')

Bu gün:


FutbolPress.Az | "ÇEMPİONLUĞU SİZƏ HƏSR ETMİŞİK. RUHUNUZ ŞAD OLSUN!"

"ÇEMPİONLUĞU SİZƏ HƏSR ETMİŞİK. RUHUNUZ ŞAD OLSUN!"


oxunma sayı: 150 Paylaş:

Sonuncu dəfə 2004/05 mövsümündə çempion olmuş "Neftçi" 6 illik həsrətə son qoydu. Flaqman bütün rəqiblərindən üstün olaraq, tarixində 6-cı dəfə Azərbaycan çempionu adını qazandı.

"Ağ-qaralar" təkcə xalların sayına görə deyil, bir çox komponentlərdə də rəqiblərini xeyli geridə qoydu. 67 xalla çempion olan "Neftçi" hamıdan çox - 19 dəfə qələbə qazandı və hamıdan az, cəmi 3 dəfə məğlub oldu. Paytaxt klubu vurulan və buraxılan qolların sayında da rəqiblərini qabaqladı. Hamıdan çox qol vuran (53 qol) "Neftçi" hamıdan da az qol buraxdı (17 qol).

Yeri gəlmişkən, "Neftçi"nin heyətində ən çox oyun keçirən İqor Mitreskidi. Makedoniyalı futbolçu Premyer Liqanın 32 oyunundan 30-da meydana çıxıb. Qol vuranlara gəlincə, Azərbaycan çempionatının 3 ən yaxşı bombardirindən ikisi "Neftçi"nin üzvüdü. Özbəkistanlı Bahodir Nasimov 15, braziliyalı Flavinyo isə 11 qolun müəllifi olub.

"Neftçi" sona 3 tur qalmış çempionluğu təmin etsə də, mükafatlandırma mərasimi XXXII tur çərçivəsində keçirilən "Xəzər Lənkəran"la oyundan sonra baş tutdu. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çempionluq kubokunu komandanın kapitanı Rail Məlikova təqdim etdi. Rail isə öz növbəsində kubokla yanaşı, üzərində "Sadıq Sadıqov çempion!" yazılmış formanı "Neftçi"nin prezidenti Sadıq Sadıqova verdi. Məlikovun formasında isə ötən ilin fevralında avtomobil qəzası zamanı dünyasını dəyişmiş "Neftçi"nin əməkdaşları - Vahid Həmidov və Alim Məmmədov, eləcə də bu ilin aprelində vəfat etmiş Rüfət Mehdiyevin xatirəsinə "Çempionluğu sizə həsr etmişik. Ruhunuz şad olsun!" sözləri yazılmışdı.


oxunma sayı: 150 | Paylaş:




?>