VENGER QAPIÇI PROBLEMİNİ HƏLL ETDİ
Paylaş:
"Arsenal"ın baş məşqçisi Arsen Venger qapıçı problemini həll edib. "Topçular"ın 2 polşalı qapıçısı - Voytsex Şensna və Lukas Fabianski zədə səbəbindən heyətdən kənarda qalandan sonra London klubu yalnız ispaniyalı Manuel Almuniyanın ümidinə qalmışdı. Vəziyyətin belə olduğunu görən Venger Almaniya yığma komandası və "Arsenal"ın sabiq qapıçısı Yens Lemanndan kömək istəyib. Ötən yay karyarısını bitirən 42 yaşlı qolkiper də bunu müsbət dəyərləndirib və londonlularla yarım illik müqavilə bağlayıb. Lemann 2003-08-ci illərdə "Arsenal"da oynayıb. Bundan sonra vətənə dönən qapıçı "Ştutqart"da 2 il çıxış etdikdən sonra karyerasını bitirib. O, həmçinin Almaniyanın "Borussiya" (Dortmund) və "Şalke", İtaliyanın "Milan" klublarında da qapını qoruyub.
| Paylaş: