Absurd hesabatlar
Paylaş:
Ramin Musayevi tənqid edirlər, amma Elxan Məmmədovun hoqqalarına göz yumurlar. Musayev həmişə PFL-in adından danışmağa məcburdu, ən uzağı, deyə bilər ki, Azərbaycan çempionatının səviyyəsi tədricən qalxır. Amma Məmmədov bütöv Azərbaycan futbolundan danışmağa iddialıdı, hətta dinc durmayıb, son açıqlamalarının birində futzaldakı uğurlardan da dəm vurmağa başlayıb. Burda Məmmədovla Musayev arasındakı bir absurdu ayırd etmək olar ki, PFL-in prezidentinin dediklərində az da olsa, həqiqət toxumu var. Çünki ölkə çempionatında rəqabət nisbətən güclənib. Bu artıq tamam başqa mövzudu ki, "altılıq" sistemi lider komandaların autsayderlərlə oyuna əhəmiyyət verməməsinə, bəzən isə elə iddialı komadalar arasında "danışılmış" oyunların olmasına açıq zəmin yaradıb. Əgər yeni sistemə görə tamamilə Musayevi təqsirkar saysaq, bu, obyektiv olmaz. Yeni formata keçidin mütləq müəllifi Ramin Musayev olmayıb. Bu sistem AFFA İcraiyyə Komitəsi tərəfindən ideya kimi verilmiş, federasiyanın baş katibi tərəfindən dəstəklənmiş, PFL tərəfindən rəsmiləşdirilmiş bir qərar idi. Əgər sistem "laxlananda" bütün tənqidləri birmənalı olaraq Musayevə yönəltsək, Məmmədov bu mənada daha çox "payını" almalıdı. Əgər AFFA rəsmisi xaricdə təcrübə artımını qabardıb bunu yenilik, böyük iş adlandırırsa onda, nisbətdə xeyli aşağı büdcəyə malik Gürcüstan Futbol Federasiyasının hesabatları daha yüksək görünür. Təkcə bu il qonşu ölkədə 25 nəfər yeniyetmə futbolçu Avropanın müxtəlif ölkələrində təcrübə artımına göndərilib. Bu yox, digər kriteriyalarda da GFF AFFA-dan çox öndədi. Elə isə Elxan Məmmədov kimi və niyə aldadır?.. Bilirik, bu, baş katibin illik hesabatı idi. Amma məsələyə bu cür yanaşma gülüncdü. Federasiya illik hesabatını bu şəkildə verirsə, onda ölkə futbolunda anarxiyanın "rəsmiləşdiyini" arxayınca zənn etmək olar. Əgər əvvəllər Abdullayevin futbola maddi yatırımı təmin etməsi mətbuatın ona loyal yanaşmasına zəmin yaratmışdısa, görünür, artıq onun futbolu bilməməyi, federasiyaya yalnız "maddi təminatçı" kimi bağlılığı obrazı qabarmaqdadı. İndi federasiya rəhbərinin kəmiyyətə yox, peşəkarlığa diqqət yönəltməsinin məqamı yetişib. Əks halda Elxan Məmmədovun, Ramin Musayevin və s. funksionerlərin reallıqdan uzaq hesabatları, açıqlamaları, çıxışları hər məqamda tənqidə tuş gələcək.
Elxan Məmmədov bəzən mətbuata verdiyi açıqlamalarda buraxdığı primitiv nöqsanların fərqinə varmasa da olar, çünki o, futbol ictimaiyyətində "obıvatel" obrazında deyil. Amma bu, o demək deyil ki, stadionlarda azarkeş qıtlığı yaşayan futbolumuzun kütləviləşməsi haqda moizələr oxusun. İlin yekunlarında dair mətbuatda icmal verən federasiyanın baş katibi bildirib ki, 2009-da milli komandada gəncləşdirmə olub, futbolun kütləviləşməsinə nail olunub, gənc istedadlı futbolçuların Avropada təcrübə artırması təşkil edilib. Analizlər göstərir ki, Məmmədovun yüksək pafosla çatdırdığı uğurlu nəticələr, ümumi fəaliyyətin fonunda çox zəif, faydasız, sadəcə, texniki xarakter daşıyan işlərdi.
Hələ PFL-in hesabatında nələr gözlənilir- indidən proqnoz etmək mümkündü. Yuxarıda vurğuladıq, əgər ölkə çempionatında hərəkətliliyin artdığı bildirilirsə, bununla razılaşmaq olar, amma ümumi və davamlı xarakter alacaq inkişafdan danışmaq mümkün deyil, ən azı ona görə ki, AFFA-da islahatlar mövsümi əhəmiyyətdən yuxarı qalxmır. Federasiyanın prezidenti Rövnəq Abdullayevin müsbət imici də tədricən zəifləməkdədi. Çünki o, son vaxtlar tamamilə səmimiyyətdən kənar açıqlamalarıyla "fərqlənir".
| Paylaş: