"FIRTINA" MİRCAVADOVA QARŞI İNADINDAN ƏL ÇƏKMİR
Paylaş:
FutbolPress: "Xəzər Lənkəran"ın müstəqil "Fırtına" fanklubu silsilə xarakterli etiraz bəyanatlarıyla çıxış edirdi. Növbə klub rəhbərliyinə çatanda vitse-prezident köməkçisi Tuyqun Nadirov saytımıza açıqlama verərək, fanatları obyektiv olmağa, klubla azarkeş kütləsi arasında soyuqluq yaratmamağa çağırdı. Daha sonra mətbuatda "Fırtına"nın bu hay-küyə əvvəllər klubda vitse-prezident vəzifəsində çalışmış Araz Nəsirov və Rəvan Bəşirovun yönəltdiyi barədə yazılar dərc olundu. Biz adı hallananlardan biri- Araz Nəsirovla əlaqə saxlayıb, haqqında dolaşan informasiyalara münasibət öyrəndik. Nəsirovun dediklərindən belə bir çıxarış edirik: "Mən o vəzifədən özüm getmişəmsə, bir də geri qayıtmaram". P.S. Sizlər bizi vadar etdiyinizdən, bu dəsti xəttimiz davam edəcək. Sevimli Xəzərimizə uğurlar! "Fırtına" Fan Klubu
Bəs məsələyə müəyyən aydınlıq gəldikdən sonra "Fırtına" niyə yenidən Ağasəlim Mircavadovu belə sərt ittiham etsin? Deyilənə görə, Mircavadov Lənkəranda bir neçə fanatla görüşərək, aralarındakı problemləri yoluna qoymağa, sivil müzakirələr aparmaq əvəzinə, birbaşa "Fırtına"ya qarşı ittihamlar söyləyib. Bundan duyuq düşən "Fırtına"çılar da belə bir bəyanatla çıxış ediblər.
Sizə fanklubun rəsmi saytında dərc olunan bəyanatı heç bir redaktə və korrektə müdaxiləsi olmadan təqdim edirik. Bütün tərəflərin obyektiv mövqeyini də işıqlandırmağa hazırıq:
Maraqlıdır... Görəsən Fırtına Fan Klubu və onun bir çoxlarının ürəyinə saldığı qorxu olmasa klub rəhbərliyi və məşqçimiz öz təşəbbüsləri ilə nə vaxt heç olmasa 5 ildə 1 dəfə fanatlarla görüşmək istəyində olacaq? Hətta istəmək üçün də təşəbbüslə çıxış edən olsaydı, fanatlar heç olmasa 1 dəfə rahat ola bilərdilər ki, "Gözümüzün ağı-yaşılı, işimizdən gücümüzdən dəyərli, canımız qədər əziz klubumuzdan 1 nəfər azarkeşləri saydı, hörmət etdi.." Əfsuslar olsun ki, Fırtınanı həzm edə bilməyənlər soğan yeməmiş kimi özlərini göstərsələr də, o qədər acıya qərq olublar ki, su içmək əvəzinə yenə soğan yeməyi qərara alıblar. Bu enerjinizi kluba və komandaya xərcləsəydiniz indi turnir cədvəlində aşağıdan yuxarı həsrətlə baxmazdınız. Belə baxanda heç sizin vecinizə də deyil, bu həsrəti yaşayanlar da elə biz fanatlarıq.
Keçək əsas məsələyə. Yəni Ağasəlim Mircavadova. "Hörmətli" Mircavadov, bundan sonra sizə tərif etdiyimiz hər sözdə dırnaq ("") işarəsini görəcəksiniz, çünki "siz" bir səhvi düzəltmək üçün başqa böyük bir səhvə yol vermisiniz. Söhbət fanatlarla son görüşünüzdən gedir. 20 nəfərlə görüşünüzdən çoxlu maraqlı vədlər, inkişafa dair planlar, uğursuzluqların səbəbi gözlənsə də, siz işinizi gücünüzü atıb millətə Fırtına nağılı danışmağı üstün bilmisiniz. Bu nağıldan treyleri hər kəsə çatdırmağı biz öhdəmizə götürürük ki, az da olsa xəbərdar olsunlar. Yoxsa zorla fanatları yığıb bu söhbətləri onlara danışacaq qədər hörmətinizin olmadığını bilirik.
Ağa: "Bu Fırtına nədir bilmirəm, kimlərdir bilmirəm.."
Bu sözləri deyəbiləcək və soruşabiləcək qədər nankorsunuzsa bilin; Fırtına Xəzər Lənkəranın önündə duran, yolunda daş olan və gələcəyinə ziyan vuran hər kəsin başının bəlasıdır.
Ağa: "Ağızlarına gələni yazırlar, aramızı qatmaq istəyirlər."
Sizin heç bir zaman azarkeşlərlə aranız olmayıb. Biz ara qatmırıq, sizin kimiləri önümüzə qatırıq.
Ağa: "Mübariz müəllim və Mais müəllimə qarşı yalanlar yazırlar. Yenə də bu işlər olsaydı, deyərdim ki düzünü yazırlar. Axı olmayanları yazmaq düzgün deyil. Onlar bizim bu Xəzəri dağıtmaq istəyirlər."
Ağasəlim bəy, yaltağlığa ehtiyac yoxdur. Mənsimovları fanatlardan çox istəyə bilməzsiniz, sizin dərdiniz puldur, bizim dərdimiz Xəzər Lənkəran. İkincisi də ki, "Bizim Xəzər" deyib özünüzü fanat kimi göstərməyin, Mübariz bəydən sitat istəyirsinizsə buyurun oxuyun - "Xəzər Lənkəranın əsl sahibləri onun azarkeşləridir"
Ağa: "Vallah sizə düzünü deyirəm bu işin axırı heç də yaxşı qutarmaz. Baxın sizə deyirəm əgər Mübariz müəllim bu işdən xəbəri olsa, Xəzərin bazasını, stadionu burda inşa olunan hər şeyi atıb gedə biləcək təhlükəsi ilə üzləşmək olar."
Öz maraqlarınızı qorumaq üçün belə çirkin üsluba əl atmayın. Daha doğrusu sahib olduğunuz üslubdan istifadə etməyin fanatlara qarşı. Əlbəttə ki, bir zaman hər kəsin ürəyində qorxu var idi ki, Mübariz bəy klubu buraxa bilər. Amma sitatlar sizin dar yaddaşınıza sığmasa da fanatların "Ən böyük başkan"ının dedikləri sözlər həmişə xatirimizdədir - "Azərbaycanda bütün klublar qapansa, Xəzər Lənkəran qapanmaz, bunu artıq bəziləri beyinlərinə yerləşdirməlidirlər". Elə siz də beyninizə yerləşdirin! Sitatın davamı kimi də biz təkrar edək ki, ömrümüzün axırına qədər, istədiyimizi qoparanacan fəaliyyətimizi davam etdirəcəyik.
Ağa: "Əgər Fırtına Fan Klubu kluba daha yaxşı rəhbərlik etmək istəyirsə, danışsınlar götürüb işlətsinlər də.. Heç belə şey olar?"
Təşkilatlanmış azarkeşlərin nə olduğunu bilməyən köhnə futbol mütəxəssisi, Fırtına bir Fan Klubdur. Əsas məqsədi Xəzər Lənkərana dəstək olmaqdır, müstəqildir, heç kimdən asılı deyil, satın alınmır. Layiq olanda məşqçisini də, rəhbərliyini də , oyunçularını da başına tac edər, layiq olmayanda da boğazlarına zəhər olar.
Ağa: "Fan klub kimdir ki, desin bu oyunçunu alma, onu al, bu oyunçunu oynatma onu oynat və ya niyə onu ehtiyatda saxladın və s. Ağızlarına gələn şeyləri yazıb verirlər internetə.. Mən Bakıda olsaydım, Fırtına heç nə edə bilməzdi, bu işi mən həll edərdim."
Sizin həll etmək qabiliyyətinizdən bütün ölkə danışır, yuxarıda qeyd etdiyimiz kimi biz satın alınmırıq. Bizə bu klubu yaradan insanın vəd etdiyi nəticələrin qazanılması lazımdır. Eyni zamanda klubun bölgəmizin insanlarını şərəflə və layiqincə təmsil etməsini tələb edirik. Heyəti Fırtına Fan Klubu yox, sizi böyük təmtəraqla kluba dolayı yollarla gətirənlər təyin edirlər. Öz zəfərinizin ləkəsini bizə yaxmayın!
Ağa: "Amma mən Lənkərandayam. Onların hamısı Lənkəranlılardır, ama Lənkəranlılara, fanatlara hörmətsizlik edirlər. Siz buna necə yol verirsiniz? Özünüz onları zərərsizləşdirin. Çağırın bu yazıları yazanları danışın, başa salın, öz yolunuza çəkin və birlik yaradın. Yenə deyirəm mən Bakıda olsaydım, özüm həll edərdim bu işi."
Bu sözləri deməklə siz karyeranızın ən böyük səhvini buraxdınız və heç vaxt bağışlanmayacaqsınız. Siz kimi kimə qarşı çıxarırsınız? Sizin məqsədiniz nədir ? Öz çirkin əməllərinizi reallaşdırmaq üçün fanatları birbirinə vurmaqmı istəyirsiniz? "Bakıda olsaydım.." deyib durmayın. Bizim yerimiz məlumdur; Fırtınalar Meydanı. Söz deməyə imkanınız olacaqmı demək olmaz, amma eşidəcəkləriniz yetərincə olacaq. Fanatları parçalamaq cəhdlərinə görə sizi artıq biz də tanımırıq. Xəzər Lənkərana verəcəyimiz dəstəyi də "safniyyətli dəstə"nizlə birgə öz üzərinizə götürməyin. Xəzər Lənkəran Fırtınasız, Fırtına Xəzər Lənkəransız olmayacaq. Bu sevginin sizin kimilərlə heç bir əlaqəsi yoxdur.
Xəzər Lənkəran təkcə oyunçulardan, məşqçilərdən və rəhbərlikdən ibarət bir futbol klubu deyildir. Onun eyni zamanda minlərlə çılğın azarkeşdən ibarət ruhu vardır. O ruhu öldürməyə çalışanların niyyəti elə Xəzərin özünü öldürməkdir. Biz bu ruhun keşikçiləriyik və biz var olduqca o yaşayacaqdır. Xəzərə şərəflə xidmət edib bizi sevindirə bilməyənlərə güldən ağır söz demərik, amma onun varlığını səriştəsiz işiylə və hərisliyi ilə təhlükəyə atanların hər iki dünyada əlimiz yaxasında olacaqdır. Çünki biz Xəzəri sevinmək üçün sevməmişik, onu var olduğu üçün sevənlərik!
| Paylaş: