')

Bu gün:


FutbolPress.Az | ZVİAD SİÇİNAVANIN FUTBOLPRESS.AZ-a EKSKLÜZİV MÜSAHİBƏSİ

ZVİAD SİÇİNAVANIN FUTBOLPRESS.AZ-a EKSKLÜZİV MÜSAHİBƏSİ


oxunma sayı: 889 Paylaş:

"Foqts 100 minə yaxın pul alırsa, Kuper bundan daha çox alırdı. Ketsbaya isə Kuperdən üç dəfə az..."

Gürcüstan Futbol Federasiyasında (GFF) yenidənqurma işləri aparılır. Oktyabrın 1-dən etibarən federasiyaya yeni isim - Zviad Siçinava başçılıq edir.
1966-cı ildə Rusiyanın tərkibindəki Qaraçay Çərkəz Respublikasında doğulan Zviad Siçinava 2006-cı ilədək Rusiyada yaşayıb və çalışıb. 2006-cı ildə Gürcüstanda "Ziqdudi-Baya" klubunun sahibi olub. Bu ildən isə GFF-in prezidentidi.
Siçinava prezident vəzifəsinə gələr-gəlməz Gürcüstan millisinin baş məşqçisi Ektor Kuperlə də yolları ayırdı. Artıq millinin rəhbəri də gürcüdür. Gürcü futboluna "vurulan xalis gürcü qanı" nələri dəyişəcək?... Yeni prezidentin xarici mediaya ilk müsahibəsi bizimlə alındı. Siçinavanın bütün danışdıqlarını buyurun, öz "ağızından eşidin":

Gürcüstan futbolu son dövrlər çöküş yaşayırdı. Bu zəifləməni təcili durdurmaq lazımdı. Gürcü futbolu əvvəlki güclü imicini bərpa etməli və daha da irəli getməlidi. Bunun üçün bizim bəzi planlarımız var...

STADİON...
Gürcüstanda futbol meydançası demək olar yoxdu. Bu yöndə dövlətin də yardımı ilə bir neçə yerdə- Batumda, Kutaisidə, Potidə- il yarıma, iki ilə hər regionda bir stadion tikməyi planlaşdırırıq. Bu stadionların tutumu 10-14 min nəfər arasında olacaq. Daha böyüklərə ehtiyacımız yoxdu. Çünki, artıq bütün Avropa da başa düşür ki, böyük stadionlar olimpiyada oyunları üçündü, futbol yox. Axı, heç 40-50 min tutumu olan stadionlar dolmur.

UŞAQ FUTBOLU

Stadionların olduğu yerlərdə də uşaq futbolu  məktəbləri olmalıdı. Uşaq  futbolu olmadan ölkə futbolunun inkişafına nail olmaq mümkün deyil. Ancaq, Gürcüstanda vəziyyət belədi ki, uşaq məktəbi çox olsa da, keyfiyyətli deyil. Futbolla vidalaşan oyunçuların hamısı gedib özünə bir futbol məktəbi açıb uşaqları öyrədir. Amma həmin məktəblərdə keyfiyyət istənilən səviyyədə deyil.
Biz istəyirik ki, bu, planlı şəkildə olsun, lisenziyasız məktəblər yığışdırılsın. Hər bir məktəb üçün qaydalarımız olacaq. Həmin uşaq məktəblərinin böyük stadionları, yaxşı həkimləri, səviyyəli məşqçiləri olmalıdı. Həkim və qida uşaq futbol məktəblərinin ən əsas amillərindəndi. Biz uşaqlar zədələnəndə onları uşaq kimi sağaldırıq, amma bu, belə olmamalıdı. Həmin uşaqlar da peşəkar futbolçu kimi müayinə və müalicə edilməlidi. Lazım olarsa, yetkin futbolçuya sərf olunan puldan daha çoxu uşaqların müalicəsi üçün xərclənməlidi. Çünki, kiçik yaşlarında zədə alsa bu, onun peşəkar həyatına böyük zərbə ola bilər. Həmin uşaq futbolçular Gürcüstanı 5-10 ilə təmsil edəcəklər. Əsas gücü onlara verməliyik. Kriteriayalara cavab verməyənlərin bağlanılması daha yaxşı olardı.
Uşaq futboluna pulu əsasən UEFA ayırır. Onların verdiyi pul futbol üçün böyük məbləğ deyil, ancaq uşaq futbolunun inkişafı üçün kifayət qədərdi. Gürcüstan televiziyalarından da pul gəlir. Əsas odur ki, bu pulları doğru yöndə xərcləməliyik. Ölkə futbolunun inkişafı üçün ən düzgün istiqamət isə uşaq futboluna diqqət ayırmaqdı. Bütün sərmayəni uşaq futboluna qoymalıyıq ki, bir neçə ildən sonra güclü futbolçulumuz və futbolçularımız olsun.

AZARKEŞ...
Azarkeş hiss etməlidir ki, onun biletə ödədiyi pul kiminsə cibinə getmir, ölkəsinin futbolunun inkişafı üçün xərclənir. Bax, belə olanda futbolçu pis oynadığı halda, fanatın haqqı çatacaq ki, onun yaxasından yapışsın "mən sənin üçün pul xərcləyirəm" deyib yaxşı oyun tələb etsin.

EKTOR KUPERİN "İSTİOTU" YOX İMİŞ...
Kuperi gətirmişdilər ki, böyük bir sıçrayış olsun. Ancaq, burada bəzi detallar var. Fikrimcə, Qafqazın futbol öz koloriti var. Və məncə heç bir alman, argentinalı və ya fransalı bizim millətlərə xas cəhətləri yaxşı anlaya bilməz. Mən hesab edirəm ki, bu gün Gürcüstan futbolunun başında gürcü durmalıdır.
Misal üçün, yəqin ki, bakılının xarakteri, düşüncəsi bir cürdü, başqa Azərbaycan şəhərindən olanın isə ayrı cür. Mentalitetləri fəqlidi onların. Eləcə də, Gürcüstanda. Burda 13 region var, miqrellə rəftarla acarla rəftar fəqli olur. Fərqli mentalitetlərdi, fərqli yanaşmalar tələb edir. Kuper isə bunları ayıra bilməzdi. Bu koloritliyi duymaq onun üçün çox çətin olardı. Mən, heç vaxt deyə bilmərəm ki, Kuper yaxşı məşqçi deyildi. Yox, əksinə, yaxşı məşqçidi, ancaq Argentinada, İspaniyada, Fransada. Qafqazda onun işi alınmadı. O, Qafqazın ruhuna uyğun,özəlliyini anlaya bilməzdi. Qafqaz futboluna "istiot" lazımdı, bunu da Kuper və ya başqa bir əcnəbi bacarmaz, ancaq peşəkar yerli mütəxəsis həmin "istiotu" vuraraq gürcü futbolunu göstərə bilər.
Məncə bizim yerli mütəxəsisləri Avropaya göndərib orda öyrətmək və daha sonra ölkəmizdə istifadə etmək daha doğru olardı, nəinki, Avropadan bir mütəxəssisi gətirib Qafqazda işlətmək.

YENİ MƏŞQÇİ - TİMUR KETSBAYA...
Ketsbayaya gəldikdə isə, o artıq sübut edib ki, Gürcüstanın futbol məktəbi var, hansısa gücə malikdi və çox şey edə bilər. O, öz işinin fanatıdı. Ən əsası o, patriotdu, öz ölkəsini sevən insandı. Dünyanın hansı ölkəsindən hansı məşqçini gətirirsən gətir, o, yerli fanatlardan enerjini ala bilməyəcək. Ölkənin mədəniyyəti və qayda-qanunları çox şeyə təsir edir.
Biz Ketsbaya ilə pul söhbəti eləməmişik. Zəng etdim, dedim: sənin Gürcüstan millisi ilə işləmək imkanın varmı, görüşdük və məmnuniyyətlə və qürur hissi ilə bu təklifi qəbul etdi. Sonra mən dedim ki, sənə filan qədər ödəmək imkanımız var. O da heç bir şey demədi.

PUL...
Məşqçilərimizə verdiyimiz maaş barədə mən dəqiq rəqəm deməyəcəm. Amma sizin medianın dediyi kimi, Foqts 100 minə yaxın pul alırsa, deyə bilərəm ki, Kuper bundan daha çox alırdı. Ketsbaya isə Kuperdən üç dəfə az...

AZƏRBAYCAN...
Mən Azərbaycan futbolu ilə də yaxından maraqlanıram. Orda bizim çox futbolçu oynayır. Onların formada olub-olmaması bizi çox maraqlandırır. Azərbaycana göndərdiyimiz futbolçuların daha da inkişaf edərək millidə üstün oyun göstərməyini istəyirik. Azərbaycandakı gürcü legionerlərin hər biri ilə maraqlanırıq.
Ona görə, Azərbaycanda futbolun daha da inkişaf etməsində maraqlıyam. Azərbaycanda inişaf olarsa, bu, bizə də müsbət təsir edəcək. Yəni, bizim ordakı futbolçular da inkişaf edəcək.
Gələn il sizin ölkəyə səfər etməyi düşünürəm. İstərdim ki, Azərbaycanla Gürcüstan arasında hansısa əməkdaşlıq müqaviləsi imzalansın. Bizim uşaqlar Azərbaycana gedib orada futbol oynasınlar, sizinkilərlə tanış olsunlar, azərbaycanlılar da Gürcüstana gəlsinlər. İki ölkə arasında, alınarsa bölgədə bir kubok təşkil edək. Misal üçün qış kuboku. Buna bizim iqlim də imkan verir. Soyuq ölkələrin klubları da həmin vaxt gəlib Qafqazdakı kubokda iştirak etməkdə maraqlı olarlar. UEFA-nın da dəstəyi ilə belə bir kubok təşkil etmək olar.

NƏTİCƏSİ RAZILAŞDIRILMIŞ OYUN?
Azərbaycanla Gürcüstan arasında indiyədək oynanan matçların bəzilərinin əvvəlcədən danışılmış nəticə ilə bitməsi barədə eşitməmişəm. Amma bu tip oyunların keçirlmədiyini də deyə bilmərəm. Çünki əslində, belə işlər bizim ölkələrin futboluna xas bir xarakterdir. Ola bilər ki, Azərbaycanla Gürcüstan arasında oynanmış oyunların bəzilərinin nəticələri barədə əvvəlcədən razılıq əldə olunsun. Axı biz dost xalqalarıq, qonşuyuq, bir-birmizə dar gündə kömək etməliyik (gülür).

Vüqar BABA // FutbolPress.Az // Gürcüstan, Tbilisi


oxunma sayı: 889 | Paylaş:




?>