Komanda şəklində uduzmaq
Paylaş:
Pullanıb, şellənib qudurmağımız
Futboldan soyutdu bizləri birbaş.
Bizim hər sahədə uduzmağımız,
Zənnimcə, futboldan başladı qardaş...
Yedik dərd kababı, göz yaşı supu
Ağladıq hər həftə ümid yasında...
Əsgəri səngərdi itirdi topu,
Milli futbolçusu meydançasında.
Əyildik, ağladıq, "yaşıllaşdı" cib
Adamlar hər şeyi tam unutdular.
Cəbhədə erməni, meydanda rəqib-
Bizim qapımızı topa tutdular.
Biz ki oynamamış almışıq zədə,
Qorxudan titrəyib ürəklərimiz.
Bu futbol adlanan müharibədə,
On bir qapıçıyla uduzmuşuq biz.
Mən ölüm, biz hara, oynamaq hara,
Oynamaq olar e, barlarda gecə...
Offsaydda qocalan hücumçulara,
Əlil təqaüdü düşür də məncə.
Erməni götürdü "Sarı gəlin"i,
"Bizimdir"- qışqırdı bir-iki nəfər.
Millətim qarnına soxdu dilini,
Danışsa, qırmızı kart ala bilər...
Meydanın içində futbolçu itib,
Demə, bazardakı onun səsidir.
Mərkəzə qaçmışıq top hara gedib ?
Baxmışıq sən demə künc zərbəsidir.
Milyonlar qazanır Ronaldo, Runi
Biz isə qısılıb qalmışıq küncə.
Torpağı almayıb bircə erməni,
Transfer vaxtında satmışıq məncə.
Qol qardaş, çox çəkdi sənin həsrətin,
Biz çəkə bilmirik daha həsrəti.
Başı daşdan-daşa dəydi millətin,
Topu dirəyə də dəymədi qəti.
Məni burda qoyma, tez götür məni
Dənizdi gözlərim gəmi gözləyir...
Bizdə futbolçular bir ötürməni,
Marşrut gözləyən kimi gözləyir.
Qoşulub Bakının küləklərinə,
Bir qız sevmişik ki, bərabər olaq.
Qızın anasına, istəklərinə-
Bir sıfır uduza bilmişik ancaq.
Bu yəqin səndə də olub, məndə də
Əttökən-əttökən qız eləyib naz.
Əllərini tutmaq istəyəndə də,
Qışqırıb: əl ilə oynamaq olmaz!
Nəsə, düzəlməyib qəti aranız,
Qız sənə milli bank gözüylə baxıb.
O qədər realist olub ki bu qız,
Xoş sözlər hamısı auta çıxıb...
O qız nişanlanar pullu bir daza,
Ah-nalə edərsən iş qəti olar.
"Vağzalı" çalınar bir gün o qıza,
Səninçün oyunun son fiti olar
| Paylaş: