsaslanan kombinasiyalı oyunun yaranmasına səbəb oldu.

Futbolun inkişafında məktəblər əhəmiyyətli rolu bir də ona görə oynadılar ki, gənc futbolçular populyarlıq etibarilə futbolla uzun müddət rəqabət aparmış reqbi oyunundan da nəsə götürmüşdülər. Reqbidə zədə almaq təhlükəsi ilə hesablaşmadan oyunçulara cəsarətli olmağı ğyrədirdilər. Futbolda da hücumçulardan sürət, cəsarət, top uğrunda mübarizədə qoçaqlıq tələb edirdilər.
Sürətli, açıq oyun, kəskin və qabiliyyətli hücumlar cəzbedici olduğundan maraqlı görüşə baxmaq üçün hətta cüzi əmək haqqı alan tamaşaçılar da nə qədər pul desən verməyə hazır idilər.
O dövrdəki ingilis futbol həvəskarlarının müasir futbola nə cür münasibət bəsləyə biləcəklərini təsəvvür etmək çətindir. Onların marağı nəzərə çarpacaq dərəcədə soyuyar, bəlkə də lap ölərdi. Meydançada topun ehmalca ötürülməsi, oyunçuların öz qapısına boylana-boylana, topu itirməkdən qorxa-qorxa ehtiyatla irəliləməsinə əsaslanan müasir üslub onlar üçün yəqin ki, dözülməz olardı. O zaman bu cür futbolu cansıxıcı və zəhlətökən hesab edirdilər. O vaxtlar yalnız sürətli, açıq, dinamik futbol qəbul olunurdu. Bu cür oyunda risk, rəqibi sıxışdırmaq, cəsarət texniki ustalıq kimi yüksək qiymətləndirilirdi.

Ən yaxşı ingilis komandaları, braziliyalılardan fərqli olaraq, heyəti yalnız yüksək texnikalı mahir ustaların bazası əsasında yaratmağı qarşılarına məqsəd qoymurdular. Ingiltərənin qabaqcıl klubları komandanı sürətli, iradəli, cəsur oyunçulardan komplektləşdirirdilər.
Kompromissiz oyunları ilə tamaşaçılara əsl zövq verən bu oyunçular 90 dəqiqə ərzində özlərini bütünlüklə futbola həsr edirdilər. Bu cür sistem uzun illər səmərəli nəticələr verirdi.
Ingilis futbolunun sistemindəki ən zəif yer sinfi münasibət idi. Hər bir komandada fəhlələr (oyunçular, qismən menecerlər və məşqçilər0 və sahibkarlar (klubun direktorları və onun prezidentləri) vardı. Əgər menecer ürəyə yatmırdısa, sahibkarlar onunla xudahafizləşirdilər, əgər futbolçu xoşlarına gəlmirdisə, onu ya başqa kluba satır, ya da bir ayrı üsulla başdan eləyirdilər.
Əvvəllər məşqçilər haqqında hətta heç yığma komanda səviyyəsində də söhbət yox idi. Hazırlıq sistemində təsəvvürə gəlməz özbaşınalıq hökm sürürdü. Keçmiş peşəkar kimi zəngin təcrübəyə malik olan menecerlər öz komandalarını yığır, sonra isə onlara özlərinə hər bir matça oyun taktikası seçməyə imkan yaradırdılar. Beynəlxalq yarışların vaxtı çatanda isə futbol assosiasiyasının beynəlxalq komitəsi yığışırdı. Əksəriyyətinin peşəkar futbola heç bir dəxli olmayan möhtərəm centlmenlər, komandanın heyəti barədə coşğun mübahisələr aparırdılar. Bu ona gətirib çıxarırdı ki, İngiltərənin yığma komandasının heyəti heç vaxt sabit olmurdu. Ingiltərənin xeyli matçı udmağına isə yalnız təəccüblənmək olar. Axı, yığma komandaya seçilmiş oyunçular əksər hallarda oyunun başlamasına yalnız 24 saat qalmış bir-birilə görüşürdülər. Futbol assosiasiyasının yığma komandaya təyin etdiyi məşqçi bütün texniki məsələlərlə məşğul olurdu. Yığma komandada menecer olmurdu.

Menecerlər sistemindəki ilk yenilik Herbert Çapmenin adı ilə bağlıdır. O, keçmişdə peşəkar futbolçu olmuşdu və "Haddersfild" klubunun meneceri vəzifəsində öz komandasını dalbadal üç dəfə - 1924, 1925 və 1926-cı illərdə ölkə çempionatının qalibi etmişdi. Bu hadisə, o zamanlar öz zəif oyunu ilə seçilməyən "Arsenal" klubunun direktorlarının diqqətini cəlb elədi.
Və Çapmen "Arsenal" klubuna dəvət olundu. O vaxtlar Böyük Britaniya paytaxtının adı futbolda məşhur deyildi. Ingiltərənin cənubunda çempion adını qazanan ilk komanda, 1901-ci ildə "Tottnem hotsper" oldu.
Sonrakı 20 ildə ölkənin cənubundan heç bir klub bu müvəffəqiyyəti təkrar edə bilmədi. Yalnız 1921-ci ildə "Tottnem hotsper" özü yenidən çempion adını qazanmağa nail oldu.
"Arsenal" klubu şimali və mərkəzi İngiltərənin hərbi zavodlarında işləyən fəhlələr tərəfindən yaradılmışdı. Lakin bir müddətdən sonra kluba rəhbərlik edən entuziastlar rəqabətə davam gətirməyərək bu işdən uzaqlaşmağa məcbur oldular və onların yerini Londonun lord-meri də daxil olmaq1la iri biznesmenlər tutdular. Onlara qələbələr və şöhrət lazım idi və bu işdə Herbert Çapmen kimi adamların onlara lazım olduğunu yaxşı bilirdilər.
Onlar haqlı idilər. Şapmen güclü işgüzar hissiyata malik idi. O reklamın nəyə qadir olduğunu bilən, oyunçuların alınıb-satılma sistemindən mənfəət güdən və komandaya rəhbərlik işində onu ən vacib vasitələrdən hesab edən menecerlərdəndi.
Çapmen İngiltərənin çempionu olan "Haddersfild" klubunu tərk edib, birinci qrupa sürünən zəif "Arsenal"ı qəbul elədi. Hər hansı bir başqa adam üçün bu təhlükəli təşəbbüs ola bilərdi. Ancaq Çapmen nə elədiyini bilirdi. Əvvəla, o "Sanderlend"in oyunçusu Çarli Buçanı tovlayıb öz yanına çağırdı. O vaxt bu sövdələşmə mətbuatda geniş işıqlandırılmışdı, çünki Buçana görə 3 min funt sterlinq verməyə razı olmuşdu və üstəlik mövsüm ərzində onun vuracağı hər qola 100 funt da əlavə ödəyəcəkdi.
Saziş baş tutdu. Belə ki, "Arsenal"ı ikinci qrupa keçməkdən xilas elədi. Buçan 21 qol vurdu və buna görə - "Sanderlend" 200 min funt aldı.
Çapmen "Arsenal"ı qəbul eləyəndə oyunun qaydalarında dəyişiklik oldu. Məsələ ondaydı ki, "Nyukasl yunayted"klubunun oyunçusu Billi Makreken süni surətdə "oyundan kənar" vəziyyət yaratmağın gözəl mütəxəssisi olmuşdu və bu futbolçuları da, tamaşaçıları da əməlli-başlı özündən çıxarırdı. O zamanlar "oyundan kənar" vəziyyət üç oyunçuya görə müəyyənləşdirilirdi. Hücum edən oyunçu çox asanca süni qurulmuş ofsaydın toruna düşə bilirdi. Buna görə də qaydanı dəyişməli oldular və "oyundan kənar" vəziyyət iki oyunçuya görə müəyyənləşdirilməyə başlandı.
Çapmen dərhal başa düşdü ki, "oyundan kənar" vəziyyət barədəki yeni qayda oyunun taktikasını əsaslı surətdə dəyişəcəkdir. Əvvəllər komandaların əksəriyyəti meydançada asudə hərəkət edərək öz hücumçularının fəaliyyətini təşkil edib tənzimləyən hücuma meylli mərkəz yarımmüdafiəçisindən istifadə edir, rəqibin mərkəz hücumçusunu isə müdafiəçilərdən birinin öhdəsinə buraxırdılar. Çapmenin güman etdiyi kimi yeni qaydanın həyata keçirilməsi oyunun məhsuldarlığını kəskin surətdə artırdı. Belə ki, "Everton"un mərkəz hücumçusu Uilyam Din mövsüm ərzində 39 görüşdə 60 top vurdu. Bu 1927-ci ildə olmuşdu və indiyədək heç kəs bu rekordu təzələməyib. Bir çarə tapmaq lazım idi və Çapmen onu tapdı. O "Arsenal"da "stopper" rolu təyin elədi və bu rolu "Qarovulçu" ləqəbi almış Herbert Robertsə tapşırdı. O, rəqibin mərkəz hücumçusunu meydanın özlərinə aid hissəsində "güdürdü".
Beləliklə, Çapmen komandaların öz oyun planını işləyib hazırlamalrının zəruriliyini dərk eləyən ilk ingilis meneceri oldu. O, "Arsenal"da dubl-ve sistemini tətbiq etdi. Bu sistemə görə, hər iki müdafiəçi və mərkəz yarımmüdafiəsi müdafiənin arxa cəbhəsinin əsasını təşkil eləyirdi. Çevrilmiş şəkildə, ingilis əlifbasının dubl-ve (W) hərfi hücum xəttini təşkil edirdi. Iki kənar hücumçusu qüvvətli kənar hücumçusu olan Ted Dreykin səmərəli oyununu təmin etmək üçün yan xəttin yaxınlığında fəaliyyət göstərirdilər. Irəli çıxarılmış bu üç hücumçudan azacıq arxada iki yarımmərkəz hücumçusu (insayd) - "Bolton uonderers"dən 10 min funta alınmış Devid Cek və 9 min funta "Preston nort end" klubundan alınmış "hücumun generalı" ləqəbini daşıyan Aleks Ceyms oynayırdı.
İngilis futbolunun tarixində "Arsenal"ın müvəffəqiyyətləri misilsizdi. 1886-cı ildə təşkil olunan klub Çapmenin gəlişinə qədər heç vaxt müvəffəqiyyət qazanmamışdı. 1930-cu ildə ilk qələbə əldə edildi - İngiltərə Kuboku qazanıldı. Növbəti il "Arsenal" çempion oldu. Çapmen isə rekord göstəriciyə nail olan ilk menecer. Çətin ki, bu rekord təzələnə "Haddersfild"in meneceri olanda o öz komandasını üç dəfə ölkə çempionu eləmişdi. "Arsenal"ın sükanı arxasında dayananda da öz ənənəsinə sadiq qalmışdı. 1933, 1934, 1935-ci illərdə "Arsenal" İngiltərə çempionu olmuşdu.
1936-cı ildə "Arsenal" ikinci dəfə Kubokun sahibi olur. 1938-ci ildə yenidən ölkə çempionu adını qazanır. Bu minvalla Herbert Çapmen adi klublardan biri olan "Arsenal"ı İngiltərənin ən qüdrətli komandalarından biri edir.
Çapmenə qədər menecerlər futbol aləmində ikinci dərəcəli adamlar hesab olunurdular. Onlar nominal maaş alır və yalnız bəzi hallarda özlərinin təşkil etdikləri oyunçu alverindən azacıq faiz əldə edə bilirdilər. Çapmenin meydana gəlməsi ilə menecerlərə olan münasibət kəskin şəkildə dəyişdi. Bir çoxları onun yolu ilə getdilər: klubların direktorlarının yanında alçalmaq istəmədilər və oyunçulara tam hüquqla rəhbərlik tələb elədilər. Başqa sözlə desək, Çapmen menecerlərin hörmətini və nüfuzunu artırdı. İkinci dünya müharibəsindən sonra iki adam Çapmenin başladığı işi davam etdirdi. Bunlar - 1945-ci ildə "Mançester yunayted"ə menecer təyin olunmuş Matt Bacbi və müharibə illərində hərbi-hava qüvvələrinin podpolkovniki olmuş, "Mançester yunayted"in keçmiş oyunçusu Uolter Uinterbottom idi. Uinterbottom ali bədən tərbiyəsi təhsili almışdı. O, İngiltərə yığma komandasının ilk menecri oldu və futbol assosiasiyasının məşqçilər kollegiyasına rəhbərlik elədi.
Bu vəzifələrin hər ikisini assosiasiyanın o zamankı baş katibi Stenli Rouz təsis eləmişdi.
Uinterbottom dünyanın bir çox ölkələri üçün nümunə olan məşqçilərin hazırlanması sitemini işlədi. O, məktəb məşqçilərinin institutunu təsis elədi. Yay aylarında, futbol mövsümü başa çatanda onlar daha bacarıqlı uşaqlarla məşğul olurdular. Uinterbottomun uzaqgörənliyini hamı qiymətləndirirdi.
Uinterbottom təkcə İngiltərə yığma komandasına oyunçu yığmaq hüququna malik deyildi. Assosiasiyaya rəhbərlik edən mühafizəkarlar bu güzəştə getmirdilər. Oyunçuları komitə özü seçir, yığma komandanın heyətini təsdiq edir, Uinterbottoma isə yalnız növbəti oyunun taktiki planını işləyib hazırlamağı həvalə edirdi.
Buna baxmayaraq, məhz Uinterbottom və Basbi ingilis futbolunun bütün sisteminin təkmilləşməsinə böyük əmək sərf etmişlər.
Hər kluba məşqçinin də, menecerin də zəruru şəkildə lazım olduğunu dərk edənlərdən birincisi Basbi olmuşdur. O, belə hesab edirdi ki, "hazır" oyunçu alverinə yox, yeniyetmə klublardakı şəxsi ehtiyat qüvvələrin təliminə bel bağlamaq lazımdır. O, Avropa çempionlarının Kubokunda öz komandasını qələbəyə gətirib çıxaran ilk menecer oldu. Ingilis futbolu bir çox xidmətlərinə görə Basbiyə və Uinterbottoma borcludur.

Frenk Teylor - "Peşəkarlar" (1985)
Materialdan istifadə olursa, "FutbolPress"ə istinad mütləqdi.

(I Fəsil)
(II Fəsil)
(III Fəsil)
(IV Fəsil)
(V Fəsil)


oxunma sayı: 1598 | Paylaş:




?>