QURBANOV QƏLƏBƏDƏN, SXADADZE DUBAYDAN DANIŞDI
Paylaş:
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən Premyer Liqanın final mərhələsinin "İnter"lə səfər oyunu haqda fikirlərini açıqlayıb. Ağdam klubunun çalışdırıcısı komandasının 0:2 hesabı ilə qələbəsi barədə bunları deyib: "İlk altılığın oyunu idi. Buna görə çətin olacağını bilirdik. Bizə vacib olan 3 xal üçün futbolçular lazımi şəkildə oynadılar. Bu da "Qarabağ"ın bütün meydan boyu oyuna diktə etməsindən irəli gəlirdi. İlk oyunda qələbə qazanmağımız bizi nisbətən rahatladaraq növbəti oyunlara böyük stimul verdi. "İnter" Premyer Liqada fərqli oyun üslubuna malik komandadı. Belə çətin rəqiblə 3 xal qazandığımıza görə çox şadam. "İnter"ə növbəti oyunlarda uğurlar arzulayıram." "İnter"in baş məşqçisi Kaxaber Sxadadze isə məğlub olmalarının belə izah edib: "Bərabər səviyyəli oyun getdi. Lakin "Qarabağ" ikinci hissədə üstünlüyü ələ aldı və qələbə qazandı. Təəssüf ki, bizim oyunumuz alınmadı. Rövşən Əmiraslanovun oynamamasına gəlincə isə futbolçu xəstələnmişdi və yaxın günlərdə yenidən komandanın düşərgəsinə qayıdacaq. O ki qaldı "İnter"in Quzanlıda oynamaq istəməməsi ilə bağlı məsələyə, əgər rəhbərlik razılıq verərsə, "Qarabağ"la lap Dubayda da oynayarıq".
| Paylaş: