')

Bu gün:


FutbolPress.Az | «YERLİ MƏŞQÇİLƏRƏ İNAMSIZLIQ ƏN BÖYÜK BƏLAMIZDI"

«YERLİ MƏŞQÇİLƏRƏ İNAMSIZLIQ ƏN BÖYÜK BƏLAMIZDI"


oxunma sayı: 764 Paylaş:

İslam Kərimov: «Gəncənin, Mingəçevirin harada yerləşdiyini bilməyən alman məşqçiləri gənc futbolçuları necə yetişdirəcəklər?»

FutbolPress: Uşaq futbolu üzrə ölkənin ən titulu məşqçisi İslam Kərimov günün əksər hissəsini «Şəfa» stadionunda keçirir. Buna adət etdiyimizdən onu uzaqda axtarmadıq. İslam müəllimlə yenə «Şəfa»da görüşdük. Bir azdan balaca futbolçuları növbəti məşqə çıxaracaqdı. Səhər tezdən isə komanda ilə birlikdə Yevlaxa yollanmalı idi.

Balacaların böyük məşqçisi

İslam Kərimov 8 dəfə Azərbaycan, 14 dəfə Bakı çempionu, 6 beynəlxalq turnirin qalibidi. 2002-ci ildə onun rəhbərlik etdiyi 17 yaşlılardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatında ilk dəfə mərhələ keçib. AFFA-nın keçirdiyi əvəzedici komandaların ilk çempionatında sükanı arxasında olduğu «Neftçi» çempion olub. Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən ənənəvi «Sabahın ulduzları» turnirinin ilk çempion məşqçisidi. Yetişdirdiyi 21 futbolçu bu gün Azərbaycanın müxtəlif yaşlı yığma komandalarında forma geyinir. Ölkə futboluna Kamran Ağayev, Elvin Məmmədov, Vüqar Nadirov, İlqar Qurbanov, Ruslan Abışov, Tural Nərimanov, Ruslan Əmircanov, Araz Abdullayev, Amit Quluzadə kimi futbolçular bəxş edib. Ölkəmizdə UEFA-nın «A» kateqoriyasını alan yeganə uşaq məşqçidi. «A» kateqriyalı mütəxəssis kimi dünyanın 52 ölkəsində çalışmaq ixtiyarına malikdi. FİFA və UEFA-nın İtaliyada, İsveçrədə və Rusiyada təşkil etdiyi seminarların iştirakçısı olub. Bu gün İslam Kərimov «Neftçi» futbol klubunun aşağı yaş qrupları üzrə məşqçisidi.

- Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin də çempionatı var. Baş məşqçisi olduğunuz «Neftçi» bu yarışın ilk qalibi olan kimi vəzifənizdən istefa verdiniz. Adətən, qalib məşqçilər postunda qalır və işini davam etdirir...
- Bu, mənim üçüncü istefam idi. Mən həmişə çempion olub, nəticə qazanıb istefa vermişəm. «Neftçi»nin əvəzedici komandası yarışın ilk qalibi olan kimi postumdan getdim. Amma bu mənim klubdan ayrılmağım anlamına gəlməməlidi. İndi də doğma klubdayam, aşağı yaş qruplarındakı uşaqlara futbolun əlifbasını öyrətməkdə davam edirəm.
- Bunun üçün klubda imkan var?
- «Neftçi» klubunun rəhbərliyi gənc və istedadlı futbolçuların yetişməsi işinə çox ciddi yanaşır. Normal fəaliyyət göstərməyim üçün hər cür şərait yaradılıb. Çalışıram ki, mənə bəslənən ümidləri doğruldum. Yəqin ki, klub işimizin bəhrəsini yenə görəcək. Tezliklə yuxarı yaşlı komandalarda və «Neftçi»nin əsas heyətində möhkəmlənə biləcək futbolçular hazırlayacağıq.
- Azərbaycan müstəqillik qazandıqdan sonra müxtəlif yaş qrupları üzrə yığmalarımız beynəlxalq turnirlərdə iştirak edir. Düzdü, uğurlarımız çox deyil, ən yaxşı halda mərhələ adlaya bilirik...
- 17 yaşlılardan ibarət Azərbaycan millisi ilk dəfə mənim başçılığım altında Avropa çempionatında mərhələ adlamağı bacardı. 2002-ci ildə keçirilən bu yarışda çox çətin qrupa düşmüşdük. Türkiyə, Ukrayna və Şotlandiyanın U-17 yığmaları ilə mübarizə aparan Azərbaycan millisi növbəti mərhələyə vəsiqə qazandı. Həmin vaxt baş məşqçi kimi cəmi 100 dollar maaş alırdım, lakin buna baxmayaraq Azərbaycanı qarış-qarış gəzib istedadlı futbolçular tapırdım.
- Bu gün milli komandada və «Xəzər Lənkəran»dakı çıxışı ilə adından söz etdirən gənc qapıçı Kamran Ağayevi də belə səfərlərin birində kəşf etdiniz?
- 2001-ci ildə Dəvəçidə olarkən Kamran Ağayevin oyununu izlədim. Mənim təkidim ilə valideynləri onu Bakıya gətirdilər. Ölkə futbolu üçün tapdığım istedadlı oyunçuların siyahısı çox genişdi. Bu gün 21 yetirməm müxtəlif yaş qrupları üzrə yığmalarda oynayırlar. Millinin və «Qarabağ»ın aparıcı oyunçularından sayılan Elvin Məmmədovu Tovuzdan Bakıya mən gətirmişəm. Vüqar Nadirov, Namiq Yusifov, bir müddət Türkiyədə top qovan İlqar Qurbanov yetirmələrim sayılır. Bu gün U-19-un əsas heyətinə cəlb olunan 9 futbolçu mənim tələbəmdi. Araz Abdullayev, Mirhüseyn Seyidov, Amid Quluzadə və bir neçə belə gənc futbolçu həm «Neftçi»nin, həm də aşağı yaş qrupları üzrə yığmanın formasını geyinir.
- Söhbətimizin gedişində U-17-yə başçılıq edərkən 100 dollar əmək haqqı aldığınızı bildirdiz. Bu gün yüksək maaşla Azərbaycana dəvət olunan alman mütəxəssislər niyə yerli məşqçilərin qazandığı uğurları təkrarlaya bilmirlər?
- Bu məsələdə puldan da önəmli məqamlar var. Öz iş metodumdan sizə misal gətirə bilərəm. Komandaya götürdüyüm futbolçu təkcə yaxşı futbol oynamamalıdı, həm də təmsil etdiyi ölkənin tarixini, mədəniyyətini, ədəbiyyatını bilməlidi. Dövlət Himnimizi bilməyən, Əhməd Cavadı, Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, Xəlil Rza Ulutürkü tanımayan futbolçu mənim nəyimə lazımdı? Yaşıl meydana çıxan oyunçuda milli ruh olmalıdı. Xarici ölkələrə yarışa gedərkən həmişə özümlə Şəhidlər Xiyabanından torpaq aparırdım. Futbolçular həmin torpağa and içib meydana çıxırdılar. Gəlin etiraf edək ki, bu gün peşəkarlıq baxımından güclü komandaları məğlub etməyə imkanımız yoxdu. Amma futbolçularda milli ruhu formalaşdırmaqla onları döyüşkən ruhda yetişdirə, əzimkar və vətənpərvər kimi böyüdə bilərik. Sadaladığım bu keyfiyyətlərlə də rəqibi məğlub etmək olar. Xeyli vəsait xərcləyib Almaniyadan dəvət etdiyimiz məşqçilərlə isə bunu həyata keçirmək mümkün deyil. Bu gün Almaniyadan dəvət olunan Oliver Pilzerin, Bernard Lippertin işləri göz qabağındadı. Artıq neçə ildi ki, heç bir nəticə əldə edə bilmirlər. Onlar artıq çoxdan istefa verib getməli idilər.
- Dəvət olunan əcnəbi mütəxəssislərin də öz arqumentləri var. Uduzan kimi deyirlər ki, Azərbaycanda yaxşı futbolçu tapmaq problemdi...
- Bu fikri deyən əcnəbi mütəxəssislərlə istənilən telekanalda canlı debata çıxmağa hazıram. Oliver Pilzer, Bernard Lippert Gəncənin, Mingəçevirin harda yerləşdiyini bilmirlərsə, Bakıdan kənara çıxmırlarsa Azərbaycanda bacarıqlı futbolçuların olmadığını necə müəyyənləşdirirlər? Gəncə Azərbaycan futbolunun Məkkəsi sayılır. Amma həmin alman mütəxəssislər bir dəfə də olsun Gəncəyə getməyiblər. Necə olur ki, İslam Kərimov Gədəbəyin Şınıx kəndində Cavid Abbasovu, Ağstafada Azər İbrahimovu tapa bilir, onlar isə Azərbaycanda istedadlı futbolçu olmadığını deyirlər. Çünki alman məşqçilər Bakıdan kənara çıxmırlar. Futbol təkcə Bakıdan ibarətdir? Bu gün aşağı yaş qrupları üzrə milli komandalarda Gəncədən, Mingəçevirdən bir futbolçu belə yoxdu. Bəs onda bu qədər pulu alman məşqçilərə niyə xərcləyirik? AFFA bu gün U-17-ni mənə tapşırsa təmənnasız işləməyə işləməyə hazıram. Nəticəyə də təminat verirəm. Çünki mən bu gün Azərbaycanda uşaqlar və yeniyetmələrlə işləyən məşqçilər arasında özümə alternativ görmürəm. Heç zaman pul qazanmaq dalınca qaçmamışam. Qarabağ savaşında könüllü iştirak etmişəm, bu gün də əlimə silah alıb döyüşməyə hazıram. Atəşkəs imzalanandan sonra da sözümü futbol meydançasında demişəm. Uşaq futbolunun inkişafı ilə bağlı konsepsiya hazırlamışam. Təəssüf ki, bu gün AFFA-da məni eşidən yoxdu. Yerli mütəxəssislərə inamsızlıq ən böyük bəlamızdı. Mərhələ keçən yerli məşqçi İslam Kərimov niyə bu gün U-15-i, U-17-ni çalışdırmamalıdı?
- İslam Kərimovun yığmalara təklif etdiyi yeni adlar var?
- Təbii ki, var. Kənan Manafov, Ravil Məhərrəmov, Ömər Mahmudzadə, Zaur Əhmədov, Etibar Süleymanov, Azər İbrahimov, Pərviz Yusifzadə yaxın gələcəkdə Azərbaycanın ən gücü futbolçuları olacaqlar. Bir mütəxəssis kimi buna inanıram.

ETİBAR //  FutbolPress.az


oxunma sayı: 764 | Paylaş:




?>