')

Bu gün:


FutbolPress.Az | "NEFTÇİ"DƏ NƏLƏR BAŞ VERİR?

"NEFTÇİ"DƏ NƏLƏR BAŞ VERİR?


oxunma sayı: 862 Paylaş:

Əkbər Hacıyev qovulur, yoxsa istefaya göndərilir?

 "Neftçi" düşdüyü böhran vəziyyətindən heç cür çıxış yolu tapa bilmir. Komandada futbolçular ümidsizliyə qapılıb, klubdaxili gərginliyin futbolçulara da siraət etdiyi görünür. Bir neçə futbolçuyla fərdi söhbətimizdən açıq sezilir ki, komandada məşqçi-rəhbərlik-futbolçu ünsiyyətində peşəkarlıq həddi azalmaqdadı, səmimiyyətin kifayət qədər olmadığı futbolçuların əhvalından hiss etmək olur.

Görəsən ölkənin "ana klubunda" bu cür anarxiyanın yaranmasında kimlər maraqlıdı? Sanki kənardan müşahidələr daha çox informasiya verir, nəinki klubdan alınan rəsmi açıqlamalar. Bu cür nizamsız və anlaşılmaz situasiyanı yoluna qoymaq, sistemli işin təşkili üçün vitse-prezident təyin olunan Tahir Süleymanov da sanki təklənib. Onun "hamının yerinə işlədiyi" görünür. Yenə sual yaranır, kimlərdi "Neftçi"də bu cür idarəolunmaz situasiyanın yaranmasında maraqlı? Təbii ki, təklənən obrazında olan Tahir Süleymanovun hər şeyi açıb deməmək hüququ var, ancaq bəzi məqamları detallarıyla açdıq, o, kifayət qədər maraqlı məsələlərə toxundu: "Əgər siz düşünürsüzsə, "Neftçi"də anarxiyanın yaranmasında maraqlı olan qüvvələr var, artıq mən deyərdim məsələnin aydınlaşdığı məlumdu. Son oyunlarda yaranan qalmaqalları yıxdız mənim boynuma, işin haralardan idarə olunduğunu öyrənmək çətin olunca hədəfə mən alındım, amma səbr elədim. İndi sizi də narahat edib ki, niyə "Neftçi" idarəolunmaz vəziyyətə salınır".

Bəli, Süleymanovdan eyhamla deyilən faktlardan artıq nəyisə öyrənmək mümkün deyil, çünki Azərbaycan futbolunda heç kim birbaşa faktın özünü bildirmir. Ancaq bu dəfə Süleymanov ciddi olaraq "Neftçi"də süni anarxiya yaradılmasına cəhd edən qüvvələrin olduğunu dedi: "Mən sizə söz vermişdim ki, müəyyən adlar çəkəcəm, istiqamətlər verəcəm və biləcəksiz ki, komandanı çökdürmək, Tahir Süleymanovu çox faciəvi bir formada təkcə "Neftçi"dən yox, ümumilikdə futboldan uzaq salmaq planları haradan sifariş olunur. Amma səmimiyyətimə inanın, hadisələrin içində siz, mətbuat da varsınız, mənə haqq qazandırarsız ki, açıq danışmağım nə mənim, nə də "Neftçi"nin xeyrinə olmayacaq. Klubdan kim istefa verir və ya qovulur, yaxud da sadəcə, kənarlaşdırılır, bu, mənim xitiyarımda deyil. Bunu bilə də bilmərəm ki, kim nəyə görə, nə səbəb istefaya göndərilir...".

Tahir bəy komandada intizama qismən nail ola bilib, bunu müşahidələrimiz də göstərir. Futbolçular onun tənqidlərini, məsləhətlərini ciddi qəbul edir. Bunu futbolçularla dolayısı söhbətimizdə aydınlaşdıra bilmişik. Bəs niyə "Neftçi" Süleymanovsuz olmalıdı? Və ya Tahir bəy ona qarşı əks-piar aparan qüvvələrə qarşı nə cür mübarizə aparır? Sualın cavabında da kifayət qədər araşdırılası məqamlar var: "Vitse-prezident vəzəifəsində kubok oyunları da daxil olmaqla "Neftçi"nin son 11 oyununda nə əziyyətlər çəkmişəm... Bilirsiz, bütün gücü sərf edirik ki, komanda özünə inansın, öz oyununu tapsın. Amma bununla paralel, mütəmadi mənə qarşı atmacalarla, qərəzli yazılarla rastlaşıram. Hətta həmin qüvvələr müəyyən jurnalistlərlə əlbir olublar. Hələ də proses davam edir, öz planlarını daha geniş şəkildə ictimaiyyətə çatdırmaq üçün, "Neftçi"nin imicinə zərbə vurmaqla indiki rəhbərliyi və məni sıradan çıxarıb, kluba yiyələnmək istəyirlər. Mən onlara qarşı mübarizəni konkret aparmaq fikrində deyiləm, əsas odur ki, vəzifəyə gələn andan maliyyə işlərinə qəti qarışmıram, komandanın yalnız psixoloji hazırlığına və futbol oynamasına cavabdehəm. Məncə, klub rəhbərliklərini ən zəif nöqtəsi maliyyə ilə bağlıdı. Bunu bilirəm, ona görə də qarışmıram. Bax, məhz buna görə məni "Neftçi"nin vitse-prezidenti postunda görmək istəməyənlər mənə qarşı çirkin əməllərini sürətlə həyata keçirə bilmirlər".

Deyək ki, hər şey, bütün qüvvələr "Neftçi"də anarxiya yaradıb, hazırkı rəhbərliyi devirmək üçün hərəkətə keçib. Bəs "yuxarılar" eləmi acizdi olanların qarşısında? Yox. Müşahidələrə göstərir ki, "Neftçi"də Əkbər Haciyev fiquru əvəzedilməz deyil. Prezident postuna ən azı birdən çox "namizəd" var. Diqqətli oxucu mətbuatda bu namizədlərin "işartılarını" görmüş olar. Həqiqətən, çox maraqlı və çoxgedişli kombinasiyalar qurulub, bunu indi, hadisələrin qarmaqarışıq məqamında açıqlamaq faydasız olar. Əks "planlar" işə salınar. Diqqətli olun, "Neftçi"ni devirmək istəyən, inqilab edib hakimiyyəti ələ almaq istəyən qüvvələri, onların planları barədə yeni məlumatları, faktları sizin saytınızda- futbolpress.az-da oxuyacaqsız.
"Neftçi" də Haciyev vəzifədən çıxarıla bilər, istefa yox... Və bir də, onun əvəzinə gələn də müvəqqəti xarakterli olacaq. Çünki "inqilaba" hazırlıq hələ davam edir...

 E L Ç ! N


oxunma sayı: 862 | Paylaş:




?>