')

Bu gün:


FutbolPress.Az | Kapitan; Rövnəq Abdullayev

Kapitan; Rövnəq Abdullayev


oxunma sayı: 1956 Paylaş:

FutbolPress
anargerayli@gmail.com

Futbolumuzda son illərdə baş verən dəyişiklər, ən əsas da legionerlərin milliləşdirilməsi xeyli tənqidə məruz qaldı. Əlbəttə tənqidçilər heç də haqsız deyildilər. Çünki millidə oynaya biləcək bir çox səviyyəli oyunçu var (futbolçu demirəm, ha!). Onlar olan yerdə, hansısa zimbabvelinin milli komandanın şərəfini nə qədər qoruyacağı müəmmalıdır. Hətta mən belə bir tənqid də söyləyə bilərəm ki, o milliləşən futbolçuların "futbolçu şərəfi " olsaydı, öz milli komandalarının şərəfi üçün tər tökərdilər. Nə isə, yazımın mabədi bu deyil, bunlar köhnə mövzulardır. Bu yazını yazmaqda məqsədim onu sübut etməkdir ki, Azərbaycanımızda millinin şərəfini qoruyacaq kifayət qədər şərəfli adam var. İcazənizlə, onlardan ibarət bir komanda qurmağa çalışacağam.

Quracağım komandanın kapitanı sözsüz ki, AFFA-mızın əzəmətli prezidenti (Zahir Əzəmətin bura dəxli yoxdur) Rövnəq müəllim Abdullayevdir. Onun adı olmayan yerdə, nəinki futbol komandası qurmaq, heç məhəllədə yarış da keçirə bilmərəm. Nə həddimdir. Bir də ki futbolumuzun son zamanlardakı bütün "uğurları" Rövnəq müəllimin adıyla bağlıdır. Nə hesab edirsiniz bəs, Lixtenşteyn kimi "dünya səviyyəli" komandanı səfərdə udmaq balaca uğurdur bəyəm? Hələ mən təvazökarlıq edərək, Rusiya ilə keçirilən və onlar üçün "böyük" əhəmiyyət kəsb edən oyunda qazandığımız bir xalı demirəm. Bilirəm, onsuz da Rövnəq Abdullayev müəllim də çox təvazökar adamdır. Əziz oxucu, sizə asan görünməsin, Rusiya kimi Avropa üçüncüsü olmuş bir komandadan oyun almaq, ee çaşdım, xal almaq çox əziyyət (pul yox ha!) tələb edir. Odur ki, bütün bu "uğurlar"ın memarı olan Rövnəq müəllimin "əməyini" dəyərləndirməmək olmaz deyibən, onu komandamın kapitanı təyin edirəm. Rövnəq müəllim təbii olaraq, birbaşa hücum xəttində yer alacaq və komandanın qol vuran "ayağı", pul verən "əli" olacaq.

Kapitanımızın arxasında AFFA-mızın Baş katibi Elxan Məmmədov qərar tutacaq. Berti Foqts kimi düha sayıla biləcək məşqçini Azərbaycanda işləməyə razı salmaq kimi zorlu bir işi bacarmış bir oğlandır, Elxan bəy. Indi nə olsun ki, Berti ölkəmizdə fokus göstərməklə məşğuldur?! Buna Elxan müəllim neyləsin? Adam futbolumuzun bütün yükünü incə-mincə çiyinlərində daşıyır. Qoymur ki, Rövnəq müəllimin çiyninə milçək qədər ağırlıq da düşsün. Onun cavan yaşında bu qədər səlahiyyət və məsuliyyətlə yüklənməsini gözardı edə bilmərəm. Necə deyərlər, "Sezarın haqqı Elxana!"

Pleymeyker mövqeyində bir mənalı olaraq, PFL-in prezidenti Ramin Musayev qərarlaşacaq. Adam həqiqətən də, ölkə futbolunun bütün ağırlığını sanki bir ağırlıqqaldırma ustası kimi başının üzərində gəzdirir. Rövnəq müəllimin "qol vurması"nda, dolayısı ilə də, futbolumuzun "uğur qazanması"nda Ramin bəyin "danılmaz əməyi" var. Özünüz fikir verin də, Ramin müəllim bir oyun qurucu kimi işini yaxşı görməsə, Rövnəq müəllimə yaxşı ötürmələr verməsə, bəs kapitanımız qolu necə vuracaq. Bu baxımdan Ramin müəllim komandamızda önəmli fiqurdur. Hətta bu yaxınlarda Ramin müəllim təvazökarlıqdan Biləcəriyə qədər uzaqlaşaraq bir faktın üstünü açdı və bildirdi ki, bədnam ermənilərin "Pünik" komandasının "Birlik Kuboku"nda iştirakdan imtina etməsi onun və Rövnəq müəllimin bir-başa zəhmətinin bəhrəsidir. Ramin müəllim söylədi ki, dığaları elə bərk qorxudublar ki, erməni futbolçular onu və Rövnəq Abdullayevi harada görsələr, gizlənməyə siçan deşiyi axtarırlar.

Yarımmüdafiə xəttini qurarkən, bir balaca üzgörənlik edəcəyəm. Belə ki, AFFA-nın vitse-prezidenti Rauf Əliyevi də, türkün sözü, kadroya salacağam. Başqa nə edə bilərəm? Adam hər nə qədər də AFFA-da bir qəpiklik iş görməsə də, ən azından deputatdır və eyni zamanda Rövnəq müəllimin dostudur. Belə baxanda da, üzgörənlik edirəm, lap əccəb edirəm. Necə olur, Berti Foqts üzgörənlik edib, Rövnəq bəyin qohumu Zeynal Zeynalovu oynada bilir, amma mən öz komandamda millətimin vəkilini oynada bilməyəcəyəm. Özüm bilərəm, istəsəm, lap Fuad Musayevin adını da yazaram siyahıma.

Orta xətdə yer alacaq digər iki oyunçu isə uyğun olaraq, Cahangir Hacıyev və Hafiz Məmmədov olacaq. Bu iki biznesmen də futbolumuzda əsas fiqurlardandır. Onlarsız futbolumuzun və futbolçularımızın bir günü olmasın. Vallah onlar olmasa, futbolçularımızın, eyni zamanda da idman jurnalistlərimizin çoxu acından ölər. Yarımmüdafiədə Mübariz Mənsimova da yer verə bilərdim, lakin o həlləm-qəlləm adamdır. Sağı-solu bəlli olmaz. Birdə gördün, stadiona eşşək saldı otarmağa.

Gəldim müdafiə xəttinə. Müdafiədə futbolumuzun min-bir zəhmətlə qazanılmış "uğurlarını" ləyaqətlə təbliğ edən sevimli idman şərhçilərimiz Altay Əliyev və Elnur Əşrəfoğlunun (eks-şərhçi) mövqeləri toxunulmazdır. Bu iki gənc idman jurnalistimiz "bıkmadan-usanmadan" AFFA-mızın şəninə mədhiyyələr oxumaqla, futbolumuzda yaşanan "uğurları" görməyənlərin ürəklərinə dağ çəkirlər.

Müdafiə xəttinin digər yerlərində isə cavanlıqda yarımmüdafiəçi olan Vaqif Sadıqovla yanaşı, özüm oynayacağam. Bəs nə bilmişdiniz, komanda yaradacağam və özümü ora dürtməyəcəyəm? Müdafiədə oynamaqda məqsədim odur ki, futbolumuzun "uğurlarında" "əməyi olan" Rövnəq, Elxan və Ramin müəllimləri cani-könüldən müdafiə etməyi və bu "uğurları" görməyənləri qandırım.

Qapıda isə qocaman jurnalistimiz Fikrət Adıgözəllidir. Mən şəxsən, Fikrət müəllimin idmanımız haqqında şərhlərini dinləyərkən qəlbim fərəhlə dolur, istər-istəməz futbolumuzu Braziliya ilə, voleybolumuzu İtaliya ilə, basketbolumuzu Amerika ilə müqayisə edəcək qədər şüursuzlaşıram. Adam sanki hipnozla məşğuldur. Ona görə də, qapı kimi təhlükəli və əhəmiyyətli yeri qocaman jurnalistimizə tapşırıram.

İdman mətbuatında azad, vətənpərvər, əyilməz, dönməz, nə bilim alınmaz qala olan və idmanımızda olan uğurları, Berti müəllimin çəkdiyi "əzab-əziyyəti", Rövnəq müəllimin xərclədiyi neft pullarını, Elxan müəllimin Platini ilə səmimiyyətini (bunu elə-belə yazdım) görməyərək, "ağızlarına gələni" yazan jurnalistlər Elçin Cəlilov, Nail Nürəddinoğlu, Natiq Muxtarlı və sairələrinin adını da yazıram ehtiyyat oyunçular siyahısına. Nə vaxt ki, onlar da futbolumuzda əldə olunan uğurları "etiraf edərlər" və tənqiddən vaz keçərlər, onları da salaram əsas heyətə.

Komandamın daima uğur qazanacağı ümidiylə "Playstation"da yaratdığım bu klubun növbəti oyununu oynamaq üçün yazıya nöqtə qoyuram.

Yazarın bütün yazıları

oxunma sayı: 1956 | Paylaş:




?>