')

Bu gün:


FutbolPress.Az | Futbolu Dədə Qorqud yaradıb...

Futbolu Dədə Qorqud yaradıb...


oxunma sayı: 1763 Paylaş:

FutbolPress
qismet1986@gmail.com

"Dədə Qorqud"un Azərbaycan futboluna

mini-dekonstruksiyası

Biri var idi, biri yox... Mən də belə başlayım görəsən? Başqa cür niyə başlamaq olmur ee..? Nəysə... hər yanı gülşən, gülüstan, məkani-cənnət, dövləti-rüşvət, axmaği-millət, manati-şəhvətlər ölkəsi Azərbaycanda Dədə Qorqud adında nurani bir qoca varmış. Bu kişinin saçları anadan gəlmə, uzun, sir-sifəti saqqalın, tükün içində, əynində kəfənin ibtidai forması olan ağ bir əba, əlində isə qopuz olarmış. Bütün günü türkün məsəli, bu qopuzu çalıb camaata ad qoyarmış (Arxeoloqların fikrincə, mp3 sözünü də ilk dəfə o tapıb).

Bir gün onun yaşadığı mahalda dünyaya bir uşaq gəlir. Tez bir taksi tutub, uşağı da götürüb Dədə Qorqudun yanına gəlirlər. Çünki uşağa ad qoymaq lazım idi. Nağıl dili- yüyürək olar, deyirlər. Saatlar günləri, günlər həftələri, həftələr ayları, aylar illəri, illər əsrləri, əsrlər qərinələri, qərinələr Qənirələri qovalayır. Dədə Qorqud isə elə heyyy düşünür ki, bu uşağa nə orijinal ad tapsın. Axırda qışqırır ki, ay camaat evrika,evrika! Camaat bir-birinin üzünə baxır ki, evrika nədir? Dədə deyir ki, ay Allah, gör mən kimlərlə yaşayıram, bu bədbaxtlar bilmirlər heç evrika nədir...

Nə isə, Dədə əhvali-şərifi böylə görüncə, bu əqdəm qərar qılır ki, evrika sözünü bunlara başa sala bilməyəcək və ona görə düşünür ki, birbaşa mətləbə keçim. Dədə əfkari-ümumiyyəni başına cəm edib belə deyir: Ay camaat, gecə yatdım və çox qəribə röya gördüm. Bu dəm kimsə yerdən Dədəyə prikol tullayır: O qəribə röyanın əri "Çudo Peçka"nın böyüyünün oğlu deyildi ki? Hamı gülüşür. Dədə deyir: bəsdir, sakit olun! Röyada gördüm ki, çayxanada oturub, "stavka" yazıram. Çayxanadakı ən yaxın dostum olan Zəkiylə söhbətləşirəm. Zəki də mənə Azərbaycan futbolundan danışır. Deyir ki, bir oyunçu çıxıb, adı Qazandı, dəhşət oynayır. O gün Azərbaycan Braziliya ilə oynayanda 4 qol vurdu. Finala çıxdıq. Xəbərin yoxdur? Mən də yuxuda dedim ki, yox xəbərim yoxdur. Çoxdandır baxa bilmirəm. Evi "remont" eləyirdim.
Camaat dedi: Ay Dədə, sənin bu röyanın bizim uşağın adına nə dəxli var? Dədə aramla və ağ saqqalına tumar çəkə-çəkə müdrikanə dilləndi: Dəxli var! Bu yuxu bir işarədir. Uşağın adını Qazan qoymaq lazımdır! O, gələcəkdə böyük futbolçu olacaq! Adını Qazan qoyuram ki, hər oyunu qazansın! Camaat yüksək səslə Dədəni alqışladı və uşağı sevinə-sevinə əzizləməyə başladı.

Dədə Qazana ad qoyandan sonra illər yel qanadında ötdü və Qazan böyüməyə başladı. O, lap Siyəzən toyuğu, Sabirabad qarpızı və Lənkəran limonu kimi tez böyüyürdü, şişirdi, "kaçoklaşırdı".
Bir gün Dədə Qorqud məhlədə kiməsə əsəbləşdi və əsəbini yerdə, düz ayağının altındakı konserv qutusundan çıxaraq, qutuya bir təpik vurdu. Qutu Dədənin möhtəşəm zərbəsindən təkan alaraq uça-uça hələ yaşı 16 olmamış Qazana tərəf uçmağa başladı. Qazan göydən gələn bu təhlükənin qarşısında sinəsini qabağa verdi. Qutunu sinəsiylə saxlayıb ayağıyla tənzimlədi. Sonra başladı qutunu çiləməyə. Beləcə Oğuz eli futbolu kəşf etmiş oldu...
Zaman keçdi və artıq futbolun qaydaları, qanunları hazırlandı. İlk məhəllələrarası futbol turniri keçirmək qərarına gəldilər. Sözü həmişə ucalardan-uca olan, hakimi-mütləq Dədə Qorqudu da hakim seçdilər. Dədə Qorqud imtina elədi.

Dedi: "Mən "trener" olmaq istəyirəm! Hakimlikdə pul yoxdu! Odey, Babək Quliyev də bal satır..."

Razılaşdılar. Qərara alındı ki, ilk rəsmi oyun oğuzların stadionunda yəni "Çənli Bell"də keçirilsin. İlk oyun Oğuz eliylə qıpçaqların arasında olmalıydı. Qazan bu oyunda oynamaq istəyirdi, amma yaşı çatmırdı. Oğuz elini dərd götürmüşdü. Bilmirdilər nə etsinlər. Hamısı pəjmürdə, ovqatları təlx, pərişan-pərişan susmuşdular. Birdən "kak vseqda" Dədə Qorqud qışqırdı: "Evrika, evrika!!!" Kimsə, yerdən yenə "prikol" tulladı: "Yox bir, Anjelika"...

Dədə dedi: "Mənim "pasportstol" bir dostum var, gedim onunla danışım, bəlkə yaşını böyük yazdırıb Qazanı oyuna saldıra bildik". Hamı sevindi.
Dədə "görüm-baxım" eləyib məsələni həll etdi. Zaman "Luna park" karuselləri sürətiylə fırlandı və oyun günü yetişdi. İndi də başqa bir problem çıxmışdı. Qazanın qazan boyda ayağına "butsi" tapılmırdı. Dədə fikirli-fikirli "Kent-4" çəkib, dodaqaltı mızıldanırdı: "Əşşi bizi bəddik basıb e... Bəlkə cadu eləyiblər, qurd yağı yaxıblar, ölü torpağı töküblər meydançaya..? O gün də "razdivalkadan" köhnəlmiş qıfıl və bir dənə də yumurta tapmışdım..."
Birdən qəribə bir möcüzə baş verdi. Dədə xəbər verdilər ki, bəs, adını açıqlamaq istəməyən bir biznesmen Qazana sponsorluq edib, "butsi" alıb. Dədə sevinib dedi: "O biznesmen deyil e, "bizdesmendi!" Hamı şaqqanaq çəkib güldü...
Oyun başladı. Oyun başlayan kimi, Qıpçaqlar qızmış kəl kimi cumdular Oğuzların üstünə. Oğuzlar şokdan ayılanda gördülər ki, dəqiqə bir və hesab bir sıfırdı. Top tora hardan daxil olmuşdu, necə daxil olmuşdu bunu heç sonradan "Zapis"də də görə bilmədilər...

Tamaşaçılar qıraqdan qışqırırdılar ki, "İstefa! İstefa!". Oğuz komandası "lomkadaydı".

Oyuna mərkəzdən başladılar. Qazan topu müdafiyəyə tərəf ötürdü. Müdafiəçi topu ayağının altından qaçırdı. Top qapıçıya tərəf istiqamətləndi. Qapıçı bu anda dönər yeyə-yeyə sevgilisinə SMS yazırdı. ...Hesab 3-cü dəqiqədə artıq iki sıfır idi.

Qapıçı hönkür-hönkür ağlamağa başladı. "Allah mənim başıma daş salsın, gərək ayıq olaydım..."

Oyunçular onu təsəlli etməyə yığışıb dedilər ki, "Allah sənin başına daş salmadı, amma qapına top saldı..." Bir başqası dedi: " Ağlama qadan alım, məni də ağlamaq tutur". O biri də dilləndi: "Evim-eşiyim, taxta beşiyim, qara pişiyim sənə qurban, ağlama..."

Qapıçı zırıldaya-zırıldaya dilləndi: " Məni çevirin balalarınızın başına, vallah, üç öpüb bir dişləyib sevişdiyim sevgilimə İsmail YK-nın "Bir numara bu kız, bir numara" mahnısını göndərirdim. Fikrim yayındı. Bir də belə olmaz"

Oğuz komandası təzədən mərkəzdən başlamağa getdi. Artıq onların canındakı mərkəzəqaçma qüvvəsi qorxudan çevrilib mərkəzdənqaçma qüvvəsi olmuşdu.

Başladılar.
Qazanın ayağına top hələ dəyməmiş birdən yadına uşaqlığındakı o məşhur konserv qutusuyla bağlı fraqment gəldi. Gözləri doldu. Əsəbləşdi.

Ürəyində: "Gözləyin, Qazan gəlir, tarixi yazan gəlir. Minəcəm sizi!"-dedi. Haray çəkib topu komanda yoldaşından aldı, cumdu irəli. Bir rəqibini aldatdı, ardınca ikinci, daha sonra üçüncünü ötdü, sonra dörd, sonra beş, altı, yeddi, səkkiz, doqquz, on- qapıçıya çatdı. Qapıçı şokdaydı. Qazan qüvvətli zərbə vurub topu tora saldı.

Sevinə-sevinə komanda yoldaşlarına tərəf cumdu. Yoldaşları şokdan donmuşdular. Bu necə ola bilərdi?! Bu ki əməlli başlı möcüzəydi...

Qazan baxdı ki hamı susub. Bütün tamaşaçılar da donub qalmışdılar.
Birdən, Oğuz komandasının qapıçısı yenə ağlamağa başladı. Bu dəfə oyunçular da ona qoşulub ağlaşdılar. Qazan da kövrəldi: "Ə, ağlamayın da, Allah istəyəndə hər şey olur da"- dedi.
Komanda yoldaşlarından biri dedi ki, "Qazan, sən neylədin?! Mən belə şey görməmişəm!"
Qazan dedi: "Niyə ?"
- "Ay lom, çünki öz qapımıza vurmusan..."

P.S. Bu yazı həmkarım Elçinin "Top yiyəsini tanımır" köşəsinə həsr olunur: Doğrudan da Azarbaycanda insanların güzəranı "top yiyəsini tanımır" şəklindədi... Yazımın sonunda Qazanın qapıları səhv saldığı kimi, insanlarımız da səfalət içində boğulur- açılacaq qapıları səhv salıblar.

Yazarın bütün yazıları

oxunma sayı: 1763 | Paylaş:




?>