')

Bu gün:


FutbolPress.Az | Yaxın qonşunun uzaqlığı...

Yaxın qonşunun uzaqlığı...


oxunma sayı: 1066 Paylaş:

FutbolPress
aliyev.xandan@gmail.com

Gürcülərlə bizim bir çox fərqliliklərimiz var; onlar səhər yuxudan duranda "vino" içərlər, biz şirinçay, onlar vəzifəyə can atmazlar, biz vəzifəyə can da, pul da atarıq, onlar istefa verməyi bacararlar, məsələn, bizdə istefaya göndərməyi də bacarmazlar... və çoxlu belə şeylər. Vüqarın Siçinavadan aldığı müsahibədə xeyli maraqlı məqamlar var. Məsələn, GFF-in prezidenti seçilən bu işadamı deyəndə ki Gürcüstanda futbolu bitirən hər kəs bir məktəb açıb uşaq öyrədir, məəttəl qaldım. Yadıma Vaqif Paşayevin Xəzər TV-yə intervyusu düşdü; Azərbaycan yığmasında oynayan futbolçuların əksərinin ustadı olan Paşayev deyirdi ki, normal "polya" yoxdu oynamağa, uşaqlara məşq elətdirməyə.
İnanmıram ki, qonşu ölkədə də hər yerindən duran bir futbol məktəbi açmaqla düz iş görür. Aralarında o qədər məcburiyyətdən bu yola gedənlər var ki. Orda da Azərbaycan kimi deyil ki, futbolçu "inomarka"da gəzsin, müxtəlif "obyektləri" olsun, onlar da çörəyi uşaq futboluna yardımfason eləməklə qazanırlar yəqin... Amma bu mənada Gürcüstanın Azərbaycandan bir fərqi var: orada günü sabah ölkəni gəzib istedadlı uşaq axtarmaq istəsən, tez taparsan, amma Azərbaycanda futbola maraq göstərən uşaq ya AFFA-nın akademiyafasonunda batıb, ya da ümumiyyətlə, uşaq deyil, lipalaşdırılıb...
Siçinavanın bir sözündən tutmaq olardı ki, adam futbolu bilir, onun federasiya rəhbəri kimi Gürcüstan futboluna xeyri dəyəcək. Deyir ki, Qafqaz futbolunun öz koloriti var, burda xarici məşqçi heç nə edə bilməyəcək, yalnız yerli məşqçilər gərək Avropaya göndərilsin, təcrübəsini artırsın, gəlsin öz ölkəsində işləsin. Bax, bunu Rövnəq Abdullayevlə Elxan Məmmədovun qulağına da pıçıldasa, pis olmaz. Çox ağıllı, məntiqli fikirdi: Avropadan gələn prestijli məşqçi Qafqaz kimi koloriti Balkanlardan o yana çox fərqlənən bir yerdə nəsə bir inqilabi iş görə bilməyəcək. Çünki o, hər şeydən əvvəl özünü bu ölkələrdə bir mərtəbə yuxarıda hiss edəcək, biganəlik, bir az da saymazlıq "xəstəliyinə" yoluxacaq. Bunlar psixoloji məqamlardı. Çox incə yanaşma edib, Siçinava bu məsələdə.
Gürcüstan təbii sərvətlərinə görə Azərbaycandan geri qalır, amma onların bizdən fərqi odu ki, işdə kəmiyyətə yox, keyfiyyətə önəm verərlər. Gürcüstana az-çox bələd olan biri kimi deyə bilərəm ki, bizdən kasıb da olsalar da, qonşularımızın "gözü toxdu", onlar bizdən ən az 10-15 il qabaqdadılar Avropaya inteqrasiyada. Kimsə deyə bilər ki, ayə yox, gürcülər, qazımıza, neftimizə görə bizə yarınır, yaltaqlanırlar. Mən bu bleflərə önəm verməzdim. Çünki fərdi formada borçalılı qasımların, qiyasların xamlığı, hökumətdən haqqını tələb edə bilməməsi o demək deyil ki, Gücüstanda azərbaycanlılara qarşı münasibət pisdi. Bir daha deyək, təkrarçılıq çıxmasın, gürcülərin insan potensialı genişdi, amma azərbaycanlıların insan kütləsi- nə olsun ki, sayımız onlardan çoxdu...
Siçinava çox maraqlı bir fraza da işlədib: "Azərbaycanla Gürcüstan arasında indiyədək oynanan matçların bəzilərinin əvvəlcədən danışılmış nəticə ilə bitməsi barədə eşitməmişəm. Amma bu tip oyunların keçirlmədiyini də deyə bilmərəm. Çünki əslində, belə işlər bizim ölkələrin futboluna xas bir xarakterdir". Görün, insan necə də müstəqil düşüncəlidi, azad fikirlidi. Sözlərinin heç birində "xirtdəyə keçirilmiş qalstuk" yoxdu. Onun yerinə Abdullayevi, Məmmədovu təsəvvür edək: tərifin ağzına girib-çıxarlar, amma belə sərbəst fikir söyləməzlər. Axı Azərbaycanda kimdi e, sərbəst məmur, nazir, oliqarx?!..
Gürcüstanla Azərbaycan arasında maraqlı fərqlərdən biriylə də sərhəddi o tərəfə keçəndə qarşılaşmaq olar: ölkə ərazisinə daxil olarkən, hamıya xüsusi blank verilir, əgər hansısa orqanda rüşvət problemiylə qarşılaşsan, həmən o nömrəyə zəng edib, problemini yerindəcə həll edə bilərsən. Bilirsiz, Azərbaycanda bundan da cazibəli qanunlar, qaydalar var, amma əməletmə mədəniyyəti formalaşmayıb, daha doğrusu, formalaşanı da bilərəkdən bərbad hala salır bu rejim.
Yaxşıca düçünün, bu qədər sosium xarakterli bir problem məngənəsində olan ölkədə futbol inkişaf edərmi? Ritorik sualın cavabını tapanda növbəti yazımı oxuya biləcəksiz...

Yazarın bütün yazıları

oxunma sayı: 1066 | Paylaş:





?>