')

Bu gün:


FutbolPress.Az | TAHİR SÜLEYMANOVDAN AZAD MƏTBUATA ŞANTAJ!

TAHİR SÜLEYMANOVDAN AZAD MƏTBUATA ŞANTAJ!


oxunma sayı: 437 Paylaş:

"Neftçi"nin vitse-prezidenti artıq nə danışdığını bilmir

"Biz «Neftçi»yə gələndən sonra komandada nizam-intizam yaratdıq, psixoloji vəziyyəti yüksəltdik. Bundan sonra bəzi adamlar klubun içərisinə daxil olub, öz məqsədlərini həyata keçirə bilmədilər. İndi bu işlərlə həmin adamlar məşğul olur. Belələri mətbuatda da var, futbol ictimaiyyəti arasında da. Çox təəssüf ki, bəzi mətbuat nümayəndələri də onlara dəstək verir". Bu sitat "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun fanat.az saytına müsahibəsindən götürülüb. O, həmin sözləri bu sualın cavabında deyib: "Deyirsiz ki, bu xəbərlər şaiyədi, «Neftçi"ni ləkələmək, ruhdan salmaq istəyənlər yayıb. Belə çıxır ki, bu xəbərlər sizin və klubunuzun nüfuzuna zərbə vurub. Belə xəbərləri yayan mətbuat orqanları barədə hüquqi ölçü götürmək niyyətiniz yoxdu ki?"

Süleymanovun şəxsi xarakteri barədə, peşəkar oriyentasiyasında buraxdığı ibtidai səhvlər haqqında növbəti dəfə yazmırıq. Bununla nümayiş edirik ki, azad mətbuat olaraq heç kimdən, heç bir subyekt və ya obyektdən asılı deyilik- ondan fərqli olaraq. Biz futbolpress.az saytı olaraq nəyi tənqid, ifşa ediriksə, heç bir futbol funksioneri barmağını belə uzada bilməz ki, bu sayt bizə şər-böhtan yaxır, kimlərinsə marağını güdür və s. Bunu Süleymanovun özü də yaxşı, özü də çox yaxşı bilir. Amma bilsə də, bilmədiklərini danışmağa, özünü qeyri-ciddi rəhbər kimi imic formalaşdırmağa uğradır.

Yoldaş Süleymanov, "Turan"-"Neftçi" oyunu barədə ən çox araşdırma və tənqid yazan, ifşaları işıqlandıran mətbu orqanlardan biri də futbolpress.az olub. Siz əgər bu açıqlamanızla konkret ünvan göstərmirsinizsə, ümumi ittiham səsləndirirsinizsə, onda bunun bir ucu da bizə toxunmuş olur. Gəlin, sizinlə birlikdə bir az keçmişə qayıdaq: Neçənci dəfədi sizdən alınan müsahibə saytımızda dərc olunmur? Siz dəqiq rəqəmi xatırlamaqda olun, biz səbəbini vurğulayaq. Çünki  verilən suallara dəxli olmayan cavablar vermisiz. Bir neçə dəfə, "bunu dost kimi deyirəm, yazmayın haa"- deyib, xahiş etmisiz. Biz belə müsahibəni dərc etmirik cənab Süleymanov! Bunun kimi bir neçə klub rəhbəri də var, bilərəkdən sualdan yayınıblar, suala birbaşa cavab vermədiklərinə görə müsahibə dərc olunmayıb.

Biz jurnalistika qaydalarına, peşə əqidəmizə xilaf çıxıb, suala aidiyyatı olmayan cavabı dərc edib, oxucunu aldatmağı vicdanımıza sığışdırmırıq! Amma çəkinmədən yalan danışan, iftira yaxan, gün ərzində fikirini bir neçə dəfə dəyişən kimlərdi? Sual sizi qeyzləndirməsin...

Unutmayaq, mətbuatda kimdənsə, hansısa futbol mənsubundan bu və ya digər formada asılı olanlar var, siz də belələrini tanıyırsız. Amma diqqətli olun! Heç bir maddiyyatdan asılı olmayan, sadəcə ağı ağ, qaranı qara kimi oxucusuna göstərməyə minbir əziyyət çəkən jurnalistləri iftira dolu açıqlamanızın badına vermək sizə ağır başa gələr.
Mətbuatın dostu kimi özünüzü təqdim edirsiz, amma bilin, siz maraqlarınızı təmin edən, istəklərinizi həyata keçirən mətbuatın dostusuz... Biz isə dost axtarışında deyilik.

"Turan"-"Neftçi" oyunu haqda vicdanlı, qərəzsiz KİV heç vaxt məkrli informasiya yaymaz. Kimin, hansı mətbu orqanın bu məlumatları şişirdib yaymaqda marağı varsa, hansı ki siz belə düşünürsüz, zəhmət deyilsə, bütün KİV-ə iftira yaxmayın, konkret ünvana bildirin ittihamınızı. Bir daha vurğulayaq: yoldaş Süleymanov, məhz futbolpress.az-ın kollektivinə bələd olduğunuza görə sizi ədalətə dəvət edirik. Birincisi, istərdik ki, qalmaqallı oyun barədə sizə ünvanladığımız suallara tam cavab verəsiz, hələ də cavab tapa bilməmisizsə, onda KİV-in və ya kimlərinsə "Neftçi" və "Turan"ın uğurlarını istəmədiyini deyib, arqumentsiz, məntiqsiz fikir səsləndirməyəsiz. Bilirsiz, gəlin məsələyə lap sadə, tərəfsiz prizmadan yanaşaq: Məlum qalmaqallı oyun ətrafında ictimaiyyətin, narazı futbol mənsublarının fikrini işıqlandırmaq tam normal bir haldı. Anormal isə məsul şəxslərin bunlara sərt reaksiya bildirməsi, bəzən də acizlik göstərib analoji mətbu orqana iftira yaxmasıdı.

Biz, futbolpress.az saytının kollektivi Tahir Süleymanovun fanat.az-da dərc olunan müsahibəsindəki KİV-lə bağlı məqamına qəti şəkildə etirtazımızı bildirir, öz adımıza mətbuatın qərəzli şəkildə ittiham olunduğunu düşünürük. Tahir bəyi ədalətə, obyektivliyə dəvət edir, saytımızın tutduğu obyektiv mövqeyini qərəzli şəkildə təhrif etdiyini düşünürük. Güman edirik ki, o, bu barədə düşünüb lazımi ölçü götürəcək.


oxunma sayı: 437 | Paylaş:




?>