')

Bu gün:


FutbolPress.Az | "PEŞƏKARLAR" (IV FƏSİL)

"PEŞƏKARLAR" (IV FƏSİL)


oxunma sayı: 1604 Paylaş:

Xalların hesablanması sistemi. Həvəskar futbolun sonu. Dünyada ilk futbol yarışlarının yaranması

(IV Fəsil)


* Futbol liqasının yaranması
* İngiltərənin qocaman futbol klubları (dünyada ilk klublar)
* Xalların hesablanması sistemi. Hakimlər. Həvəskar futbolun sonu
* Dünyada ilk futbol yarışlarının yaranması

İdman yarışsız mövcud ola bilməz. Onsuz tamaşaçıda maraq oyatmaq, idmançıların sayını və ustalığını artırmaq mümkün deyil.
Kubok oyunlarının həyata keçirilməsi bunlara imkan yaratdı. Lakin hakimlərin, oyunçuların, futbol meydanlarının olmaması üzündən bir çox oyunların vaxtı dəyişilib, təxirə salınıb, ləğv olunub. Matç görüşləri istisna olunarsa, bütün oyunlar yoldaşlıq görüşləri olub və məktəblər, kolleclər, klublar arasında müştərək razılığa əsasən keçirilib. Razılığa gəlmək o qədər də asan olmurdu. Görüşün keçiriləcəyi yeri hazırlamaq, komandaların bütün oyunçularının bir yerə yığışa biləcəyinə əmin olmaq lazım idi və s. Əgər bu cür oyun baş tutsaydı belə, tamaşaçıların onun keçiriləcəyi yer və vaxt barədə təsəvvürü olmurdu. Eyni zamanda futbola maraq artmaqda davam edirdi.
Şəhərlərin və kəndlərin sakinləri öz futbol komandalarını yaradır və bir-birilə görüşlər keçirmək barədə razılığa gəlməyə cəhd göstərirdilər. Oyunların keçirilməsi sistemi qətiyyən yox idi və futbol matçlarının təşkilində ümumi xaos hökm sürürdü.

Məhz bu zaman şotlandiyalı Uilyam Makqreqorun ağlına gözəl bir fikir gəldi - oyunların əvvəlcədən müəyyənləşmiş cədvəlinə əsasən öz meydanında və özgə meydanında görüşəcək komandaların futbol liqasını yaratmaq.
O, gözəl başa düşürdü ki, oyunların qydaya salınmış sistemi tamaşaçıların marağını artıracaq və oyunun daha yüksək səviyyəyə qalxmasına kömək edəcəkdir. Makqreqor öz ideyalarını məktub vasitəsilə qocaman klubların nümayəndələrinə bildirir. Məsələn, o məktubda yazırdı: "İldən-ilə klublar arasında yoldaşlıq görüşlərini təşkil etmək və onları keçirtmək çətinləşir. Nəticədə camaatın futbola marağı itir. Xahiş edirəm 10, yaxud 12 klubun bir qrupda birləşdirilməsi barədə təklifimi nəzərdən keçirəsiniz. Bu qrupun klubları arasındakı görüşlər əvvəlcədən müəyyənləşmiş təqvim əsasında öz meydanında və özgə meydanında keçirilməlidir. Futbol ittifaqı adlandırıla biləcək bu cür qrupun klublarına rəhbərliyi klubların nümayəndələri edəcəklər".

Fəhlə sinfinin öz xüsusi futbol çempionatını təşkil etmək cəhdini futbol assosiasiyasındakı hörmətli centlmenlərin son dərəcə pis qəbul edəcəyini əla dərk eləyən Makqreqor məktubunu bu cür sözlərlə bitirir: "Əlbəttə ki, yarışların yeni növü milli futbol assosiasiyasının fəaliyyətinə maneçilik törətməyəcək. Axı hətta mənim haqqında danışdığım matçlar da futbol assosiasiyasının Kuboku uğrundakı oyunların qaydaları üzrə keçirilə bilər. Ancaq bu o qədər də vacib deyil. Mənim güddüyüm məqsəd - təklifimə diqqət cəlb etməkdir. Bunun üçün bir yerə toplaşmağı və bu məsələni ətraflı müzakirə etməyi təklif eləyirəm".
Makqreqorun futbol liqasının yaradılması barədə təklifi yamanca yerinə düşdü və çox bəyənildi.

1888-ci il martın 22-də klubların nümayəndələrinin iclasında qərara alındı: "İngiltərənin 12 qabaqcıl klubundan ibarət ittifaq, yaxud liqa təşkil edilsin".

Bu klublar aşağıdakılar idi: "Akkrinqton", "Aston Villa", "Blekbern rouvers", "Bolton uonderers", "Bernli", "Vulver-hempton uonderers", "Darbi kaunti", "Totts kaunti", "Preston nort end", "Stouk-siti", "Uest-Bromuiç Albion" və "Everton".

Dünyada ilk futbol yarışları belə yarandı. Qeyd etmək maraqlıdır ki, bu klubların hamısı İngiltərənin sənaye rayonlarından idi. Liqanın heyətində Birmingemdən cənubda yerləşən rayonlardan bircə klub da yox idi - bu bir daha parlaq şəkildə sübut edirdi ki, London klubları, eləcə də ölkənin orta və yüksək sinfinin nümayəndələrindən ibarət olan cənub komandaları öz həvəskar ənənələrini qorumaqda davam etdikləri bir zamanda, fəhlələr tərəfindən yeni liqa yaradılmışdı.
Klubların nümayəndələrinin ikinci iclasında qaydalar tam hazırlanıb təsdiq olundu və futbol liqası mövcud fakta çevrildi. Bu iclasda oyunların nəticələrini xal verməklə qiymətləndirmək qərara alındı. Bu məsələ ətrafında xeyli mübahisə getdi. Qələbəyə görə iki xal verilməsi qərarı bir səslə qəbul olundu. Heç-heçə məsələsində mübahisələr düşdü. "Uest-Bromuiç Albion" komandasının nümayəndəsi L.Ford heç-heçəyə görə xal verməməyi təklif etdi. Lakin bu təklif keçmədi (altı səs "əleyhinə", dördü "lehinə"). Lakin, əgər bu təklif qəbul olunsaydı, futbolun siması tamam ayrı cür olardı. Belə ki, komandalar yalnız bir şeyə - qələbəyə, açıq oyuna can atardılar və özgə meydanlarında oynayan indiki komandaların əksəriyyəti yalnız heç-heçə barədə düşünməz, müdafiəyə belə canfəşanlıqla fikir verməzdilər.

Liqanın meydana gəlməsi neytral hakimliyi israrla tələb edirdi. Futbolun inkişafının erkən çağlarında oyunlara komandaların kapitanları nəzarət edirdilər. Sonralar əli bayraqlı kənar hakimlər meydana çıxdılar. Onlar rəsmi dairələrdən seçilir və yalnız meydanın yarısına nəzarət edirdilər. Fikir ayrılığı olanda mübahisəli məsələləri qapı xəttində dayanan, yaxud da hakimlik tribunasında əyləşən hakim həll edərdi.
Futbol liqasının meydana gəlməsi ilə hakimin rolu əhəmiyyətli dərəcədə artdı. Matçda hakimlik etmək üçün bir giney zəhmət haqqı verir və yaşadığı yerdən görüşün keçirildiyi yerə getmək üçün üçüncü dərəcəli biletin haqqını ödəyirdilər.
Futbol liqasının yaranması idmanın simasını dəyişdi, həvəskar futbolun dəfn musiqisinin sədası oldu. Futbol liqasının "Arsenal", "Tottnem hotsper", "Uest-hem yunayted", "Liverpul", "Everton", "Mançester-siti", "Mançester yunayted" və s. kimi məşhur komandaları əmələ gəldi ki, bunlar yağışdan sonra peyda olan göbələkləri xatırladırdılar.
Təmiz həvəskar klubların liderlik roluna son qoyuldu.

Frenk Teylor - "Peşəkarlar" (1985) Materialdan istifadə olursa, "FutbolPress"ə istinad mütləqdi.
Təkrar redaktə: Elçin Cəlilov


(I Fəsil)
(II Fəsil)
(III Fəsil)


oxunma sayı: 1604 | Paylaş:




?>