')

Bu gün:


FutbolPress.Az | AFFArizm

AFFArizm


oxunma sayı: 1477 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

Alman filosofu Haydeggerin bir aforizmində deyilir: Başqa dildə mükəmməl danışmaq olar, ancaq həmin dildə mükəmməl düşünmək mümkün deyil. Eynən AFFA-nın baş katibi Elxan Məmmədov... Amma Məmmədovun dilbilmə qabiliyyətini Haydeggerin məsəliylə paralel qoyanda bir balaca, "oşibka" yaranır. İş burasındadı ki, o, azərbaycanca mükəmməl danışa bilmir (Təəccüblənməyin, Məmmədov üçün rusca yox, azəricə əcnəbi dil sayılır), amma mükəmməlfason düşünməkliyi var. Bir də görürsən, çıxıb deyir ki, Azərbaycanda uşaq futbolu inkişaf eləyir. Görürsüzmü, nə qədər dürüst bir yanaşması var: həqiqətən, hamı etiraf eliyər ki, bizdə elə böyüklər də uşaq futbolu oynayır... Bax, beləcə, bizdə uşaq futbolu inkişaf(ı) eliyir. Allah Elxan müəllimi belə əksinqilabçı fikirlərinə görə hifz etsin, ona can sağlığı, çoxlu pul yetirsin...
Bəzən radikal KİV yoldaş Məmmədovun belənçi danışmaqlarını dərc eləmir. Əksinə, onu ittiham eliyir ki, guya, "AFFAvari" baş katib düz demir, obyektiv danışmır-filan-bəsməkan. Anlamaq gərəkdi, Məmmədov AFFA-da ən yekə düzdanışandı. Sözü üzə deməsə də, dalca danışmaqlığı da yoxdu. Yəni hardansa, nətəhərsə danışır da, əsas odur ki, bu adam danışır (başım gicəlləndi, keçək yeni abzasa).
Haydeggerin dəyərli aforizmindən sonra bir atalar məsəlinin yeri olmasa da, yerləşdirək, görək nə gəlir başımıza. Deyir, heç kim ayranına turş deməz. Çox uzağa getməyək, elə dünən Rövnəq Abdullayev demədi ki, Foqtsla növbəti ikiillik müqavilədə heç bir yeni şərt olmayıb..? Aha... Bəs Məmmədov hanı? Niyə qeybə çəkilib? Axı o, həmişə Abdullayevin futbola aid olmayan futbol söhbətlərində buraxdığı "heyratılara" AFFA-nın farm-saytlarının vasitəsilə düzəliş edirdi. Bu dəfə nooldu görəsən... Sirr-ilahinin işidi...
Burdan Ramin Musayev qulağıma pıçıldayır ki, bajoğlu, çox fikirləşmə, bu işin içində sirr-mirr yoxdu, bir az bəri dur, başa salım səni: Eşit, goruma aparmayacam, öyrən-bil kimdi qəzetləri, saytları pulnan alan. Bu Elxan məni xoşlamır, fikirləşir ki, mən ruscax bilmirəm, kəntalıyam, itele... intelegiy... əəə, nədi bu zibilin adı, hə-hə, ay sağ ol, düz dersən, bajoğlu, elə bilir, intelekendliyim yoxdu.
Elxanın özü neçə dəfə çıxış eliyib, deyib, yeni müqavilədə Foqtsa daha çox şərt qoymuşuq. Rövnəq məllimin də başı öz işinə qarışıb, futbolu etibar eliyib bizə, nə bilsin e, Elxan kimi İcraiyyə Komitəsini mobil telefonla yığan bir adam nə vaxtsa belə-belə şeylər danışıb. İndi Rövnəq məllim də bilməyərəkdən deyib də. Onun fikrində səhv olsa da, qərəz yoxdu. Belə də ki Foqts şərt-mərt hərriyən adama oxşuyur heç..? Deməli noolub, nağayrıb? Elxan Rövnəq məllimi "podudar" qoyub. Bax, bu sözü belə də yaz ha: "podudar"!
Bajoğlu, sən özün bilirsən ki, mən "torba" tikən adamlara nifrət eliyirəm, o Elxan belə gedişnən AFFA-nı xarabaya döndərəcək. Kstati, bajoğlu, bu sözləri yazmağa görə demerəm ha, birdən yazıb eliyərsən ey...
Bilirsiz, ümumiyyətlə, AFFA-dakı vəziyyətin vağzaldakı biletsatan bibilərin başındakı ovalşəkilli furajkanın günündə olmasının səbəbi ramin musayevlərdə, elxan məmmədovlarda deyil, onları da o günə salan vəzifənin tərbiyəsidi... Federasiya prezidenti uzun vədədən sonra mətbuatda açıqlamalar verdi, amma bir açıqlamada bir neçə səhvi yanyana düzdü. Əvvəla, Elxan Məmmədovun baş katib vəzifəsində olmasına baxmayaraq, əslində federasiya prezidentinin səlahiyyətinə düşən bütün işlərə qol qoyduğunu bilənlər çoxdu. Amma mahiyyətdə Məmmədova federasiyanın siyasətini müəyyənləşdirməkdə ixtiyar verilməsi acınacaqlı nəticələrə səbəb ola bilər. Onun futbol bilgisinin çox zəif olması, ən azı, uşaq futbolundakı islahatlar haqda, futbolun interpretativ, yəni müntəzəm və mükəmməl inkişafı haqda məlumatı, ideyası yox dərəcəsindədi. Bunu onunla futbol barəsində qısa bir polemikadan sonra müəyyənləşdirmək, isbatlamaq asan bir şeydi. Məmmədov ən yaxşı halda federasiyanın beynəlxalq əlaqələrində kurator kimi faydalı ola bilər. Lap sözün astarını deyək: beləsindən nə baş katib çıxar, nə də Rövnəq Abdullayevi müdafiə edən.
Sözü bu istiqamətdə çox uzadıb, işin peşəkar tərəfini göstərmək olar, amma son vaxtların dəbdə olan bir deyimində olduğu kimi: kimdi e, sözümüzə baxan...

P.S. Hərdən Ramin Musayev də Elxan Məmmədov da, elə haqqında tənqid yazılan hamı, yazandan giley edir, bəzən isə qəzəblənmək həddinə çatırlar. Amma haqqında yazılanların hamısı yaxşı bilir ki, yazanların hansı biri əslində ədalətli, obyektivdi. İstəyimiz odur ki, yavaş-yavaş futbol oxucusu, tamaşaçısı da yazılanları diqqətlə oxusun, oxumağa qarşı daha sərraf olsun, onda inanmaq istədiyi yazanı tapmaqda, müəyyənləşdirməkdə çətinlik çəkməz. Yazılanlardan qeyzlənənlərə, inciyənlərə isə əvvəlcə güzgüdə gördüyü eyibə görə güzgünü qırmamağı, sonra isə bu aforizmi unutmamağı məsləhət görərdik: Yalan dəlikdən, həqiqət isə qapıdan girir...

Yazarın bütün yazıları

oxunma sayı: 1477 | Paylaş:





?>