')

Bu gün:


FutbolPress.Az | Ümid yalan danışır...

Ümid yalan danışır...


oxunma sayı: 1150 Paylaş:

FutbolPress
qismet1986@gmail.com

(etüd)

İnsan dərk edəndə ki böyüyüb və hələ ki ancaq ümidləri var, dəhşətli dərəcədə ürəyi sıxılır.
Pəncərədən görünən adamların hərəsi bir cür bədbəxtdir. Qocası, cavanı, yaşlısı, gənci, uşağı- hərəsi bir cür bədbəxt....

Bütün qayğısı oynadığı topun arxasınca qaçmaq olan uşağın tez böyümək arzusu böyüyənəcən şirindi. Elə ki böyüdü, onda anlayacaq ki, böyümək topları və oyunları ancaq xatırlaya biləcəyin şəkillərdən ibarət bədbəxtlikdir. Bizdə futbolçu olacağına inanmaq kosmonavt olmağı istəmək qədər komediyadı. Yaxşısı, dondurma arzulamaqdır. Çünki heç bir dondurma atasının işdən gələndə gətirəcəyi dondurmanı gözləyən azyaşlı uşağın yediyi dondurma qədər dadlı deyil.

Bütün dondurmalar ümid elədiyin qədər şirindi...

Top auta çıxacaq...

Siqareti siqaretə calayıb sevdiyi qıza tərəf siqaretdən tüstülü yollar çəkən oğlanın yeganə arzusu o qızı heç olmasa bircə dəfə öpməkdi. Çünki oğlan bilir ki, qız onu ilk dəfə öpən oğlanı heç vaxt unuda bilmir. Çünki oğlan bilir ki, öpdüyü qızın öpüləndən sonraki bütün arzuları öpüşməklə bağlı olacaq.

"Səni öpmək istəyirəm"- deyən oğlanların ömür boyu bircə arzusu olacaq: öz sevgililərini öpmək. Kimis, nə zamansa, hardasa öpəcəklərsə bir gün bu heç vaxt sevdikləri olmayacaq. Çünki öpmək icazəylə olmur. İcazə istədikcə cavab "YOX" olacaq ancaq. Çünki qızlar razı olsalar da, "YOX" deyəcəklər. Bəlkə də arzulamağa alışdıqlarını görə "YOX, OLMAZ!"- deyib, arzulayacaqlar o anı..?

Bütün öpüşmələr təklif etdiyin qədər arzu olaraq qalacaq...

Top dirəyə dəyəcək...

Qızlar dərsdən çıxıb sevdiyi oğlanla görüşüb, evə hər qayıdandan sonra mətbəxdə çayı qaynamağa, yeməyi bişməyə qoydumu; başlar arzulamağa, ümid etməyə. Ümid şirin olar. Acı çayına şirin ümiddən qatıb çəkər başına qızlar. Ağ gəlinlikdəki silueti görünər gözlərinə qızların. Amma bilməz ki, əslində, bir toydakı ən gözəl şey bəlkə də elə ancaq ağ gəlinlikdir... Bilməz ki, evlənmək ömrü ərə, qayınataya, qayınanaya, ərə və sayı qeyri-məlum uşaqlara bölməkdən başqa bəlkə də heç nədir... Bilməz ki, evlənmək bəlkə də sadəcə, ərinlə öpüşmələrə, sevişmələrə can atmaqdan başqa heç nədir... Toydan öncə əri olacaq oğlanla bircə dəfə yatmaq imkanı olsaydı bir qızın görən, yenəmi toyu və o bəyaz gəlinliyi eyni ümidlə arzulayardı..? Arzulayardı bəlkə də, ancaq biabır olmamaq üçün. Bəs cəmiyyət üçün bu adi hal olsaydı necə..?

Bütün gəlinliklər toy gecəsinə qədər bəyazdır...

Top tora daxil oldu...

Məhlə sözünün fəhlə sözüylə qafiyələndiyi ölkədə oğlanlar məhləyə siqaret sümürməyin, hardasa hansısa pozğun bir qızın yaşadığı haqqında söhbətlərin, almaq istədikləri, daha doğrusu, nə vaxtsa alacaqlarına ümid etdikləri maşınların, evlərin dil fəhləliyini etmək üçün düşürlər. Gələcəkdə "Mercedes" almaq ümidi olan oğların çoxuna görə ağşalvarlı qızların çoxu "Mercedes" geyinir. "Mercedes" geyinən qızlar çoxuna görə oğlanın "Mercedesi" olmadısa, xoşbəxtlik sözünü lüğətdən çıxarmaq lazımdır.

Ümid- əksər kişilər üçün pulun kağız formasındadır...

Topun üstünə konfetiyelər yağıb...

Seriallar başlayana qədər bişibsə yemək, qaynayıbsa çay, qızlar mütləq telefonu məşğul etməlidir . Telefonda iki qız danışırsa ən çox işlənən sözün "az" olduğuna and içə bilərəm.

"Az, bilirsən filankəs kiminlə gəzir?".
"Az , bilirsən bu gün filənkəs nə gündə geyinmişdi?".
"Az, bilirsən nə oldu bu gün? O mənə dedi ki, səni öpmək istəyirəm..."
"Az, bəs sən nə dedin?"
"Az, dedim yox, olmaz..."
"Az, istəyirsən?"
"Az, həə, sadəcə, nə bilim eee..."

Qızlar ümid eləməyi dodaqlarıyla öyrənirlər...

Topu sinəndə saxla, sirri ürəyində...

Kostyumunu geyinib, başına da panamasını qoydumu qoca kişilər; parkların ən sakit yerində zər səsləri gələcək. Armudu stəkandakı çayla nərd dəstgahı başlanacaq. Təsadüfə bax, nərd sözü də dərd sözüylə qafiyələnir bu ölkədə...
Yanlarından nə qədər cavan, gözəl qızlar keçsə də, gözləri nə qədər "ilişsə" də, yanlarından keçənlərə, onlar- o qoca kişilər təkəri boşalmış avtomobil kimi ancaq görünüşdürlər. Amma doldurulması əbədilik qeyri-mümkün təkərlər...
Bütün ümidləri bir gün çox yaşamaqdır. Bir gün çox yaşamaq və dünən uduzduqları oyunun revanşını almaq.

Qocaların ümidləri sabahacandı...

Top bu gün bizi sevmədi...

Ümid kontur kimidi. Ümidin olmadısa, sabah yuxudan durmaq belə maraqsızdır. Madam ki sabah da dünənə bənzəyəcək və dünən ondan öncəki günə, onda demək, yuxudan durmamaq da olar.
Ümidsizlik kontursuzluqdur. Kontursuz telefon necə ki əvvəl birtərəfli bağlanır və zaman keçdikcə həm də ikitərəfli bağlanır, bax ümid də belə bir şeydi. Ümid kontur kimi tükənəndə həyatla bütün əlaqən əvvəl bir tərəfli sonra isə ikitərəfli bağlanır. Yəni ki, ümidsizliyin ən son həddi əlindən gələn ən son şeyi ümid etməkdir- ölümü.

Ümid azaldıqca ölüm yaxınlaşır.

Top keyfiyyətsiz idi...

Salam Sarvan demiş: "Bu ölkədə ümid və ailə sevinci lotoreya şəklində mövcuddur". Ümidin lotoreya şəklində olduğu ölkədə cek-pot həmişə satılmayan biletlərin içində olacaq. Ümidimiz həmişə gələn tura qalacaq. Həmişə bir rəqəm yandıracağıq. Həmişə ancaq biletin pulunu çıxaracağıq.

Ümid növbəti turu gözləməkdir.

Görək ikinci hissədə nə olacaq..?

"Ümid ən sonuncu pislikdir, çünki işgəncəni uzadır "- deyib Nitşe. Ümid yaşamağa təhrikedən olsa da bəzən, doğurdan da işgəncəyə çevrilir. Məsələn, illərlə nəyisə arzulamaq və ancaq illərlə arzulamaq... Ancaq arzudan ibarət, ümiddən ibarət yaşamaq ömrü.

Lift ...

Birdən liftin kanatları qırılır və ağlasığmaz sürətlə üzü aşağı, ölümə tərəf düşürsən. Ürəyin əllərindən tez açmaq istəyir qapını. Aça bilmir. Açılmır qapı. Qışqırmağın sadəcə, gücünü tükətməkdir. Və bir ümid... Liftin kabinası yerə çırpılıb gözlərini ölümə əbədilik yummayınca ölümə, içindəki ümidlə xilas olmaq istəyirsən, inanmaq istəyirsən. Allaha yalvarırsan. Amma anlamırsan ki, bütün yalvarışların ancaq işgəncəni uzadır. Çırpılırsan yerə, xıncım-xıncım, çilik-çilik olursan. Səndən qabaq ümidin çırpılır yerə. Səndən qabaq ümidinin ölümünü görürsən. Sən bəlkə də ancaq ümidinin öldüyü üçün ölürsən.
Yerə çırpılmadan, yəni hələ ki ölümə yummadan gözlərini 5-6 saniyə içində anlayırsan ki, səni aldadıblar. Bütün adamlar səni aldadıblar. Ümid sonda ölmür. Sonda sən ölürsən. Anlayırsan ki, ümidlə ölüm öncədən razılaşıblarmış. Anlayırsan ki, əşşi, nə isə, heç nə....

Ümid yalan danışır...

TOPlanın, gedək, TOP bizlik deyil.

Yazarın bütün yazıları

oxunma sayı: 1150 | Paylaş:




?>