')

Bu gün:


FutbolPress.Az | Musayevin müsahibəsi haqqı...

Musayevin müsahibəsi haqqı...


oxunma sayı: 1082 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

Ramin Musayev yenidən fəallaşıb. Son həftə ərzində bir neçə müsahibə verib. Ümumiyyətlə, Musayevin fəallaşması yatmış vulkanın fəallaşmasına həm oxşayır, həm də oxşamır. Yəni ya vulkan kimi püskürüb, hər tərəfi alova bulaşdırır, ya da yarıda donub, "daşlaşır"...
PFL-in prezidentinin sonuncu müsahibəsi dünən qurumun rəsmi saytında dərc olunub. Müsahibədə xeyli maraqsız və "quru" məqamlar var. Sərlövhəsi belədi: "Ramin Musayev hakimlərlə görüşmüşdür". Bəli, cümlənin tərkibi göstərir ki, PFL-in saytı da xeyli inkişaf etmişdir, nəinki keçirdikləri çempionat, kubok, onların sponsorları... Sözüm onda yox, ən maraqlı məqam Musayevin son vaxtlar ədəbi-bədii danışıq normalarını mükəmməl formada mənimsəməsidi. Müsahibədə dərhal hiss olunur ki, adi halda iki cümləyə üçüncünü qoşmaqda çətinlik çəkən qəhrəmanım şifahi xalq ədəbiyyatı nümunələrindən bəhrələnmiş, folklorumuzla ətraflı tanış olmuş və nitqində fövqəladə irəliləyişə nail olmuşdur. Bunun özü də bir inkişafdı, yəni PFL-də hər şey inkişafdadı, Ramin müəllimin bu haqda danışmasına qətiyyən ehtiyac yoxdu. Düşünürəm ki, dəyərli insan, PFL-də peşkarlığına inandığımız yeganə şəxs, mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Musayevin kabineti qarşısında bir üzərlikyandırma ritualı qurdursun. Kişiyə bədnəzər dəyər. İli-günün bu vaxtında, çempionatın "altılıq" çağında heç düşmənimə də göz dəyməsin...
Bütün şər-xatalardan uzaq olmaq üçün qulaqlara qurğuşun deyək, keçək, müsahibəyə göz ataq, görək nə var, nə yox. Deyir, "Bəzi hallarda futbolçular Fair Play - ədalətli oyun prinsiplərini pozurlar. Bu qaydaları pozanlara qarşı daha ağır cəzaların tətbiq olunmasının tərəfdarıyam. Çalışmaq lazımdı ki, komandalar arasında mübarizə meydanda olsun". Bu yerdə icazə versəydi, Musayevlə razılaşmazdım. Baxmayaraq ki, cümlə onun "məhsulu" deyil, amma yenə də qeydimizi bildirək. Hörmətli Ramin müəllim, hər dəfə "jurnalistlərin bəzisi çempionatdakı inkişafı görmək istəmir"- deməyi unutmursuz, amma öz açıqlamalarınızda yol verdiyiniz "peşəkar" nöqsanları görmək istəmirsiz. Sizin xəbəriniz varmı bütün dünyada cəzalandırmanı ən axırıncı vasitə sayırlar... Onda necə başa düşək, siz ən axırıncı yolla bu ölkənin çempionatını, futbolçusunu, klub rəsmisini peşəkar etmək istəyirsiz? Fair Play (ədalətli oyun) prinsipi tövsiyyədi. Futbolçu buna əməl etməyə məcbur deyil. Əgər oyunçu meydanda bu prinsipə zidd bir hərəkətə yol versə, onu yalnız oyun zamanı hakim cəzalandıra bilər, sonradan heç bir cəza keçərli sayılmır (Fövqəladə hal istisnadı). Onda, maraqlıdı, siz cəzalandırmaq deyərkən, nəyi nəzərdə tutursuz? Olmaya yeni qaydalar külliyatı yaratmısız? Bəllidi, Babək Quliyev və Anar Niyazovun hakimikdən qovulması da yəqin həmin "unikal qaydalarla" gerçəkləşdirilib.
Musayev daha sonra deyir ki, "Bildiyiniz kimi, Unibank Premyer Liqasının və Azərbaycan Kubokunun hər bir oyunu PFL-in operatorları tərəfindən də çəkilir. Artıq onların sayını da artırıb 10 nəfərə çatdırmışıq. ...Burada əsas məqsəd mümkün hakim səhvlərinin qarşısını almaq və eyni zamanda onların düzgünlüyü sübut etməkdir". İşə düşdük də. İndi bundan sonra stadionlarda kameraların əlindən tərpənmək olmayacaq. Hələ məsələnin daha gülməli tərəfi bilirsiz nədədi, qorxuram, bəzi oyunlarda kameraların sayı azarkeşlərin sayından çox olsun...
Yox e, Ramin müəllimi çox qınamaqdansa, tövsiyyələr daha faydalı olardı. Elə bilirəm ki, kameraların sayını artırmaqdansa, çempionatın yayım hüququnu AzTV-dən almaq daha faydalı olar. Ölkənin ən obyektiv idman verilişi olan "Futbol Saatı" (Xəzər TV) Premyer-Liqa oyunlarını AzTV-nin onlara verdiyi "ütülənmiş" kadrlarla şərh etməyə məcburdu. Yox, əgər düşünürsüzsə, kameraları yan-yana düzməklə hakim səhvlərini və ya düzgün qərarlarını isbat etmək mümkün olacaq, onda and içərəm ki, Marsda həyat var...
Həyat demişkən, müsahibənin kuliminasiya nöqtəsində Musayev çoxlu puldan söhbət açır. Sual belədi: "Son zamanlar bəzi mətbuat orqanlarında I Divizion komandalarından heç birinin Unibank Premyer Liqasına qatılmayacağı barədə şaiyələr gəzir". Cavab isə bu cürdü: "Bu kimi fikirlər yalandır. Guya, I divizionda çıxış edən klubların Premyer Liqada iştirak etmək imkanları yoxdur. AFFA rəhbərliyi tərəfindən I Divizionun qalibinə 100.000 manat, ikinci yerin sahibinə isə 70.000 manat mükafat ayrılıb. Hal-hazırda I divizionda beş komanda arasında Premyer Liqaya çıxmaq uğrunda gərgin mübarizə gedir. Bu mübarizənin də nəticəsini gələn il görəcəyik. Pul mükafatı da onlar üçün əlavə stimuldur".
PFL rəhbərinin belənçi deməyindən sonra adamın lap klub yaradıb Premyer-Liqa bir kənara, I Divizionda iştirak etməyi gəlir. Məhləmizdə isə bir həftədi qaz gəlmir... Gəlir? Gəlmir!

Yazarın bütün yazıları

oxunma sayı: 1082 | Paylaş:





?>