')

Bu gün:


FutbolPress.Az | 60 YAŞ NƏDİR HƏLƏ?! (MÜSAHİBƏ)

60 YAŞ NƏDİR HƏLƏ?! (MÜSAHİBƏ)


oxunma sayı: 694 Paylaş:

"Hənifəzadə": "Məndə heç vaxt yazıçılıq iddiası olmayıb"

Ömrü və gövdəsi elə də böyük olmayan idman jurnalistikamızın İZ yazan imzalarından biri də Şakir Yaqubovdu. Ş.Yaqubov və Ş.Hənifəzadə imzaları 10 il bundan o tərəfin qəzetlərində yazılarıyla göz çəkib. Dünən Şakir müəllim 60 yaşını qeyd edib.

Tanıtma

Şakir Hənifə oğlu Yaqubov. 1951-ci il fevralın 25-də Astara rayonunun Balaca Şahağacı kəndində dünyaya gəlib. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini, Jurnalist Sənətkarlığı İnstitutunu, Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini bitirib. 1974-2000-ci illər aralığında "Azərbaycan gəncləri", "Kommunist", "Həyat", "Sirdaş", "Səhər", "AFFA nyus" və "Panorama" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Son 10 ildə Auditorlar Palatasının şöbə müdiri, "İqtisadiyyat və audit" jurnalının məsul redaktoru olub. Hazırda işsizdi. "Mən şahidəm ki...", "Qətiyyətin təntənəsi", "Hakim mərkəzi göstərər", "Bizim səfər haçandı?!", "Banişevski olduğu kimi", "Taleyimdən keçənlər" kitablarının müəllifi, "On ikinci şeyxülislam" kitabının həmmüəllifidi.

- Şakir müəllim, yəqin ki, indi siz yubiley qayğılarıyla məşğulsuz...
- Yox-yox, yalnız müalicəmlə məşğulam. Yataqda uzanmışam. Əvvəlcə əməliyyat olundum, ötən ilin sonunda da infarkt keçirdim. Ona görə də həkimlər çox gəzməyi məsləhət görmür. Çarəni onda görürəm ki, evdə uzanım, evin içində gəzişim, nə bilim qəzet oxuyum, televizora baxım, kompüterlə məşğul olum.

- Əsas odu ki, jurnalistikadan uzaq deyilsiz.
- Yox, tam kənardayam.

- Qəzet oxuyursuzsa, televizora baxırsızsa, deməli, hadisələrin içindəsiz.
- Bu mənada bəli, hadisələrin içindəyəm, bizim jurnalistikada başverənlərdən xəbərdaram.

- Şakir müəllim, bildiyimə görə, iki mətbu imzanız olub: Hənifəzadə və Yaqubov.
- Ümumiyyətlə, mən adımı qapalı yazırdım: Ş.Hənifəzadə və ya Ş.Yaqubov. Məndə belə xüsusi şəkildə tanınmaq həvəsi olmayıb. Görünür, bu, klassik rus, daha doğrusu, sovet jurnalistikasına bağlılıqdan irəli gəlir. O jurnalistikada da çox nadir hallarda hansısa müəllifin adı, imzası açıq şəkildə gedib.

- Demək istəyirəm ki, bu imzalardan birindən o birinə keçid nə ilə bağlı olub? Bu imzalar ikisi də sizin üçün eyni dərəcədə əzizdi?
- 1979-cu ildə SSRİ Jurnalistlər İttifaqının üzvlüyünə qəbul olunanda anket doldururdum. Orda ad, ata adı, soyadla yanaşı, ədəbi təxəllüsü də göstərməliydin. Hənifə atamın adıdı deyə, ədəbi təxəllüs kimi "Hənifəzadə" yazdım. Həcm etibarı ilə nisbətən kiçik yazıları "Hənifəzadə" imzasıyla verirdim. Qəzetçilikdə bəzən belə məqamlar da olur. Hansısa informasiyanı dərc etdirərkən ürəyindən kimliyini bildirməmək hissi keçir. O halda deyək ki, mən "Ş.Hənifəzadə" imzasına müraciət edirdim. Amma "Ş.Yaqubov" imzasını müəyyən müddət izləyən adam dərhal bilirdi ki, müəllif kimdi.

- Heç şübhəsiz, adamı jurnalistika gəlməyə məcbur edən hansısa hisslər, duyğular, səbəblər olur. Sizin gəlişinizin tarixçəsi necədi? Nədən fikirləşdiz ki, mən özümü jurnalistikada daha yaxşı ifadə edə bilərəm?
- Açığı, mən bu haqda fikirləşməmişəm. Amma tarixçəni desəm, yəqin ki, aydın olar. Respublika mətbuatında ilk yazım 1960-cı ildə çıxıb ki, o vaxt 4-cü sinifdə oxuyurdum. 1964-cü ildə - 8-ci sinifdə oxuyanda isə "Sovet Astarası" qəzetinin ştatdankənar müxbiriydim. Gəlişimin motivlərini deyə bilmərəm. Amma çox əvvəldən meylimi jurnalistikaya salmışam. Ali məktəbə daxil olanda isə jurnalistikaya yox, kitabxanaçılıq fakültəsinə imtahan verdim. 16 yaşlı uşaq sənədlərin qəbulunun bitməsinə iki gün qalmış gəlib yaxınlaşıb və baxıb ki, hansı fakültəyə daha az sənəd verilib. Tutaq ki, kitabxanaçılıqda bir yerə 10 sənəd verilirdisə, jurnalistikada müsabiqə vəziyyəti ikiqat artıq olurdu. Artıq 1970-ci ildən universitetin "Lenin tərbiyəsi uğrunda" qəzeti ilə əməkdaşlıq edirdim, tələbəlik illərində ştatlı işçi olmuşam. 1972-ci ildə leytenant rütbəsi ilə əsgərliyə - Almaniyaya getdim. Əsgərliyi çəkib qayıdandan sonra - 1974-cü il avqustun 1-də məni "Azərbaycan gəncləri" qəzetində işə götürdülər.

- 1974-2000-ci illər aralığında fəal, ictimai-siyasi jurnalistikanın içində olubsuz. Sonra isə onilliyə yönü dəyişibsiz, "İqtisadiyyat və audit" jurnalının məsul redaktoru vəzifələrində çalışıbsız. Son onillikdə fəal jurnalistika üçün darıxmırdız ki?
- Həmin dövrdə yalnız 2000-2001-ci illərdə "525-ci qəzet"də bir silsilə aparırdım: "20-ci əsrin 50 ən yaxşı futbolçusu". Bir də sizin qəzetdə yığmanın yarandığı dövrdən 2000-ci ilə qədər olan fəaliyyətinə aid "Yığma komanda: tarix belə yazılır" silsiləsi. Ara-sıra xatirə yazıları da olub. Faktiki dediyiniz jurnalın yeganə yaradıcı işçisi mən idim. Orda dərc olunan elmi məqalələrin çapı, redaktəsi ilə bağlı hədsiz əziyyət çəkirdim. Bu yaşda iqtisadiyyatı, auditi də az qala peşəkar səviyyəsində öyrəndim.

- Bu fikri qəbul edib-etməyəcəyinizi bilmirəm, amma yaradıcılığınızı az-çox izləyən adam kimi qənaətimi bölüşmək istəyirəm. Mənə elə gəlir ki, siz yazıçılıqla, publisistika ilə jurnalistika arasında daim var-gəl etmisiz.
- Deyim ki, məndə heç vaxt yazıçılıq iddiası olmayıb. Təxminən 10-15 gün öncə hörmətli həmkarım Etibar Cəbrayıloğlu ilə söhbət edirdik. O da həmin söhbətdə bu fikri işlətdi. Tanıdığı bir jurnalistin adından söylədi ki, Şakir Yaqubovun futbol mövzusunda yazıları publisistika ilə qarışıb, mayasında daha çox publisistika dayanır. Mən də bu fikirlə müəyyən mənada razılaşdım. Bəli, 10-15 il əvvəl yazdığım həmin yazılar təkcə o dövr üçün deyil, özümdən asılı olmayaraq onlarda publisistik məqamlar da üstünlük təşkil edib. Fikirləşirəm ki, indiki qəzetlər də təkcə konkret günlə yaşamamalıdı, təhlilə, analitikaya üstünlük verməlidi. Uzağa getməyək. Sizin qəzetdə sənin imzanla gedən əksər yazılara baxanda fikirləşirəm ki, dəxli yoxdu bu yazı 2000-ci ildə yazılıb, yoxsa 2011-də. Məsələn, "Birlik kuboku"na gedibsən, yazıda həmin anda - yanvarın 15-də olan fakt da var, amma eyni zamanda o faktdan doğan, təkcə həmin günlük olmayan, uzunmüddətli, qalıcı düşüncələr, mülahizələr də.

- "Banişevski olduğu kimi" kitabını futbol publisistikanızın zirvəsi sayıram. Bu fikirlə razısızmı?
- Bəli, tam razıyam. Dünən "Azadlıq" radiosundan xanım zəng etmişdi. Ona da bu sözü dedim. Dünən bu adamın 65 yaşı tamam oldu. Bilirsən ki, mən peşəkar idman jurnalisti deyiləm. Uzun müddət - 13 il "Azərbaycan gəncləri" qəzetində təbliğat şöbəsinin müdiri işləmişəm. O əsnada futboldan həvəskar kimi yazırdım. Sovet dövründə bu məsələdə hədsiz qısqanclıq vardı. Deyək ki, mən təbliğat şöbəsinin müdiriyəmsə, idman şöbəsinin əməkdaşının bizim kurasiyamızda olan mövzuda yazmağa heç cür ixtiyarı yox idi. Mənə güzəşt edirdilər, futbol mövzusunda yazırdım. Həmin şöbənin əməkdaşları da, ifadəyə görə üzr istəyirəm, qəbul edirdi ki, Şakir Yaqubov bu mövzunu daha peşəkarcasına yazır. Sözümü ona gətirirəm ki, mənə qədər Banişevski haqda bir kitab yazılmamışdı. 2002-ci ildə o kitabı yazanda - yeri gəlmişkən, sən də çox sağ ol ki, xeyli müddət qəzetdə reklam etdin - Azərbaycan futbolu, o cümlədən "Neftçi"nin tarixi ilə bağlı olan faktları, məqamları bir mənbədə cəmləmişəm. Qoy bu olsun, amma niyə Banişevski haqda başqa kitablar da yazılmasın?! Təbii ki, həmin kitablarda onun həyatının başqa məqamları da yazıla bilərdi. Dünən axşam televizorda eşidirəm ki, "Banişevski ən azı 50 metrdən Braziliya yığmasının qapısına top vurmasıyla məşhurdu". Belə şey olmayıb axı. Qətiyyən olmayıb! Mən onu kitabda dəqiqliyi ilə təsvir etmişəm.

- Üstəlik, "Sovetskiy sport"un 22 fevral sayında Vladimir Ponomaryov da qolun təxminən cərimə meydançasının xətti üzərindən vurulduğunu bildirib.
- İndi də qapıçılar belə səhv edir. Amma oyunçunun ustalığı onda bilinmir e. Həmin Banişevskinin ustalığı... 1967-ci ildə baş verən bir hadisə indi də gözümün qabağındadı. Banişevski topu meydanın mərkəzində götürdü, təkbaşına reyd etdi və topu Yaşinin qapısından keçirdi. "Neftçi" Moskva "Dinamo"sunu 1:0 məğlub etdi. O vaxtdan bu yana ən azı 500 oyun izləmişəm. Amma bu məqam yadımdan çıxmır ki çıxmır. Banişevskinin ustalığı, qeyri-adiliyi bunda idi.

- Həmin kitabda Banişevski haqda bütün istədiklərinizi, ürəyinizdən keçənləri yaza bildizmi?
- Bütün hallarda hər hansı mövzunu ürəyin istəyən kimi, yüzdəyüz işləmək üçün vaxt sərbəstliyin olmalıdı. Amma mən bu kitabı iş başında, işləyə-işləyə yazmışam. Adi bir məqam deyim. Banişevskinin "Neftçi"nin heyətində neçənci dəqiqədə debüt etdiyini mən tapa bilməmişdim. Sonradan sən mənə zəng edib tapdığını dedin. Gərək mənim o imkanım, vaxtım olaydı ki, gedib arxiv sənədlərinə baxaydım. Amma ümumilikdə Banişevski, onun ziddiyyətli həyatı haqda nə demək mümkündüsə, imkanım daxilində demişəm və fikirləşirəm ki, vicdanıma da xəyanət eləməmişəm.

- Azarkeşlik stajınız 1964-cü ildən hesablanır. Bu gün yığmanın, klubların, futbolumuzun durumunu görürsüz. Ürəyinizin dərinliklərində razısız, yoxsa narazı?
- Qəti şəkildə narazıyam. Banişevskinin futbolda qazandığı mükafatları inanmıram ki, yaxın 20-30 il ərzində hansısa azərbaycanlı futbolçu təkrarlasın. Həmin adam ölkədən kənarda legioner həyatı yaşamalı, Azərbaycan vətəndaşlığını Türkiyə və ya Rusiya vətəndaşlığına dəyişib həmin ölkələrin yığma komandalarının heyətində dünya çempionatında da çıxış edib deyək ki, bürünc və ya gümüş medal almalıdı. Mən belə perspektivə inanmıram və eyni zamanda təəssüf edirəm. Çünki Azərbaycan futbolunun müstəqillik dövrünün təxminən 2000-ci ilə qədər olan zaman kəsiyi az-çox sənin də gözünün qabağındadı. Yunis Hüseynov demişkən, "peraşki" yeyib məşqə çıxan uşaqlar beynəlxalq aləmdə - həm avrokuboklarda, həm də yığma səviyyəsində belə deyim də, heç olmasa, 0,1 faiz nəticə göstərirdilər. Futbola sözün əsl mənasında dövlət qayğısı və iş adamlarının pullu qayğısı olan son 10 ildə niyə futbol yoxdu - mən buna hədsiz dərəcədə təəssüflənirəm. Bunun bir səbəbini də onda görürəm ki, Berti Foqtsdan tutmuş 12-13 yaşlıların komandası ilə işləyən məşqçiyə qədər hamının vəziyyətdən çıxmaq üçün bir yolu var - nəticə yoxdusa, axtarıb bir Murad Hüseynov kimisini tapıb gətirək. Hollandiyada bir uşaq tapmışdılar, yarı türk, yarı kürd, yarı nə bilim nə. 90-cı illərdə rəhmətlik Aqil Paşayev Leonid Kalfanın ilinə 15 min dollar verirdi. Mən o vaxt deyirdim ki, həmin 15 min dolları üç yerə bölüb azərbaycanlı futbolçulara vermək lazımdı. Həmin yerli futbolçular ola bilməz ki, bu qədər insafsız olsun, 5 min pul alsın, qəlbində özünü göstərmək hissi oyanmasın. İndi də tək-tük uşaqlar meydana çıxır. Xeyli vaxt idi "Muğan"da Elnur Abdullayevə fikir verirdim. Bu adam ən azı meydanda dayanmadan işləyir. Yaxud Rəşad Abdullayevi götürək. Bilmirəm, yadındadı, ya yox, 2000-ci ilin mayında mövsümün yekunu haqda kiçik qeydlərdə Rəşad Sadıqov haqda yazmışdım ki, bu dəqiqə xaricdə oynamağa layiq futbolçudu. Təəssüf ki, verdiyim avansı tam doğrultmadı. Baxmayaraq ki, bu gün də xaricdə yüksək səviyyədə oynaya biləsi yeganə futbolçumuzdu.

- Gözlədiyiniz adamların hamısından təbrik aldızmı? Yoxsa hələ də kimdənsə təbrik gözləyirsiz?

- Bəlkə də kimlərsə təbrik eləmək fikrinə düşüb, amma mənim əl telefonum son üç gündə işləməyib. Şair-publisist qardaşım Tofiq Abdin məni birinci təbrik edib. Ona hədsiz dərəcədə minnətdaram. Bir də Vaqif Sadıqovdan təbrik gözləyirəm. O da yəqin sabah zəng edər, 60 yaşım sabah tamam olur...

"Futbol+"


oxunma sayı: 694 | Paylaş:




?>