SOCAR-ın ağacəkəni...
Paylaş:
..."Hərəyə bir ağac əkək!" sloqanı hamınıza tanışdı yəqin. Ümumilli liderin bir şeyi var idi ki, dediyini mütləq həyata keçirdirdi. Məsələn, ağac məsələsiylə bağlı bir aforizmi də maraqlı olmaya bilməz: "Hər kim ki bir ağac kəssə, o mənim bir qolumu kəsmiş olur". Yeni Azərbaycan Partiyası boğaza yığılmışdı ağac əkməkdən. Onlar əkirdilər, "novostroykatikənlər" eyni sürətlə "hərəyə iki ağac kəsək" əməliyyatını davam etdirirdilər. Ulu öndərimiz onların qabağını tez-tez kəsirdi, qoymurdu bəd əməllərini həyata keçirsinlər, amma indi vəziyyət bir az qəlizdi. Hər şeyin başında pul dayanır deyə, "hərəyə iki ağac kəsək" şüarı daha çox dəbdədi. Dünən qəfildən şəkil yayıldı ki, Berti Foqts Dövlət Neft Şirkətinin (SOCAR) təşəbbüsüylə keçirilən aksiyada iştirak edərək ağac əkib. Foqtsun çox bacarıqlı biri olduğu barədə kolleksiyaya daha biri əlavə olundu - ağac əkmək. Əkmək instinkti məşhurdu. Hamımız bilirik ki, Berti Nigeriya futbolunun başına "turp əkib", Şotlandiyada uğursuz olduğuna görə, oradan əkilib və s. İndi qlobal iqtisadi böhran zamanında beqafıl iqtisadi sıçrayışlar edən ölkəmizin daxili-xarici siyasəti... Əşşi, kırt! Təklif edək ki, Bertini Azərbaycanın oksigen bazasının genişləndirilməsində xüsusi fəaliyyətinə görə YAP-a üzv qəbul etsinlər! Bu üzvlüyü ağac kimi bar verəndə başını aşağı əyən AFFA-nın "ütülü" baş katibi Elxan Məmmədov və onun böyründəki vəzifəni peşəkarcasına icra eliyən Elşad Nəsirov yoldaşları imzalasınlar, şahidlik etsinlər! Bertinin Azərbaycan futbolunda xidmətləri hələ uzun illər sonra bilinəcək, "luçşe" uzun illər gözləyib "mazqimizi" çürütməkdənsə, biz onu YAP-ın "hərəyə iki ağac kəsək" kampaniyasına qarşı apardığı "şimşəksürətli müharibədə" dəstək olmağa çağırırıq! Bəli, bütün bu ağacəkmə dəm-dəsğahının şahənşahı, SOCAR-ın kralı, AFFA-nın patronu, Bertini yalnız kinolarda görən Rövnəq Abdullayevə Azərbaycan futbolunun inkişafı üçün dərin hüznlə başsağlığı verir, "2005-2015-ci illərdə Azərbaycanda Futbolun İnkişafına dair Dövlət Proqramı"na eşq olsun deyirik! Bu proqrama can sağlığı, AFFA səadəti, firvanlıq azrulayırıq- nə edim -necə edim deməsinlər... Doğrudan maraqlıdı, qəribədi, AFFA elə bil, "tilsimlənib", ora bir fərli mütəxəssis rəhbər gəlmir. Elə bil bu abbreviaturanın xəmiri belə yoğrulub e- Azərbaycanın Futbol Fırıldaqçıları Ansamblı. Düzəlmir ki düzəlmir...
Əkilin Azərbaycan futbolundan cənablar, əkilin!
| Paylaş: