')

Bu gün:


FutbolPress.Az | "Perestroyka"

"Perestroyka"


oxunma sayı: 766 Paylaş:

FutbolPress
aliyev.xandan@gmail.com

Növbəti dəfə mənə aydın olur ki, bizimki "Sizif əməyidi". Azərbaycan futbolundan tənqid yazan jurnalist qarşılığında tənqid nöqtələrinin daha da qabarıq formaya salındığını, nöqtələrin vergüllərə çevirdiklərinin şahidi olur...

Hər dəfə xırmana toplaşıb, halay qoparıb məşqçi dəyişikliyi istəyənlər növbəli şəkildə - "əcnəbi"... onun uğursuzluğundan sonra "yerli" haraylayır. Bu, ən yaxşı halda kütlənin küyüdü. Ən pis halda, ictimai rəy. Darıxdırıcı və perspektivə qaranlıq salan da ictimai fikrin bu qədər bəsit və vətənşüvənlik tendensiyasına yoluxmasıdı. İndi də "yerli" məşqi istəyirik. Yerlilər özlərini kifayət qədər göstərib, görmüşük və ya yerlilərin uğurlu olacağı mütləq deyil. Belə əminliklə iddia qaldıranların "obıvatel" yanaşması göz önündədi. Təəssüf ki, ətalət davam edir...

Belçikaya 4:1 hesabıyla məğlub olmalıydıq ki yenə AFFA, Berti Foqts tənqid-təhqir olunaydı? Buna qədər azmı səbəb olmuşdu, alman məşqçinin burda faydasız olmasını görüb, ölçü götürməyə? Hər imkanda Azərbaycana ironiyasını büruzə verən Foqts əslində, mediyaya və ictimaiyyətə mətnaltı mesajını ötürürdü: mən sizi saymıram, onsuz yerim möhkəmdi. Onun bu saymazlığını medianı saya almayan hazırkı AFFA rəhbərliyi cücərdib, inkişaf etdirib. İşin düyün tətərəflərindən biri də budu.

Foqts hər dəfəsində futbolçu seçiminə görə tənqid olunurdu, seçimindəki yanlışlıqlara nəticələrdə də əksini göstərirdi, əvəzində əhəmiyyət verən yox... Çempionat oyunlarını izləməyi şəninə yaraşdırmadığını "Xəzər Lənkəran" - "Neftçi" matçını 80-ci dəqiqədə tərk etməklə göstərmişdi. Təkcə bu cür qeyri-peşəkar (Peşəsində peşəkardı, bu başqa məsələ) davranışı bəs edirdi ki, hər addımında Fotqsu müdafiə edən assosiasiyanın baş katibi Elxan Məmmədov mətbuatda buna görə izahat versin. Ancaq izahat əvəzinə saymazlıq davam edir. Foqtsla media arasında buz bağlamış münasibətdə Məmmədovun ən böyük "aysberq" olduğunu biz bilirik. AFFA-nın mətbuat xidməti hətta bu məsələdə belə, önə çıxmırsa, bunun adı "xidmət" yox, sadəcə "quru kabinetdi". Jurnalist indiyə qədər almandan bir dəfə futbol mövzusunda sualına ciddi cavab almayıb, zarafatla qarşılanıb. Sualın yalnız zarafatla cavablandırılmalı olduğu məqamları inkar etmirəm, çünki Foqtsa millinin səfər oyunlarında, elə lap Bakıda sual verən jurnalistlər kimlərdi? - AFFAtərəfi danışaq...

Foqtsu ilahiləşdirməyimiz də var. "Onu tənqid edə bilmərik, çünki bizdən çox bilir" tipli yanaşmalar. Amma o, Azərbaycan və Küveyt yox, "futbol bulağı" olan Nigeriyanı 10 il geriyə atdı öz işiylə, bilmirsizmi? Onda niyə deyirsiz ki, Foqtsda günah yoxdu, ona material vermək lazımdı...? Nigeriyanı, Şotlandiyanı viran qoyan Fon Foqtsa material verməklə deyil, o pis "dərzidi" - tikdiyi paltar "second hand" keyfiyyətlidi.

Problemlər iyerarxikdi. Futbolçunun qeyri-peşəkarlığından başlayan halqalar AFFA-nın prezidenti postunda tamamlanır. Rövnəq Abdullayevin assosiasiiya prezidenti olmaqda absurdluğunu təkrarlamağa ehtiyac yoxdu. Əvvəla, bir şəxsin həm ARDNŞ-in prezidenti, həm millət vəkili, həm də AFFA prezidenti postlarını ayrı-ayrılıqda normal idarə edəcəyi şübhəsiz ki, şübhəlidi. Bundan başqa, Abdullayevin futbol anlayışı o həddə deyil ki, o, AFFA-nın strukturunu təşkil etməkdə, çempionatın inkişafı üçün proqramlar işləməkdə, milli komandaların koordinativ sistemə salınması və peşəkarlığa doğru yön almaq istiqamətində real addımlar atsın, infrastruktur problemləri həllini tapsın və s. Abdullayevi bu işdə əvəzləməli olan Məmmədovun da işi yalnız Foqtsu müdafiə etmək, bir də kübar görünüş göstərməkdi. Məmmədovun da Foqts kimi, bilərəkdən, yaxud ona verilən aşırı səlahiyyətdən sui-istifadə edərək mətbuat konfranslarında iştirak etməsi qeyri-peşəkarlıq, səhv addımdı. Yuxarıdakı fotoda Məmmədovun lap arxada (fotonun sağ küncündə. linkdə daha aydın baxa bilərsiz: (http://affa.az/index.php?r=1&id=9074⟨=az) oturduğunu görürsüz... Nədən çəkinir AFFA rəsmisi? Və ya nəyə "nəzarət" edir? Normalda baş katib mətbuat konfransında olmamalıdı. Məmmədovun həmin otaqda nə işi var? Hələ onun bütün səfər oyunlarında mətbuat konfransına "müdaxilə etdiyini" də deyirlər. Daha bu qədər də yox.

Bu da qəti cəzalandırılası bir hərəkətdi, ancaq hanı, yazıldı, getdi - əminik. Ona görə yuxarıda "sizif əməyi" ilə məşğul olduğumuzu yazdım.

Hələ bu cür anormallıqları aradan qaldırmalıyıq ki, "yerli məşqi-əcnəbi məşqçi" davasına qalxaq; bu gün isə media bunu dartışır. Yerli gəldisə, Elxan Məmmədovun bu davranışları, Rövnəq Abdullayevin problemləri həlini tapacaqmı? Gələn yerli də "yuxarının" havasına oynamayacaqmı?

Ona görə də, əvvəlcə detallara varaq, sonra "cihazın" özünü müzakirə edərik. Gələcəyin əsas yığması olacaq bu günün U-21-i Rusiya komandasına 8:0 uduzursa, gələcək necə görünür?

Sovet təfəkkürlü yanaşmamıza yaxşı bir "perestroyka" lazım...

Xəndan ƏLİZADƏ

Yazarın bütün yazıları

oxunma sayı: 766 | Paylaş:




?>