')

Bu gün:


FutbolPress.Az | "MƏŞQÇİLİK FƏALİYYƏTİNƏ YOX, ŞƏXSİ İŞLƏRƏ DİQQƏT YÖNƏLDİRSİZ"

"MƏŞQÇİLİK FƏALİYYƏTİNƏ YOX, ŞƏXSİ İŞLƏRƏ DİQQƏT YÖNƏLDİRSİZ"


oxunma sayı: 1274 Paylaş:

"Rəhbərliyə də bildirmişdim ki, bu heyətlə çempionluq söz verə bilmərəm"

..."Ben politika bilmem, böyle şeyler benden uzak. Abi, ben huzurluk bendesiyim, azeri halkını kalpden severim"- desə də, siyasətdən kifayət qədər anlayışı olan və eqosu səmimiliyinin kölgəsində itən biridi. O, futbolçu kimi Türkiyə tarixində "mogikanlar" nəslindəndi.
Müsahibim təxminən 3 illik məşqçilik karyerasındakı xətaları, uğursuzluqları hörmət bəslənən, uğurlu futbolçu karyerası hesabına hələ ki sığortlanan Bülənt Qorxmazdı. İndi "Bakı"dadı. Əvvəlki tək iddialı danışmır, ehtiyatlanır, çox şeyi zamanın və qismətin öhdəsinə buraxır. Siyasətdən başqa istənilən sualınızı cavablandırmağa hazıram dedi və elədi.

- Başlayaq məşqçiliyə başlamağınızdan. Azərbaycanda məşqçi Bülənti futbolçu Büləntdən az tanıyırlar...
- Mən ki Bakıya bir neçə dəfə gəlmişəm. Hələ işləməyə gəlməzdən əvvəl...
- Ümumiyyətlə...
- (Gülür) və belə bir jest edir (Jaba, bu gün iki bardak çorba hakk etmişsin! Çok koşdun sen entrenmanda)... Axı futbolçu karyeram 25 ildi. Bunun 19 ili peşəkar karyera sayılır. Futbolda belədi, əvvəlcə adın üçün çalışırsan, sonra ad səni dəstəkləyir. Məşqçilik fəaliyyətim 3 ildən bir az çox olar. Yəqin fərqi anladız.
- Məncə, hələ ki futbolçu Bülənt obrazı daha qabarıqdı. Məşqçilik obrazınız tam formalaşmayıb...
- Təbii. Təvazökarlıqdan uzaq olardı bu fikrinizə etiraz etməyim. Hər kəs sahib olduğu peşənin incəliklərini daha yaxşı bilir. Siz jurnalistsiz, mən məşqçi. Peşəyə yanaşma eyni anlayışdı, amma fərqli nəticələrdi. Mən bu işin nəzəriyyəsini mükəmməl öyrənmişəm. Daima çalışıram ki, yenilikləri də izləyim. Az əvvəl bu haqda sual versəniz də, indi daha ətraflı cavablandırım: Məşqçiliyə "Gənclərbirliyi"ndə başlamışam. Mənə orda baş məşqçi vəzifəsi təklif olunmuşdu, amma tələsmədim, öz istəyimlə köməkçi məşqçi kimi başladım karyerama. Həmin vaxt komanda heç də yaxşı vəziyyətdə deyildi, cəmi 11 xalı var idi və autsayderlər arasındaydı. Bizim gərgin əməyimiz sayəsində komanda ikinci dövrədə xalı 39-a çatdırdı və 4-cü olduq. Daha sonra "Bursaspor"dan təklif gəldi. Amma orada rəhbərlik dəyişikliyi olanda mən də işdən çıxmağı qərara aldım. Daha sonra "Gənclərbirliyi"ndə təcrübəmi artırdım. Ondan sonra "Qalatasaray"dakı karyeram başladı. Yəni bütün bunlar çox uzun zaman aparmayıb.

"MƏNƏ TƏKLİF GƏLƏNDƏ MƏHZ "BAKI"NIN RƏHBƏRLİYİNƏ GÖRƏ, RAZILIQ VERDİM"

- "Qalatasaray"dan sonra "Bakı"... Türkiyə mətbuatında müsahibələrinizin birində demişdiz ki, mən ürəyimə yatan yerdə işləyərəm. Maraqlıdı, "Bakı" nə vaxt ürəyinizə yatmışdı?
- Dediyim kimi, "Bakı"yla ünsiyyətim yeni deyil. Klubda dostum Tunc Afşar işləyir. O, məni Bakıya dəvət etmişdi. Hafiz Məmmədovla (klubun prezidenti) görüşdüm və o, məndə çox xoş təəssürat yaratdı. Hiss etdim ki, futbola çox diqqət yetirən, məqsədi böyük olan bir klub rəhbəridi.
- Və qərara aldız ki, burada işləyəcəksiz...
- Yayda ilk təklif olmuşdu. Bura gələndə əvvəlcə düşündüm ki, uzun müddət çalışacam. Həm də ümumiyyətlə, bu ilin qışından qərar vermişdim ki, bir müddət Türkiyədə işləməyim. Orada telekanalların biriylə müqaviləm var idi, şərhçilik edirəm. Amma burdan təklif gələndə məhz "Bakı"nın rəhbərliyinə görə, razılıq verdim. Gəldim, komandanın "Qarabalağ"la oyununu izlədim. Gördüm ki, çempion komandanın oyununa bənzəmir. İlk növbədə çox yanlış transfer siyasətini bildirdim və dedim ki, komandanın bu il çempion edəcəyimə söz vermirəm.
- Bunu hələ müqavilə imzalanmazdan əvvəl demişdiz?
- Bəli. Rəhbərliyə də bildirmişdim ki, bu heyətlə çempionluq söz verə bilmərəm. Mənim əsas işim o olacaq ki, komanda yeni, daha yaxşı heyətlə qurulsun, keyfiyyətli transferlər edək. Ən pis halda Avrokuboka qatılaq. Yəni gələcəyə yönəlik bir iş hədəflədik və müqavilə belə bir danışıqla bağlandı. Məqsədimiz sabahın Avropa səviyyəli komandasını yaratmaqdı.
- Amma müqaviləniz mövsümün sonunda bitir...
- Əgər komandanı yaxşı səviyyəyə çatdırmaq istəyirsənsə, davamlı uğur qazanmaq istəyirsənsə bu, müəyyən zaman tələb edir. Təxminən, 3-4 il. Az əvvəl dediyim kimi, rəhbərliklə danışığımız elə olub ki, biz əsasən, uğur qazana biləcək heyət quracağıq, mövsümün sonunda işimizin lazımi səviyyədə getdiyini görsək, ondan sonra masa arxasında bu işi davam etdirib-etdirməmək məsələsinə aydınlıq gətirəcəyik.
- "Bakı"ya gələndə demişdiz ki, mənə iki ay vaxt verin, komandanı öz sistemimə uyğunlaşdırım. Bu ikiaylıq "bufer taym" necə nəticələndi?
- Komandadan lazımsız, faydasız futbolçular kənarlaşdırılıb. Rafael Barbosa, Peres, Oprita, Feliks mən düşündüyüm komanda üçün faydalı ola bilməzdilər. Yəni hələ iş davam edir, əsas odur ki, irəliləyiş var. Bizim hədəfimiz Avropada qrup mərhələsində oynamaqdı. Amma sizə açıq deyirəm, hazırkı heyətlə, bu il buna nail olmaq mümkün görünmür. Baxın, bu il komanda Çempionlar Liqasına yaxşı başladı, amma "Levski"yə məğlubiyyətin əsas səbəbi transferlərin səviyyəsiz olması idi. Əgər bu iş bir az da səviyyəli görülsəydi, inanın ki, "Bakı" indi qrup mərhələsində oynayırdı.
- Yeri gəlmişkən, yayılan xəbərlərə görə, Muciri, Tomovski, Adamiya və Mahmud komandadan kənarlaşdırılacaq...
- Yox, bu futbolçuların heç biri haqda göstəriş verməmişəm. Feliks "Xəzər Lənkəran"la oyunda rəqib komandanın formasına qarşı etik qaydalara uyğun olmayan hərəkət elədi, sonra hakim onu cəzalandırdı, komanda da pis vəziyyətdə qaldı. Bu və digər səbəblərə görə o, komandadan kənarlaşdırıldı. Yəni peşəkar futbolçu belə intriqalara yol verməməlidi. Ümumiyyətlə, həmin oyunda yersiz çaxnaşmalar çox oldu. Elə Kramarenkoyla aramızdakı gərginlik də mənasız oldu. Ona sadəcə, demək istəmişdim ki, rəqib komandanın məşqçisinə hiddətlə yanaşmasın, amma o məni anlamadığına görə, heç nədən arada hay-küy yarandı.
- Amma görünürdü ki, əlbəyaxa olacaqdız.
- Kramarenko, yardımçı məşqçimlə sərt danışırdı. Mən ona yaxınlaşdım və dedim ki, ayıbdı, sən məşqçiylə bu tonda danışmamalısan. Mənə kobud cavab verdi və buna görə mübahisə bir az gərginləşdi. Mən heç bu məsələyə toxunmayacaqdım, sadəcə, hakimliyin zəif olması hadisələrin gərginləşməyinə səbəb oldu və mən oyundan sonra mətbuat konfransında sadəcə, bu məqamı xatırladacaqdım. Amma gördüm ki, Ağasəlim Mircavadov bu barədə danışdı, günahı futbolçularımızda gördüyünü dedi, mən də öz fikrimi deməli oldum.

"BURDA DA TÜRKİYƏDƏKİ KİMİDİ; MƏŞQÇİLİK FƏALİYYƏTİNƏ YOX, ŞƏXSİ İŞLƏRƏ DİQQƏT YÖNƏLDİRLƏR"

- "Xəzər Lənkəran"a böyük hesabla məğlub olduqdan sonra birbaşa Türkiyəyə getdiz- müqaviləniz olan telekanala. Oyunu analiz etməyə vaxt oldumu?
- Bilirsiz, "Xəzər Lənkəran"a oyuna görə məğlub olmadıq. Yəni hesab (0:3- red.) oyuna görə olmadı. Birinci hissədə biz üstün idik. Amma şanslı məqamları dəyərləndirə bilmədik. Mən oyundan sonra futbolçulara dedim ki, siz yaxşı oynayıb, qol vura bilmirsizsə, deməli, probleminiz var və buna diqqət yetirməlisiz. Həm də qapımıza vurulan 3 topun ikisi artırma dəqiqələrində vurulub. Bu amilə də diqqət yetirmək lazımdı. Yəni əsas oyunun gedişatına önəm verirəm; hücum edirdik, rəqibi gərginlikdə saxlayırdıq, amma nəticədə "Xəzər Lənkəran" bərabərlik ümidiylə yanaşdığı oyundan belə hesabla qalib ayrıldı. Bunlar futbolda olan şeylərdi.
- Türkiyəyə səfərinizi demədiz...
- Türkiyədə "Fox TV"-də şərhçiyəm, hər həftə verilişə çıxmalıyam.
- Bəs bu mane olmurmu burdakı işinizə?
- Əgər mane olsaydı, həmin müqaviləni dayandırardım. Hamı bu haqda danışır. Bir növ, burda da Türkiyədəki kimidi; məşqçilik fəaliyyətinə yox, şəxsi işlərə diqqət yönəldirlər. Heç bir məşqi, toplantını buraxmamışam. Həm də Türkiyəyə Bazar günü gedib, səhəri gün qayıdıram, burda nə zaman itgisi var ki? Bu haqda klub rəhbərliyi mənə heç bir irad bildirməyib, amma qıraqdan tez-tez dilə gətirilir. Mən klubdakı işimə daha çox diqqət yetirirəm. Bir daha xatırladıram, biz rəhbərliklə gələcək planlarımızı tez-tez müzakirə edirik. Nə bilmək olar, bəlkə komanda qış fasiləsinədək pis oynadı mən ümumiyyətlə, burdan gedəsi oldum. Bilirsiz, nədənsə, işimizdəki faydanı qabartmaq istəyənlər yoxdu, daha çox kənar işlərə yönəldirlər diqqəti. Heç maraqlanan yoxdu ki, biz aşağı yaş qruplarıyla nə cür qururuq işi, bu barədə gələcək planlarımız nədi...
- Buyurun, biz sizin fikirlərinizi dinləyirik. Sizi məşqçi kimi xarakterizə edərkən bir nüans qabarıq görünür: sərt intizamın tərəfdarısız.
- Sərt yox, belə deyil. Mənim prinsipim budu ki, futbolçu komandada özünü normal apara bilmirsə, o heyətdən uzaqlaşdırılmalıdı.
- Aşağı yaş qruplarıyla iş deyirdiz...
- "Bakı"da bu iş yaxşı vəziyyətdədi. Həm də Yüksəl Kepoğlu kimi təcrübəli mütəxəssis çalışır burda. Mən özüm də müntəzəm olaraq onlarla maraqlanıram. Kirilov, Hacıyev, Nurulla və Orxan adlı uşaqlar var, onlar mənim xoşuma gəlib, diqqətimiz üzərilərindədi. Hacıyevi Antalya toplanışına da aparmışdım ki, komandaya öyrəşsin, təcrübə qazansın. İndi də Almaniyadadı. Amma bu futbolçuların əsas heyətə qatılması üçün hələ müəyyən zaman var, onadək komandanı səviyyəli legionerlərlə gücləndirmək lazımdı. Güclü futbolçular olmasa, gələn uşaq da rəqabətsiz mühitdə artıqmayacaq. İnanıram ki, işimiz bu istiqamətdə uğurla davam edir.
- Klub rəhbərliyi sizə böyük etimad göstərir və yəqin ki, istədiyiniz bahalı futbolçular da alınacaq.
- Rəhbərlik razıdı, amma gəlin baxaq, hansı bahalı futbolçu hazırkı durumda Azərbaycanda oynamağa razılıq verər? Amma çıxış yolları da var. Bizim əsas hədəfimiz bahalı yox, keyfiyyətli futbolçu almaqdı.
- Azərbaycanda da əsas problemlərdən biri də budu. Siz bunun yolunu nədə görürsüz?
- Yaxşı məqama gəldiz. Dünya futbolunda skautluq anlayışı var. Mən görürəm ki, Azərbaycanda skautlarla işləmək istəyən yoxdu. Hamı futbolçunu videogörüntülərinə baxıb, bəyənib, alır. Belə şey olmaz. Avropada bundan çoxda imtina ediblər. "Bakı"da belə bir işə artıq başlamışıq. Mənim Türkiyədə və Avropanın bir neçə ölkəsində skaut dostlarım var, onlara konkret tapşırıqlar vermişəm. Bilirsiz, klubun peşəkar olması üçün gərək əvvəlcə xırda detallar həll olunmalıdı. Biz məsələn, gün ərzində "Delfin" otelinə gedirik, "Tofiq Bəhramov"da oluruq, yemək fasiləsi ayrı yerdə olur. Bunlar da vacib amillərdi. Belə olanda komandada toparlanma alınmır.
- Belə anladım ki, texniki baza məsləsini nəzərdə tutursuz...
- Yox, klubun bazası var. Bu ilin sonunadək "Delfin" otelində baza üçün bütün texniki işlər yekunlaşdırılacaq və komanda hər bir işini orda görəcək. Yəni bunlar vacib amillərdi. Baza o deməkdi ki, komanda bir yerdə olur, bir-birinə uyğunlaşır, tam bir kompleks halına gəlir. Futbolçunun performansı da artır.
- Çempionatın reqlamenti qaneedicidi?
- 4 dövrəli sistemi nəzərdə tutursuz?
- Həm onu, həm də ümumiyyətlə, reqlament.
- Bu sistem bu il tətbiq olunub, amma mən 5-ci turdan sonra komandanı təhvil almışam. Az əvvəl də komandanın hansı vəziyyətdə olduğunu da bildirdim. Yəni hazırda "Bakı"nın ilk "altılığa" rahat düşə bilməməsi tam mənim günahım deyil. Çalışacağıq ki, belə bir çətinliklə üz-üzə qalmayaq. Hətta ola bilər ki, "altılığ"a düşməyək. Belə bir sistem Şotlandiyada tətbiq olunur. Açığı, bilmirəm Azərbaycanda hansı zərurətdən bu istiqaməti seçiblər, amma güclü komandalar varsa, bu sitemdə maraqlı mübarizə gözlənilir.
- Berti Foqtsun işinə də rəyinizi bilmək maraqlı olardı...

- Əslində məşqçi həmkarını müzakirə etməməlidi.
- Müzakirə etmirik, sadəcə, Bülənt Qorxmaz azərbaycanlının özünə yaxın bildiyi bir insandı, bir məşqçidi. Məsələn, hətta rahatlıqla sizdən Türkiyəylə Ermənistan arasında səhədd açılımı barədə suala cavab ala biləcəyimi düşünürəm...
- (Gülür) ..."Ben politika bilmem, böyle şeyler benden uzak. Abi, ben huzurluk bendesiyim, azeri halkını kalpden severim" (Bu fikirlər orijinalından daha maraqlı səslənirdi deyə, tərcümə olunmamış verildi- red.)... Biz bir millətik. Bizi çox tellər bağlayır. Yaxşısı budu, mən Foqtsla bağlı sualı cavablandırım. Mənim fikrim budur ki, Foqts Azərbaycan yığma komandanın səviyyəsini qaldıra bilib. Çexiya komandasına qalib gəldi. Mən bildim ki, Azərbaycanda əksəriyyət bu qələbəyə önəm vermədilər. Amma unutmaq olmaz, siz Çüxiyanın ikinci-üçüncü heyətiylə yox, gələcək əsas heyətiylə oynamısız və qalib gəlmisiz. Həmin heyət təxminən Çexiyanın gənclərdən ibarət millisi sayılır. Bilirsiz, belə qələbələri kiçiltmək olmaz. Həm də bir mütəxəssisdən yaxşı nəticə istəyirsənsə, əvvəlcə ona vaxt verməlisən.

E L Ç ! N


oxunma sayı: 1274 | Paylaş:




?>