Ulduz falı
Paylaş:
Qoç - Bu bürc altında doğulan futbolçular adətən, Zinəddin Zidan kimi kəllə atmağı xoşlayırlar. Əksəri keçəl olurlar. Qurban bayramında qoç kəsmək adət olduğu üçün biz düşünürük ki, Qurban Qurbanov da qoç bürcündəndir. Çünki onun adı Qurbandır. Bir də nəzərə alsaq ki, ingilislərdə məşqçiyə COACH (KOÇ) deyirlər... Bu sözün qoç sözüylə etimoloji yaxınlığı var. Ona görə də bu bürc altında doğulan futbolçunun sonradan məşqçi olmaq ehtimalı da var. Çalışın, pas atın, kəllə yox! Əkizlər - Bu bürc altında doğulanlar sifət quruluşu və oyun tərzi baxımından özündən əvəlki futbolçulardan kiməsə oxşayırlar, onunla ruh əkizi olurlar. Məsələn, Lionel Messi Maradonayla ruh əkizi kimidir. Lakin bu baxımdan həm də biz bu bürc altında doğulanları plagiatlıqda da günahlandıra bilərik. Çünki Messi Maradonanın vurduğu məşhur qolu oğurlayıb, təkrarlamışdı. Bu bürc altında doğulanlar hətta öz komanda yoldaşının vurduğu qolu da öz adına çıxa bilər. Çalışın, özünüz olun, başqalarından onsuz da var. Şir - Şir mifologiyada təkəbbür rəmzidir. Bu bürc altında doğulnalar özündən çox razı olurlar. Onlar elə bilirlər ki, onlardan başqa futbolçu yoxdur. Adları CavanŞİR, BəŞİR və s. olur. Çox hay-həŞİR eləməsinlər, axırda mürdəŞİRə qismət olarlar. Şirlər, pələnglər haqda hamının bildiyi kimi, onlar öz ovlarnın üstünə 3 dəfə cumurlar. Əgər uğur qazana bilməslər, küsüb gedirlər. Bu bürc altında doğulanlar məhz buna görə penalti zərbəsini 3 dəfə vura bilməsələr təqaüdə çıxmaq barədə düşnürlər. Çalışın, arada ŞİR, bir az da ŞİRin olun. Tərəzi - Bu bürc altında doğulanlar həmişə istəyirlər ki, oyun heç-heçə başa çatsın. Çünki ola bilsin ki, gedib "stavka" eləyiblər heç-heçəyə. Bu bürcdən olanları komandada saxlamaq təhlükəlidir. Tolerantlıq, bərabərlik, dostluq deyə-deyə "klubunuzu" yıxa bilərlər. Yadınızda saxlayın: tərəzi- var nəsə qərəzi... Oxatan - Oxatandakı OX-u pas atmaqla əvəzləsək, düşünə bilərik ki, onlar yaxşı pas atan olur. Amma həm də ola bilər ki, onlar sizə ox və pas yerinə pul da ata bilər. Sevinməyin, pulu üstünüzə atmayacaqlar. Sizdən pul götürüb ciblərinə atacaqlar. Azərbaycanda futbolunda bu bürcdən olanlar çoxdur. Sutökən- Bu bürcdən olanlar yaxşı futbolçu olurlar. Çünki onlar meydanda kifayət qədər su, yəni tər tökürlər. Bu baxımdan, heç kim onların əlinə su tökə bilməz. Sutökənlər ən odlu-alovlu komandanın oyununu belə, söndürə bilər. Azərbaycanda su gəlməyən yerlər çoxdur... Buğa - Buğa sözü bir az bığa oxşayır. Ona görə, bu bürcün sahibləri bığlı ola bilər. Deyə bilərsiz ki, bəs qadındırsa, onda necə? Guya bığlı qadın yoxdur ki?.. Özü də ki söhbəti fırlatmayın. Bizim mövzumuz futboldur. Buğalar da qoçlar kimi kəllə atmağı xoşlayır. Amma rəqib oyunçuya yox kəlləylə topu tora atmağı. Xərçəng - Xərçənglər pivəylə yaxşı gedir... Bağışlayın, xərçənglər yaxşı futbolçu olur. Çünki caamatın iki ayağı olanda bu zalım uşaqlarının dörd ayaqları, hələ iki dənə də qayçıları var. Abcaq bir qəpiklik qayçı zərbəsi vurmağı yoxdu onların. Ən yaxşı halda, oyun qurtarandan sonra xoşlarına gəlsə, qapının torunu da qayçılayıb özləriylə aparırlar. Qız - Bu bürcdən olanlar futbolu buraxıb, gimnastikaya getsələr daha yaxşı olar. Futbol kişi oyunudur. Əqrəb - Bu bürcdən olan futbolçular türkün məsəli, adamı arxadan "sancmağa" adət eləyiblər. Adətən, bu bürcdən olanlar müdafiəçilər olur. Adama "iynələri" ilə elə "podkat", "podnoşka" verirlər, ayılırsan ki, xərəkdəsən. Amma bilirsiniz ki, əqrəbi balona salanda ordan çıxa bilməyən əqrəb öz iynəsiylə özünü zəhərləyir. Bu bürcün futbolçuları da fəndləri alınmayanda simulasiyaya başlayırlar. Oğlaq - Oğlaq bürcü isə qız bürcünün əksinə olaraq gimnastikadan çıxıb futbola gəlsin. Balıqlar - Balıqların öz bürcüm olduğunu nəzərənizə çatdırıb deməliyəm ki, bu bürcdən olanlar dəhşətli dərəcədə çevik futbolçu olmaqla bərabər, həm də yaxşı köşə, şeir, hekayə, roman və s. yazırlar. Bu bürcdən olanlar hər həftə "FutbolPress"in satirasını da təmin edirlər. Əşşi, niyə uzadım, özünüz görürsünüz də... UNUTMAYIN, AFFA FİFA-dan DAHA YÜKSƏKDƏ DURUR!
| Paylaş: