')

Bu gün:


FutbolPress.Az | "FIRTINA" BU DƏFƏ İDMAN KİV-nə ETİRAZ ETDİ!

"FIRTINA" BU DƏFƏ İDMAN KİV-nə ETİRAZ ETDİ!


oxunma sayı: 532 Paylaş:

FutbolPress: Son vaxtlar xeyli fəallaşan "Xəzər Lənkəran"ın müstəqil "Fırtına" fan-klubu X turdakı "Böyük oyunda" qarşılaşdıqları qarşısında susmamaq qərarındadı. Xoşagəlməz olayların böyüməsində təqsirli bildikləri ünvanlara bir-bir etiraz bəyanatları yayan "Fırtına"çılar bu dəfə medianı qınaq hədəfinə çevirdi. Niyə? Səbəbi nədi? Bunu fan-klubun rəsmi saytında dərc olunan yazıda qeyd ediblər. Həmin bəyanatı Sizə təqdim edirik:

Dünən fan klubumuz tərəfindən azarkeşlərin maraqlarını özlərinin korporativ maraqlarından üstün tutduqlarına görə AzTV nin İdman Departamentinin yarıtmaz siyasəti barəsində AzTV rəhbərliyinə məktub ünvanlandı. Bundan öncə də səkkiz bənddən ibarət olacaq silsilə etirazımızın ilk səhifəsində AzTV barəsində yazmışdıq. İndiki yazımızda isə fanatların maraqlarına cavab verməyərək özlərinin "sarı" internet portalları və ya qəzet səhifələrində reytinq xatirinə qalmaqallar yaradan, səhifələrinə bir klubun reklamını alana qədər əsassız yazılarla nə gəldi yazan və reklam alınca qarşısında yal görən kimi quyruq bulayan media nümayəndələrindən danışmaq istəyirik. Bir sıra portallar öz sıralarına satın alınmamış mərd jurnalistləri cəlb edə bilmişsə digərləri qıcıqlandırıcı aravuran faktorlarla "çal-çağır" yaradır. Biz hər hansı əyləncə və ya siyasət qəzet və saytlarından bəhs etmirik! Üzümüzü özünə idman yazarları deyənlərə tərəf tutaraq ucadan bildiririk ki, sizlərin oxucuları bizlərik! Bizlər isə azarkeşlərik! Bizsiz siz bir heçsiniz! Statistikaya görə bir vaxtlar kinoteatrlarda gedən "Siçovullar" filmi də "Çirkinlər, eybəcərlər və qəddarlar" filmi də çox böyük prokatla rekord kassa yığımına sahib olmuşdular. İnsanların belə filmilərə baxması ikrah hissindən doğsa da bəzi yazarlarımız və təəssüflər olsun ki, bir neçə halda bütöv redaksiya heyəti reytinq nəticəsini hər şeydən üstün sayaraq necə görsənmələrini son plana qoyurlar. Azarkeşlərimizin maraq və problemlərini nəzərə alaraq dərhal reaksiya verənlərin də, azarkeş saytı olaraq elə bizim saytdan yazını götürərkən mənbəyə istinad etməyənlərin də, yala quyruq bulayanların da, ara vurmaqla reytinq qazanmaq istəyənlərin də, intellektual səviyyəmizi qısqanclıq və qorxuyla qarşılayaraq bizə yalandan qara yaxanların da, bizim acığımıza şeytanı belə tərifləmək cəhdində bulunanların da bu yazıda adlarını çəkməyəcəyik. Onsuz da hamı özünü güzgüdən görən kimi aydın gördü. Bizə bu yetər. Sadəcə olaraq bir şeyi demək istəyirik ki, çörəyiniz mətbuatdan, mətbuat oxucudan, oxucu azarkeşlərdən bəhrələnir.
"Fırtına" fan klubu olaraq mayasına haram qatan media mənsublarına qəti şəkildə ETİRAZ edirik!

Redaksiyadan: İnanırıq ki, fəallığıyla seçilən "Fırtına"çılar bundan sonra narazı olduğu obyekti dəqiq ünvanıyla göstərəcək. Hər halda, "oğrunu da adıyla çağırarlar"... KİV də çalışır ki, Azərbaycanda bərbad vəziyyətdə olan futbolun azarkeşi onun halına yuvarlanmasın, mədəni fanat kultu formalaşsın. Hə, o artıq tamam başqa məsələdi ki, hansı KİV buna daha səmimi və qərəzsiz yanaşır.


oxunma sayı: 532 | Paylaş:




?>