')

Bu gün:


FutbolPress.Az | AQİL ABBAS BERTİ FOQTSA "DƏRS KEÇDİ"   (Müsahibə)

AQİL ABBAS BERTİ FOQTSA "DƏRS KEÇDİ"   (Müsahibə)


oxunma sayı: 839 Paylaş:

"Vaqif Cavadov gözəl oynayır, amma gözəl futbolçu ola bilməyəcək"

FutbolPress: Deputat, baş redaktor, ictimai faəllığı ilə seçilən Aqil Abbas arabir futbol haqda müsahibə verib, emosiyalarını çıxarır. Bu dəfə Aqil bəy yenə Azərbaycan futbolu haqda duzlu-məzəli söhbətlər edib. Ağdamlı Aqil müəllim, Ağdamın "Qarabağ"ının "İmarət" fanklubnun rəsmi saytına müsahibə verib. Müsahibədə maraqlı məqamları nəzərə alıb, onu oxucularımızın nəzərinə veririk.

- Aqil müəllim, "Qarabağ"ın bugünkü durumunu necə qiymətləndirirsiniz?
- "Qarabağ"ın bugünkü durumundan razıyam. Təxminən 1 ildir ki, artıq komanda toparlanıb. Bunun da səbəbi var. Niyə komandamız uğurlu çıxış edir, niyə Avropada çıxış edib? Təkcə məşqçidən və yaxud oyunçulardan asılı deyil. Düzdür Qurban müəllimin və futbolçuların bu gün zəhməti var. "Qarabağ"ın Avropaya ayaq açmasının əsas, başlıca səbəbi, Ağdama ayaq basmasıdır. Vəssalam. Nə qədər ki, "Qarabağ" klubunun ayağı Ağdamdadır, hər il Avropada oynayacaq. Ağdamdan qopsa yenə əvvəlki vəziyyət olacaq. O komanda ruhunu, nəfəsini, suyunu Ağdamdan alır, o nə desən qazanar. Bizim futbolçular peşə məktəbini qurtarıb. Futbolçunun yaxşı yetişməsi üçün futbol akademiyasında təhsil alması gərəkdir. Biri var "Çelsi"nin məşqi, rus komandalarının məşqi, biri də var peşə məktəbi. Rayon komandalarının məşqi, peşə məktəbinə bənzəyir. Yəni, bunların məşqində əsas ötürmələr, uzaqdan zərbələrdir. İndi futbol elmdir. Futbol üçün mərhələlər keçməlisən. Universitet, akademiya keçməlisən. Bununla belə "Qarabağ" komandası peşə məktəbində oxuya-oxuya sözün deyə bildi. Sən indi onu universitetə, akademiyaya çıxartsan, tək "Qarabağ" komandasını yox, "Bakı", "Neftçi"sini də çıxartsan, "Barselona", "Çelsi" olar. Bu nədi ki, təhsildir. Onu almaq lazımdır. Məsələn, Rəmiş. Konservatoriyada təhsil alsaydı, dünyada meqastar olardı. Tək istedad azdır. İstedadla hər şeyi həll etmək qeyri-mümkündür. Həm də gərək təhsilin olsun. Hər bir komanda, o cümlədən "Qarabağ" öz azarkeşindən, öz yerindən, öz meydanından ilham alır. "Qarabağ" komandası belə götürsək 1-2 il getməyib Avropaya. 2001-ci ildən isə 3-4 il getməyib. Qalan illər komandamız Avropada çıxış edib. Mənim üçün ən böyük məşqçi Ağasəlim Miracavadovdur.
- Ancaq Mircavadovun komandası bu il o qədər də yaxşı çıxış etmir...
- Fatih Terim "İmperatordur". Sən gətirirsən Terimi "Fiorentina"ya. Və ona pul buraxmırsan, bir futbolçunu ala bilmirsənsə, istədiyi şəraiti yarada bilmirsənsə, neyləyə bilər? Heç nə. Bizim məşqçilərə, məşqçi kimi işləməyə imkan vermirlər. Komandanın prezidentləri məşqçilərin işinə qarışmamalıdırlar. Yalnız məşqçiyə şərait yaratmalıdırlar. Məşqçi hansı futbolçunu istəyirsə, onu almalısan. Ondan sonra oyun tələb etməlisən. Klub prezidentlərinin əksəriyyəti futbol nə olduğunu bilməyən insanlardır. Komanda oyuna hazırlaşanda oyunçular və məşqçilərdən başqa heç kim olmamalıdır. Azərbaycanda isə hamısı ordadır. Bu proseslərin qarşını alsalar, futbol inkişaf edər.
-"Qarabağ"ın Avropadakı uğurundan danışdınız. Sizcə qrup mərhələsinə çıxmamaqda nə çatmadı?
- Rəşad Sadıqov. Vəssalam. Sadıqov olsaydı, niyə olmadı onu da bilmirəm.
- Zədə...
- Zədəni də başa düşmürəm. Niyə zədələndi? Futbolçunu qoruyurlar. Futbolçunun əsas zədəsi məşqdə olur. Oyun zamanından çox, məşqdə baş verir. Sən əgər Rəşad Sadıqovu böyük oyuna hazırlayırsansa, onu qorumalısan. Dünyada var texnikalı futbol - yəni Latın Amerikası futbolu, nəfəs - Alman futbolu, total futbol isə Holland futboludur. "Tvente" Niderlandın öndə olan komandasıdır. Birdən-birə bir kənd komandası, dünyaya meydan oxuyan bir ölkənin klubuna qarşı oynayır. Lakin başa-baş mübarizə getdi. Şərəfli uduzmaq başqa şeydir. Biz "Tvente"yə şərəflə məğlub olduq. Bizim məşqçilər oyunçuları "aça" bilmirlər. Belə getsə, Vaqif Cavadov gözəl oynayır, amma gözəl futbolçu ola bilməyəcək.
- Niyə?
- İnsan nə qədər qapalı oynayar. İnsan nə qədər eyni yerdə oynayar. Vaqif çox istedadlı oyunçudur. Əgər sən onun nəyə qadir olduğunu üzə çıxara bilmirsənsə, ondan heç nə gözləmə. Kiyev "Dinamo"sunda hamı kollektiv oynayırdı. Mən Lobanovskinin vaxtından danışıram. Vüqar Nadirovun 90 dəqiqə nəfəsi çatmır. Onu hələ ki, 45 dəqiqə oynatmaq lazımdır.
- Buna görə kimi qınamaq olar?
- Vüqar özü də deyir oynayacam. Lobanovski Belanovu gətirəndə 1 il oynatmadı. O, Vüqardan da arıq idi. Onu 1 il bəslədi. Yedirtdi, fiziki güc verdi. Sonda necə oldu? Belanov ən güclü zərbəyə malik oyunçu oldu. Hətta deyərdim ki, zərbəsi Karlosdan da güclü idi. Vüqarı da yedirdib, bəsləmək lazımdır. Mən həmişə deyirəm Azərbaycanda futbol oynamırlar, top-top oynayırlar. Top-top ayrı şeydir, futbol ayrı. Foqts da gəlib top-top oynayır. Dünyanın ən yaxşı məşqçisini də gətirsən top-top oynayacaq.
- Bəs nə vaxt futbol oynayacağıq?
- İnşallah olar. Azərbaycanda stabil komanda yoxdur. "Karvan" ilk illər uğurlu çıxış etdi. İndi son yerlərdədir. Bütün ölkələrdə ən azı 5 stabil komanda olur. Nə autsayder birdən-birə çempion ola bilmir, nə də ki, liderlər liqanı tərk etmir. Ən stabil komanda "Neftçi" idi. İndi haradadır? Hazırda "Qarabağ" stabildir. "Simurq" gələn il oynaya bilməyəcək.
- Bunu nə ilə əlaqələndirərdiniz?
- Çünki kökü, ənənəsi yoxdur. SSRİ-də 2 futbol məktəbi var idi. Kənd və şəhər. Şəhər futbolu texnika üzərində oynanılırdı. Kənd futbolu isə nəfəs. Çünki Bakıda stadionlar balaca idi. Məhəllə futbolu olub. Rafiq Əlizadə 30 metrlik stadionda oynayırdı. Belə meydanda oynamaq üçün texnika lazım idi. Kəndlərdə isə 120 metrlik stadionda oynayırdılar. Ağdam stadionu dünya standartlarına cavab verirdi. İmarətin uzunluğu 120 metr idi. Belə meydanlarda isə nəfəs lazım idi. Rafiq Əlizadə Elbrusa çata bilməzdi. Bu ikisini sintez edib futbol yaradırdılar. İndi rayonlarda futbol yoxdur...


oxunma sayı: 839 | Paylaş:




?>