')

Bu gün:


FutbolPress.Az | PEŞƏKARLAR (V FƏSİL)

PEŞƏKARLAR (V FƏSİL)


oxunma sayı: 1690 Paylaş:

Dükançılar futbolu əllərinə alırlar

(V Fəsil)

* İlk çempionlar
* Mayor Saddelin yaramaz nümunəsi
* Liqanın əsas klubları - fəhlə klubları
* Peşəkarlıq üçün yollar
* Futbol küy-kələyi
* Dükançılar futbolu əllərinə alırlar
* Peşəkarlığın qanuniləşdirilməsi. Müqavilələr. Muzd sistemi - peşəkarlar üçün dəli köynəyidir

Liqanın ilk çempionatı 1888/89-cu il mövsümündə keçdi və ilk çempionu müəyyən etdi. Bu, bir görüşü də uduzmayan "Preston nort end" komandası idi. Elə həmin il bircə qol da biraxmayan "Preston" futbol assosiasiyasının kubokunu qazandı. Bu, futbol tarixində ilk "qızıl dubl" idi. Sonralar, mütəxəssislər ikiqat müvəffəqiyyətə cəhd göstərməyin futbolçular üçün həddən artıq üzüntülü olduğunu qeyd etməyə başladılar. Ehtimal ki, bu haqlı fikir idi, çünki belə müvəffəqiyyəti təkrar etmək uzun müddət heç bir kluba nəsib olmamışdı. Yalnız 1961-ci ildə "Tottnem Hotsper" belə müvəffəqiyyətə nail oldu. Bu, XX əsrdə həm çempion, həm də kubokun sahibi adını qazanan ilk klub idi. Ikiqat müvəffəqiyyətə nail olmağın çətinliyini belə bir fakt da sübut edir ki, son onillikdə ingilis futbolunda hakim mövqe tutan "Liverpul" kimi komandaya "dubl" etmək müyəssər olmadı.
Hər halda indiyə qədər ölkədə "məğlubedilməzlər" komandası kimi məşhur olan "Preston" ilk belə klub olmuşdu.
Bu uğura görə "Preston" ən əvvəl, Şotlandiyadan bir neçə "ulduzu" toplayıb pul hesabına öz komandasına keçirən mayor Saddelə borclu idi. İngilis futbolunda peşəkarlığınn yaranmasına və inkişaf etməsinə Saddelin hərəkətləri böyük təsir göstərdi. Yaramaz nümunə yoluxucu olduğu üçün tezliklə başqa klublar da öz futbolçularına pul verməyə başladılar.

Peşəkarlıq məsələsi ilk dəfə 1884-cü ildə meydana çıxmışdı. O zaman "Akkrinqton" və "Preston nort end" klubları heyətlərində muzdlu futbolçular oynadığına görə yarışlardan çıxarılmışdı. Mayor Saddel oyunçulara pul verdiyini etiraf etdi, amma bildirdi ki, buna bənzər hallar başqa klublarda da mövcuddur. Fakt qarşısında aciz olan futbol assosiasiyası onunla hesablaşmaq məcburiyyətində qaldı.
Yaradılmış futbol liqası sadə adamların ruhuna və ağlına hakim kəsildi. Onların əksəriyyəti fabriklərdə, zavodlarda işləyirdi və işdən sonra müəyyən istirahətə ehtiyac duyurdu. Şənbə günləri iş vaxtı saat 12-də qurtarırdı və qalan asudə vaxtı keçirmək üçün futbol ən gözəl idman növü idi.
Futbol liqasına daxil olmaq istəyən klubların sayı bütün ölkədə artmağa başladı. Məsələn, asudə vaxtlarını səmərəlikeçirmək və usandırıcı işdən bir qədər ayrılmaq məqsədilə, köhnə Lankaşir və Yorkşir dəmir yollarının bir qrup dəmiryolçu fəhləsi top-top oynamağa başladı. Dəmir yolu yaxınlığındakı tala onların ilk futbol meydanı idi. Talada çoxlu iti daşlar vardı və bu daşlara toxunanda oyunçuların ayağı qanayırdı, ancaq oyun üçün bir şəraitin olmaması dəmiryolçuların həvəsini öldürə bilmirdi. Tezliklə onlar özlərinin "Nyuton xit lokomotiv" klubunu yaratdılar. Fəhlələrin bu klubu o qədər kasıb idi ki, öz iclaslarını onlar şam işığında keçirməyə məcbur olurdular: otağı işıqlandırmaq üçün qazın hesabını ödəməyə klubun pulu yox idi. Indi bu, bütün dünyada məşhur olan "Mançester yunayted" klubudur.
Bu, 1885-ci ildə əsası qoyulmuş qocaman klubdur. Hələ bu yaxınlara qədər qaz hesabını ödəməyə pulu çatmayan həmin klub indi bir mövsüm ərzində milyondan artıq tamaşaçı toplayır. Klubun Mançesterin kənarındakı parkda yerləşən "Old Trefford" adlı öz stadionu var. Klub öz meydanında 21 görüş keçirir və milyon funt sterlinqdən artıq gəlir götürür. İngiltərədə heç bir kluba onun kimi belə səxavətlə yardım edilmir. Stadionun tribunalarında opera teatrlarındda olduğu kimi xüsusi lojalar vardır. Varlılar orada xudmani məclislər düzəldirlər ki, sonra tam rahatlıq içində futboldan ləzzət alsınlar. Klubun futbol müvəffəqiyyətləri onun məşhur meneceri Matt Basbinin adı ilə sıx bağlıdır. Klubun heyətində R.Çarlton, Lou, Best kimi futbolçular oynayıblar.
Məşhur ingilis klubu "Lankaster-siti" də dəhşətli dərəcədə kasıb olub. Klubun hətta öz futbol topu olmayıb və onu almaq üçün klub üzvləri hərəyə bir şillinq altı pens pul yığıblar.
"Arsenal" klubu silah zavodlarında işləmək üçün şimal əyalətlərindən Londona gəlmiş bir qrup fəhlə tərəfindən 1886-cı ildə yaradılıb.

Ümumi fonda bir neçə penni keçirən bu adamlar "Deyel Skver" (Londonun rayonudur) adlı klub təşkil etmişdilər.
Tələsik inşa edilən meydança üç tərəfdən tutqun rəngli evlərlə əhatə olunmuşdu. Meydançanın digər tərəfində isə üstü açıq nəhəng zibil quyusu vardı. Meydançadan çıxan top ya bu evlərin həyətlərinə, ya da üfunətli zibil quyusuna düşrdü.
Oyunçular eyni rəngli köynək geymək imkanı olmadığına görə nədə gəldi oynayırdılar. Öz həmkarlarının miskin vəziyyətindən xəbər tutan "Nottingem forest" komandasının futbolçuları öz köynəklərini onlara vermişdilər. "Nottingem"in oyunçuları qırmızı rəngli köynəklərdə oynayırdılar, amma indi qırmızı rəng "Arsenal" klubunun da rəsmi rəngi olub.
O vaxtlar futbol fəhlə sinfinin oyunu idi və ən yaxşı oyunçular əhalinin kasıb təbəqələri arasından çıxnmışdılar. Qara camaat zavod, fabrik, şaxtalardakı darıxdırıcı və ağır zəhmət tələb edən günlərin yeknəsəkliyini pozmağa çalışırdı.
Bu klublar fəhlələrin gücü ilə, heç bir vəsait olmadan yaradılmışdı.
Bu kasıb klubları yaradan fəhlələr, mahiyyət etibarilə "Korinfinyanlar", "İtonlar", "Səyyahlar" və sairə kimi qədim "aristokratik" həvəskar klublara cavab vermiş olurdular.
Klublar bir məqsədlə yaradılırdı - futbol naminə, oyunun gözəlliyi naminə, namuslu idman rəqabəti naminə futbol oynamaq. Lakin hər şey necə də tez dəyişdi!

Liqanın meydana gəlməsi ilə peşəkarlıq futbola soxulmağa başladı. Hamısı xırda şeylərdən başladı: stadiona giriş haqqının müəyyənləşdirilməsi zərurətindən, öz hesabını aparmaq zərurətindən, mühasiblər saxlamaq zərurətindən və s.
Əvvəllər yalnız bir yığın həvəskarın toplaşdığı matçlar indi yüzlərlə, bir qədər sonra isə minlərlə tamaşaçı cəlb etdi. Sanki, sonu görünməyən futbol gurultusu, futbol hay-küyü başlamışdı. Biletlərin qiyməti artdı və təbiidir ki, futbolçular müvafiq muzd tələb etməyə başladılar. Əgər əvvəllər klublara idman komitələri üzvlərindən olan həvəskarlar rəhbərlik edirdilərsə, indi onlar mahiyyət etibarilə səhmçdar şirkətlər oldular - maliyyə məsələləri üzrə bank qarşısında məsuliyyət daşıyan sədr və direktorlar ittifaqı klubu idarə edirdilər.
Aksiyalar işə düşdü və labüd nəticə kimi yerli varlılar klubları alıb, onların sədrləri oldular.
İngilis futbol klublarının aksiyaları açıq satışda çox nadir hallarda olur. Bu aksiyalar onları əsasən 90 il əvvəl almış ailənin əlində qalır.
İdmanla heç bir ümumi əlaqəsi olmayan və özləri heç vaxt futbol oynamayan qəssablar, çörəkçilər, göysatanlar, baqqallar birdən dərk etdilər ki, futbol liqasına daxil olan yerli komandanın sədri, yaxud heç olmasa direktoru olsalar, öz yaşayış məntəqələrində böyük şan-şöhrət və nüfuz qazana bilərlər. İngilis futbolunun başqa ölkələrdəki idman həvəskarlarını tez-tez çaşdıran həmin aspekti məhz budur.
Bir tərəfdən, ölkəmizdə futbolda ümumidarəni həyata keçirən və FIFA-ya tabe olan futbol assosiasiyası var. Futbol assosiasiyası oyun qaydalarının gözlənilməsinə, oyunçuların intizamına nəzarət edir, qanunlar pozulanda onları cəzalandırır və i.a. Digər tərəfdən, bizdə ən yaxşı həvəskar futbolçuları öz tərəfinə çəkən və onları peşəkarlara çevirən peşəkar futbol liqası fəaliyyət göstərir. Futbol liqasının klubları İngiltərə yığma komandasına futbolçular verir. Futbol liqası bütün maliyyə işlərinə rəhbərlik etdiyi üçün böyük hakimiyyətə malikdir. Futbol liqasının bir sıra rəsmi şəxsləri həm də futbol assosiasiyasında məsul vəzifələr tuturlar.
Futbol assosiasiyası ilə liqası arasındakı münasibətləri tənzimləmək böyük ehtiyat və diplimatiya tələb edir.
Bir sıra mütəxəssislərin fikrincə, bu cür "ikihakimiyyətlilik" futbolun xeyrinə deyil.
Hakimiyyətin bölünməsi futbol liqası klubunun daxilində də mövcuddur. Sədr və direktorlar ittifaqının üzvləri klubun maliyyə işlərinə nəzarət edirlər. Komandanın menecerini də onlar təyin edirlər. Menecerlərin bəziləri (məsələn, "Mançester Yunayted"dən olan Matt Basbi) özlərinin bütün karyeraları boyu bir klubda qalırlar, digərləri (məsələn, 18 ildə səkkiz klub dəyişən Tommi Doçerti kimi) klubdan kluba keçirlər. Yalnız daha çox məşhur olan menecerlər 5 ildən 10 ilə kimi uzunmüddətli müqavilələr bağlayırlar, çoxları ümumiyyətlə müqaviləsiz işləyirlər.
Menecerlərin də oyunçular kimi sabahkı günə etibarları yoxdur. Peşəkarlığın leqallaşdığı zamanlarda klubların rəhbərliyi birləşərək peşəkar klub futbolunun strukturunu işləyib hazırlamışdı. Məsələn, 17 yaşına çatmayan futbolçu müqavilə bağlamaq hüququna malik deyildi. Müqavilə bağlandığı vaxtdan etibarən futbolçu klubun xüsusi mülkiyyətinə çevrilirdi. Düzdür, o, futbol liqasının üzvü olmayan başqa klubda oynayıb oradan pul ala bilər, lakin icazəsiz və keçid üçün pul ödəmədən liqanın bir klubundan digərinə keçə bilməz. Müqaviləni imzalamış oyunçu həmin klubda mövcud olan qaydalara və göstərişlərə əməl etməyə borcludur. Göstərişlər isə müxtəlif cür ola bilər.
Müqavilələrdə bir maddə vardı ki, ona əməl etmək bütün klublar üçün məcburi idi. Çox mübahisələr və hiddətə səbəb olan bu maddədə "maksimal əmək haqqı"ndan söhbət gedirdi.

Əvvəlcə daha dövlətli klublar "azad haqq ödəmə" - yəni "ulduzlar sistemi"ni həyata keçirməyi tələb etdilər. Bu sistemə görə onlar yüksək dərəcəli oyunçulara ən böyük məbləğlərdə, dərəcəsi aşağı olan oyunçulara isə müvafiq surətdə kiçik məbləğlərdə haqq verə bilərdilər. Digərləri isə, (onlar əksəriyyəti təşkil edirdilər) hətta "superulduzlar"ın müəyyən olunmuş həddən artıq ala bilməyəcəyi "maksimumun" həyata keçirilməsini təkid edirdilər. Ikinci sistem səslərin çoxunu topladı.
Əvvəlcə ustalığıyla seçilən oyunçuların ən yüksək həftəlik əmək haqqı, mövsüm ərzində 4 funt, tətil vaxtlarında isə (may ayından iyuladək) həftədə 3 funta bərabər idi.
Öz klubundakı "xidmətin" beşinci ili tamamlananda, futbolçu kluba sədaqətli olduğu üçün (direktorların sərəncamına əsasən) 750 funt ala bilərdi. Ən məşhur klublar həmişə bu cür mükafatlar verməsinə baxmayaraq, heç də bütün klublar belə etmirdi. Düzdür, gəlir vergisi çıxıldıqdan sonra oyunçu real olaraq 400 funtdan bir qədər artıq alırdı. Klublar bu cür haqq ödəməkdən əlavə mükafatlandırma sistemi də təyin etmişdilər: hər oyunçuya heç-heçəyə görə 1 funt, qələbəyə görə 2 funt verilirdi.
Liqanın birinciliyi uğrundakı qələbəyə görə çempion komanda 550 funt ala bilərdi ki, bu məbləğ də hər adama 35-40 funt düşməklə əsas heyətin oyunçuları arasında bölüşdürülürdü. İkinci yeri tutan komanda 440 funtdan artıq mükafat ala bilməzdi.
Beynəlxalq görüşlərdə oynamaq üçün seçilən futbolçular hər oyunda adambaşına 20 funt alırdılar. Bu sistem hətta Stenli Mettyüz, Tom Finni, Frenk Suift, Billi Rayt, Alf Ramsey və başqa bu kimi məşhur futbolçular üçün də istisnalıq təşkil etmirdi.
Misal üçün əfsanəvi Stenli Mettyüzü götürək. Beş beynəlxalq görüşü üçün ildə 10 funt ala bilərdi. Ona hər həftə verilən 680 funtluq əmək haqqının üzərinə heç-heçə və qələbələrə görə ödənilən təxminən 80 funt mükafatı da əlavə eləcək 760 funt edər. Burya beynəlxalq görüşlərə görə 100 funt da əlavə etsək, nəticə etibarilə ildə 860 funt alınar.
O vaxtlar fəhlənin illik orta mək haqqı 400 funt idi. Beləliklə, onların ən yaxşı halda 15 il davam edən karyeralarını ağır zədələrin yarımçıq kəsə biləcəyindən daim qorxa-qorxa yaşasalar da, peşəkar futbolçular xeyli çox pul alırdılar.
Peşəkar futbolun ədalətsizliyi və amansızlığı onda idi ki, klubla müqavilə bağlayan gənc perspektivli futbolçu onu tərk edib (klub rəhbərliyinin icazəsi olmadan) liqanın digər klubuna keçə bilməzdi.
Bundan əlavə sistem, idmançının fərdi keyfiyyətlərini də nəzərə almırdı. Hətta əgər bu oyunçu əfsanəvi Pele olsaydı belə, yenə də həftədə 4 funtdan artıq ala bilməzdi. İnflyasiya və qiymətlərin daim artması İngiltərənin iqtisadiyyatına zərbə vurduqdan sonra peşəkar futbolçuların maksimal əmək haqqı həftədə 20 funta qədər qalxdı. Məhz onda Corc İstxem Ali məhkəməyə müraciət etdi və məhkəmə bu cür əmək haqqı sisteminin qanunsuzluğunu etiraf elədi.
Əlbəttə ki, peşəkar futbol "ulduzları"nı müşayiət edən şöhrət və reklam fərəhli şeylərdir. O da həqiqətdir ki, öz idman formasını qoruyub saxlayan bir çox "ulduzlar"ı əzizləyib nazını çəkirdilər. Məsəlçün, bir sıra klublar maksimal əmək haqqı barəsindəki maddəyə riayət etməyərək "ulduzlar"a nominal qiymətlə gözəl evlər kirayə verirdilər. Həftədə iki, yaxud üç dəfə oyunçuları klubun hesabına yedirirdilər. Futbol kütləvi tamaşa xarakteri daşıdığı vaxtdan etibarən alverçilər klublara rəhbərlik etməyə can atırdılar. Artıq bayaq yazdığım kimi, bu onlara nüfuz və qazanc əldə etmək üçün lazım idi. Əvəzində müharibə qurtarandan sonra ölkə ərzaq qıtlığı çəkəndə, ət çatışmayanda və yeyinti məhsulları satış norma çərçivəsinə salınanda, futbolçular ət və digər ərzaq malları almağa əziyyət çəkmirdilər.
Ənənə üzrə Uemblidəki stadionda keçirilən Kubok uğrunda yarışın finalına çıxan komandanın hər hansı oyunçusu final matçına 10-a qədər bilet ala bilər.
Futbol assosiasiyasının qaydalarına əsasən biletlərin sayı 10-dan artıq olmamalıdır, lakin klubların əksəriyyəti bu qaydanı pozaraq əsas heyətin hər bir oyunçusuna 50-dən 100-ə qədər bilet verirdilər. Səbəbi o idi ki, final matçına olan biletin öz qiymətindən 20 dəfə baha satmaq mümkündü. Sizə qəribə görünsə də mən, oyunçuların gizlincə aldıqları ehtiyat biletləri təzə maşına dəyişdiklərinin şahidi olmuşam! Indinin özündə də qara bazarda bilet alveri və möhtəkirliyi çiçəklənmədədir.

Frenk Teylor - "Peşəkarlar" (1985)
Materialdan istifadə olursa, "FutbolPress"ə istinad mütləqdi.
Təkrar redaktə: Elçin Cəlilov

(I Fəsil)
(II Fəsil)
(III Fəsil)
(IV Fəsil)


oxunma sayı: 1690 | Paylaş:




?>