PFL "FLAQMAN"IN HƏRƏKƏTİNİ PİSLƏDİ
Paylaş:
FutbolPress: "Böyük Oyun"da "Neftçi"nin "Flaqman" fan-klubunun üzvləri yol verdikləri qeyri-etik hərəkətlərə cavabdeh olmaqdadılar. "Flaqman"ın mətbuat vasitəsiylə Lənkəranlılardan üzr istəməsindən sonra məsələyə Peşəkar Futbol Liqası da münasibətini bildirib. PFL-in rəsmi saytında bu barədə deyilir: "Neftçi" azarkeşləri qeyri-etik hərəkətlərilə Azərbaycan futbolunun azarkeşlərinin, həmçinin PFL-in haqlı narazılığına səbəb olmuşlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Premyer Liqada və futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən klublardan onların nəzdində fəaliyyət göstərən fan-klubların AFFA-nın və PFL-in bayrağı altında keçirilən yarışlar zamanı stadionlarda rəqib komandanın və onların azarkeş qruplarının mənəvi dəyərlərini və milli hissiyatını təhqir edəcək hər hansı plakatların açılmasının və şüarların səsləndirilməsinin qarşısını almasını tələb edirik. Bu cür hallar baş verəcəyi təqdirdə oyunlara ezam olunan AFFA nümayəndələri oyunu dayandıracaq və təhqiredici plakatların stadiondan yığışdırlmasına göstəriş verəcək. Əgər futbol klublarını və ya onların azarkeşlərini təhqir edən plakatlar oyun zamanı yenidən açılarsa, hadisədə təqsirli bilinən klub növbəti ev oyunlarını azarkeşsiz keçirəcək. Milli-mənəvi dəyərlərimizə zidd olan belə halların bir daha təkrarlanmaması, futbol klublarımızın fan klubları arasında olan dostluq və qardaşlıq münasibətlərinə və Azərbaycan futbolunun inkişafı yolunda görülən işlərə kölgə salmaması üçün bu cür neqativ halların qarşısının qətiyyətlə alınmasını tələb edirik.
| Paylaş: