')

Bu gün:


FutbolPress.Az | "PEŞƏKARLAR" (II FƏSİLl)

"PEŞƏKARLAR" (II FƏSİLl)


oxunma sayı: 2313 Paylaş:

Futbol nə vaxt və necə yarandı?

(I hissə)

- Lap qədim zamanlarda futbolun növləri.
- XIX əsrin əvvəllərində "vəhşi" futbolun populyarlığının artması.
- Ayaqla, yoxsa əllə oyun?
- Futbol oyunu tarixində müəllim Trinqin ilk qaydaları.

Futbolu haqlı olaraq dünyada ən sevimli oyun adlandırırlar. Bu oyunun anlaşıqlı olması, qaydalarının dəqiqliyi və sadəliyi buna imkan yaradır.
Harada olursunuz olun: ABŞ-da, Çində, Avstraliyada, İngiltərədə, yaxud İspaniyada, siz hökmən futbolla qarşılaşacaqsınız. Bu oyunun cazibə qüvvəsi ümumbəşəridir. Futbol sərhəd tanımır, bəzi ölkələrdə isə o, hətta cinsi ayrıseçkiliyi də qəbul etmir - axı qadınlar heç də hər yerdə yalnız futbola baxmaqla kifayətlənmirlər, bir çoxları həm də bu oyunu oynayır və bəzən diqqətəlayiq keyfiyyətləri ilə fərqlənirlər.
Futbol çempionatlarının kulminasiyası dörd ildən bir keçirilən dünya çempionatı, yaxud FİFA Kuboku uğrunda yarışlardır. Çempionatın final oyunlarında yüz minlərlə futbol həvəskarı iştirak edir, milyonlarla adam onlara televiziya ilə baxır.
Futbolun misilsiz populyarlığı xeyli problemlər doğurmuşdur ki, bunların ən ciddisi bu oyunun kommersiyalaşması hesab olunur. Bəzi ölkələrdə saysız-hesabsız alverçilər, agentlər, antreprenerlər meydana gəlmişdir. Belələrinə sərbəstlik verilsə, bunlar futbolu idmanla heç bir ümumi əlaqəsi olmayan gəlir mənbəyinə çevirməyə hazırdılar. Lakin bu haqda bir qədər sonra. Əvvəlcə, tarixə nəzər salaq.
Bizə məlum olan mütəşəkkil futbol insanın öz ayaqlarıyla nə isə oynatmaq kimi təbii və instinktiv arzusundan doğmuşdur. Qədim zamanlarda hətta öldürülmüş düşmən başı bu cür əşyalardan hesab edilirdi. Sonralar öküz qursağından və heyvan dərilərindən düzəldilən və müasir topu xatırladan bir şeydən istifadə etməyə başladılar. O dövrlərdə bu oyunun heç bir qaydası yox idi və hər şeyə icazə verilirdi. Keçən əsrdə bir neçə ingilis entuziastı oyunun qaydalarını işləyib hazırlayır ki, bunlar tezliklə futbol meydançasının ölçüsü, oyunçuların geyimi, hakimlik qaydaları ilə birgə qəbul olunub adətə çevrilir və geniş şəkildə yayılır. Lakin futbolun vətəni İngiltərə sayılsa da, tarixdən bilirik ki, hələ 2 min il bundan əvvəl bir çox ölkələr "öz" futbollarını oynamışlar.
Eramızdan əvvəl 55-ci ildə Britaniyanı fəth edən Yuli Sezarın Roma legionerləri özləri ilə futbolun "xarpastum" adlı növünü gətirmişdilər. Lakin, Coffri Qrinin yazdığı "Futbolun tarixi"nə əsasən məlum olur ki, Çində futbolu hələ eramızdan əvvəl IV və III əsrlərdə oynamışlar və futbol Çində hərbi hazırlığın bir hissəsi hesab edilirmiş.
Xan sülaləsinin tarixində eramızdan əvvəl 206-cı ildən eramızın 25-ci ilinə qədər "çju-ke" (Çju - ayaqla vurmaq, ke - isə üfürülmüş dəri top deməkdir) oyunundan bəhs edən salnamələr var. İmperatorun ad günündə iki ən yaxşı komanda saray qarşısında "görüş" keçirərdi.
"Çju-ke" oyununu keçirmək üçün hərəsinin hündürlüyü 30 fut olan iki bambuk şüvülünün arasına ipək tor çəkərdilər. Torda diametri bir futdan azacıq böyük olan yarıq düzəldilirdi. Komandaların oyunçuları növbə ilə topu ayaqlarıyla bu yarıqdan keçirməyə çalışırdılar. Qalibləri çiçək dəstələri, meyvə, şərab, gümüş kuboklarla mükafatlandırırdılar. Ən bacarıqlı oyunçular "xidməti vəzifədə irəli çəkilirdi". Gözəl oyunçunun general olması faktı da məlumdu. Məğlub olan komandanın kapitanını adətən camaatın qarşısında çubuqla döyülmək cəzası gözləyirdi.
Çin, qədim zamanlarda futbola bənzər oyunun oynanıldığı yeganə ölkə deyildir. Məsələn, Yaponiyada ardıcıl olaraq 14 əsr "kemari" adlı oyun oynanılmışdır. Şimal-qərb küncündə ağcaqovaq, cənub-şərqində söyüd, şimal-şərqində albalı, cənub-qərbində isə ağcaqayın durmuş 14 kvadrat metrlik sahəsi olan meydançada səkkiz oyunçu xüsusi mərasimə riayət edərək topu bir-birinə ötürərdilər.
Orta əsrlərin "kalçio" oyunu İtaliyada indiyə qədər dəbdədir. Ənənə üzrə bu oyunu "pyatsa della sinyorina Florensiya" meydanında ildə iki dəfə - mayın ilk bazar günündə və iyunun 24-də oynayırlar. Komandalardan birinin adı "Byanki" (ağlar), digərininki "Rossi" (qırmızılar) olur. Bu münasibətlə meydan qumla örtülür. Komandada 27 oyunçu olur, onlardan 15-i hücumçu, qalanları isə meydanın eni boyu kənara düzülmüş qapını qoruyan oyunçulardır.
İngiltərədə bu oyunun mənşəyini bayram günlərində əsasən kənd yerlərində oynanılan "kənd futbolu"nda axtarmaq lazımdır. Pəhriz bayramının sonuncu günü London yaxınlığında keçirilən oyun çox tipik idi. Bəzi hallarda komandanın heyəti 500 nəfərə çatırdı. 18 yaşından az olmayaraq bütün kişilər oyuna buraxılırdı. Matç günorta saat 12-də başlayıb günəş batana qədər davam edirdi. Keçmiş zamanlarda oyun qurtarandan sonra futbol meydançası döyüş meydanını xatırladırdı. Topu, daha doğrusu öküz, yaxud donuz qursağını təpiklə vurur, əllə tullayır, onun uğrunda az qala yumruq davasına çıxırdılar. İngilislər isə azğınlıqları ilə xariciləri mat qoymuşdular. İlk dəfə İngiltərədə bu oyunu görən bir fransız yazırdı: "Əgər ingilislər bu çarpışmanı oyun adlandırırlarsa, bəs onda görən onların əsl dava-dalaşı necə olur?"
Lakin əksər hallarda 500 nəfərin iştirak etdiyi (Onlar təkcə oynamır, həm də köhnə incikliklərin əvəzini çıxırdılar) bu əyləncə xalqın xoşuna gəlsə də, hakimiyyət dairələrində ciddi narahatlıq doğururdu.

Ordunun əsasını təşkil edən oxatanların top qovmaq həvəsinin üstün gəldiyini görən kral II Eduard 1314-cü ildə Londonun küçələrində futbol oynamağı qadağan edən fərman verdi.
"İri top ardınca qaçışmaq oyunu London şəhərinin rahatlığını pozduğuna və Allahın xoşuna gəlməyən hadisələrə səbəb olduğuna görə bundan sonra şəhərin küçələrində bu cür oyunları oynamağın həbs cəzası ilə qadağan olunmasını əmr edirik".
1365-ci ildə aşağıdakı fərmanı vermiş kral III Eduard da onunla həmrəy idi:
"Londonun bütün şeriflərinə! Əmr edirəm, elan edəsiniz ki, bundan sonra bu şəhərin hər bir sağlam kişisi ox atmaqla məşğul olmalıdır, ayaqla, yaxud əllə top oyunları və digər lazımsız əyləncələr isə həbs olunmaq cəzası ilə qadağan olunsun".
Oxatanla bu əmrə tabe olmağa və öz məşqlərini davam etdirməyə məcbur idilər. Kral III Eduardın ölümündən sonra oyun yenidən dirçəldi, amma az müddətə. 1389-cu ildə kral II Riçard öz fərmanı ilə qadağanı bərpa etdi:
"Bütün qulluqçular və işçilər bayram və bazar günləri kamandan ox atmaqla məşğul olsunlar və topla oynamaq qəti qadağan olunsun".
Futbola kəskin etiraz edən ingilis yazıçısı Stabbz iki əsrdən sonra yazırdı: "Futbol paxıllıq, kin, düşmənçilik, qəzəb, qərəz, nifrət doğurur, dedi-qoduya, vuruşmaya, dava-dalaşa, ölümə və qan tökülməsinə səbəb olur".
Həmin dövrün başqa yazıçısı 1583-cü ildə yazırdı: "Futbol - əzilmiş burunlar, sındırılmış ayaqlar və əllər deməkdir".
Həm bu, həm də digər yazıçılar tüdorların hakimiyyəti dövründə (1485-1603) futbolun dözülməz məşğuliyyət olduğuna dəlalət edən çoxlu faktlar gətirirlər. Lakin nə kral fərmanları, nə polis qadağanları, nə yazıçıların futbola qarşı qəzəbli, ifşaedici yazıları elə bir təsiredici qüvvəyə malik olmurdu və bütün ölkədə həvəslə futbol və onun çoxsaylı növlərini oynamaqda davam edirdilər.
XIX əsrin əvvəllərində Reqbinin, Çarterhausun, Uniçesterin, İtonun və Xerrounun "istimai məktəblər"ində futbol gözlənilmədən populyarlıq qazandı. Yeri gəlmişkən, "ictimai məktəb" termini bizdə tamamilə yanlış dərk edilir və yalnız pis mənada işlədilir. Əslində isə bu, imtiyazlı xüsusi məktəblərdir. Həmin dövrlərdə oraya yalnız aristokratların və zadəganların uşaqlarını qəbul edirdilər. İngiltərə tədricən aqrar ölkədən sənayə ölkəyə çevrildiyi üçün sənayenin müxtəlif sahələrində dövlətlənən varlı burjua uşaqları da burada təhsil ala bilirdilər.
Bu məktəblərdə sərt intizama, fiziki hazırlığa, elmlərin və sənətlərin yaxşı öyrənilməsinə xüsusi əhəmiyyət verilirdi. Mütəşəkkil oyunlar bu məktəblərin tədris proqramlarının tərkib hissələrindən olurdu. Xüsusi məktəblərin hər birinin öz ənənələri vardı. Bu futbola da aid idi. Hər məktəb "öz" oyun qaydalarına riayət edirdi. O zamanlar futbol zabitlərin, əsgərlərin, tələbələrin, məktəblilərin sevimli məşğuliyyəti olmuşdu. Oyunun qaydaları olmadığına görə hər məktəb, yaxud hərbi hissə öz ürəyinə yatan futbolu oynayırdı. Təbii ki, bu, məktəblər və kolleclər arasında futbol matçları keçirməyə imkan vermirdi. Bəzi məktəblərdə futbolu başlıca olaraq ayaqla oynamağı üstün tuturdular, digələrində isə topu həm də əllə oyuna daxil etmək və ötürmək qəbahət sayılmırdı.
1823-cü ildə Reqbi xüsusi məktəbində baş verən epizod oyunun gələcək inkişafı üçün gözlənilməz oldu. Tələbə Uilyam Ellis futbol oyununun qaydasını pozduğuna görə öz həmkarları tərəfindən mühakimə olundu. Üzərində aşağıdakı sözlərlə Ellisin "cinayətkar hərəkəti" əbədiləşdirilmiş iri daş bu gün də məktəbin həyətində durur:
"Bu daş, futbol qaydalarının (O dövrdə mövcud olan qaydaların) ziddinə gedərək ilk dəfə topu əlinə götürüb rəqib qapısına hücum edən, bununla da "Reqbi" oyununun başlanğıcını qoyan Uilyam Uebb Ellisin şərəfinə qoyulmuşdur. 1832-ci il"
Başqa məktəblərdə də Ellisdən nümunə götürdülər və nəticədə oyunçular topu ayaqla vurmağa, əllə tutmağa və hətta topu aparan oyunçuya hücum etməyə başladılar. Vəziyyət tamam dolaşıq düşdü. İlk dəfə 1846-cı ildə Kembricdə vahid qayda yaratmaq cəhdi göstərildi, lakin əfsuslar olsun ki, qaydaların toplusu elə kağız üzərindəcə qaldı. Düzdür, qaydaların ilk tərtibçilərindən olan Trinq familiyalı bir nəfər vahid oyun qaydalarını yaratmağa və onu əməli surətdə həyata keçirməyə inadla cəhd edirdi. O zaman Appingem məktəbində müəllim işləyən Trinq 1862-ci ildə "Ən sadə oyun" adlı ilk qaydalar toplusunu nəşr etdi. Futbolda tam anarxiya və anlaşılmazlığın hökm sürdüyü 1862-ci ildə onun əsas qaydalarının və qanunlarının bu cür dəqiqliklə və aydın şəkildə yazılmasına yalnız heyran olmaq olar. Müəllim Trinqin qaydaları aşağıdakılardan ibrətdir:
1. Yalnız əllə atma halları istisna olmaqla, qapıya vurulan top o zaman qol sayılır ki, o qapı dirəklərinin arasından və qapı çatının altından keçsin.
Praktik olaraq bu qayda dəyişilməz qalıb.
2. Zərbə vurmağa hazırlaşan zaman topu öz qarşında əllə saxlamağa icazə verilir.
(Futbol assosiasiyasının mövcud olduğu ilk illərdə bu qayda qəbul olunmuşdu, lakin sonradan ondan imtina etdilər).
3. Ayaqla yalnız topa zərbə vurmağa icazə verilir.
(Rəqibə ayaqla zərbə endirmək indi də qadağandır).
4. Havada olan topa zərbə vurmağa icazə verilmir.
(Bu qayda futbol assosiasiyası tərəfindən qəbul olunmayıb, amma bir indi gözəl başa düşürük ki, Trinq təhlükəli oyundan və zədələnməkdən ehtiyat edirmiş).
5. Badalaq vurmaq, qıçdan dartmaq qadağandır.
6. Topu yan xətdən kənara çıxaran oyunçunun özü onu həmin yerdən oyuna daxil etməlidir.
7. Qapı xəttindən çıxan topu həmin qapını qoruyan komandanın oyunçularından biri qapı xəttinin üstündən ayaqla oyuna daxil etməlidir.
8. Zərbə zamanı rəqib komandanın oyunçusunun zərbəni icra edən oyunçudan altı addımdan yaxın məsafədə dayanması qadağandır.
(Bu məsafə indi 11 metrə bərabərdir).
9. Oyunçu topdan qabaqda olarsa "oyundan kənar" vəziyyətdədir. O, dərhal topdan arxadakı vəziyyəti tutmalıdır. Əgər komanda yoldaşı tərəfindən belə vəziyyətəd olan oyunçuya top ötürülürsə, rəqiblərdən və yaxud öz yoldaşlarından bir qaçıb topa çatana və ona zərbə vurana qədər həmin oyunçu topa toxuna bilməz, ona zərbə vura bilməz, irəli hərəkət edə bilməz.
(Bu, şəksiz ki, "oyundan kənar" vəziyyəti müəyyənləşdirən sərt qaydanın həyata keçirilməsinin ilk nümunəsidir).
10. "Oyundan kənar" vəziyyətdə olan oyunçunun rəqibə hücum etməsi qadağandır.
("Oyundan kənar" vəziyyətdə olan oyunçunun rəqibinə hücum etməsinin qadağan olunması indi qüvvədədir.).

Müəllim Trinq futbolun inkişafında bu cür rol oynamışdır. O, bu oyunu ilk dəfə mütəşəkkil idman çərçivəsinə salmağa çalışanlardan biri olmuşdur. Onun qaydalar məcəlləsi ingilislərin futbolu "mədəni" oyuna çevirmək üçün, qaydasız oyun zamanı istər-istəməz baş verə biləcək şikəstliyin, zədələrin və meydançadakı kobudluğun qarşısını almaq məqsədilə güzəştli qaydalar tapmağa cəhd etdiklərini göstərir.
Tədricən bu qaydaların bəziləri xüsusi məktəblərdə və universitetlərdə işlənib təkmilləşdirilirdi; doğrudur onları hərə öz bildiyi kimi yozurdu, amma hər halda komandaların heyətləri (ozaman çoxları 20 oyunçu fikrindən daşınmırdı), meydançanın ölçüsü, oyunun qaydaları barədə yekdil fikrə gəlməyə çalışırdılar.
O zaman futbol reqbinin və futbolun qarışığı olduğu üçün Trinqin təklifləri lazımi şəkildə dərk edilib inkişaf etmədi, lakin dünyada birinci futbol assosiasiyası yaradılarkən həyata keçirilən ilk rəsmi qaydalarda onun ideyalarından istifadə olundu.

Frenk Teylor "Peşəkarlar" (1985)
(c) "FutbolPress" //
materialdan istifadə olunarsa, istinad mütləqdi.


oxunma sayı: 2313 | Paylaş:




?>